Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Ekspert: Britaniya pandemiyadan çıxan ilk ölkə olacaq


London, Oksford Strit
London, Oksford Strit

Ötən həftəsonu ekspertlərdən biri Omikron variantını “mümkün ümid işartısı” adlandırmışdı

Tanınmış ekspertlərdən birinin dediyinə görə Britaniya koronavirus pandemiyasından çıxan ilk ölkə olacaq.

The Evening Standard yazır ki, yanvarın 11-də Britaniyada COVID-19-la bağlı 379 ölüm hadisəsi qeydə alınıb. Bu, ötən ilin fevralından bəri ən böyük gündəlik ölüm rəqəmidir.

Buna baxmayaraq ölkə boyunca yoluxmaların sayı azalır. Son bir sutkada Britaniyada 120 min 821 yoluxma qeydə alınıb.

Londondakı Gigiyena və Tropik Təbabət Məktəbinin professoru Deyvid Heymann deyib ki, Britaniyada artıq xəstəliyin endemik fazaya keçməsinin əlamətləri görünür.

Londondakı Chatham House araşdırma mərkəzinin videobrifinqində iştirak edən alim deyib ki, Britaniya, əhalisində ən yüksək immunitet səviyyəsi müşahidıə edilən bir neçə ölkədən biridir.

Professor Heymann deyib ki, COVID pandemiyası bütün dünya ölkələri virusu az-çox nəzarətə alanadək və o endemik fazaya keçənədək bitmiş elan olunmayacaq.

95 faiz immunitet

Alim bildirib ki, hazırda şimal yarımkürəsində müxtəlif ölkələr pandemiyanın müxtəlif mərhələsindədirlər:

“Və yəqin ki, Birləşmiş Krallıq, əgər bu hələ baş verməyibsə, pandemiyadan çıxan ilk ölkə olacaq və bu virus da başqa dörd koronavirus tipi kimi endemik fazaya keçəcək”.

Professorun sözlərinə görə, hazırda Britaniyada əhali immuniteti çox yüksəkdir.

Bu isə o deməkdir ki, əhalinin əksəriyyəti ya təbii yoluxma, ya da vaksinlərin köməyi ilə ağır xəstəliyə qarşı immunitet qazanıb:

“Mən Milli Statistika İdarəsinin son hesabatına baxmışam. Ordan belə görünür ki, İngiltərədə əhalinin 95 faizinin COVID-ə qarşı immuniteti var. İnsanların orqanizmində yaranmış antigenlər virusu yaxın buraxmır. Virus hazırda özünü pandemik yox, endemic virus kimi aparır”.

“Mümkün ümid işartısı”

Professor Heymann bunu da qeyd edib ki, xəstəliyi ağır keçirənlərin mütləq əksəriyyəti vaksin olunmayanlardır:

“Əgər xəstəxanaların reanimasiya şöbələrinə baxsanız, ordakıların hamısı vaksin olunmayanlardır”.

Ötən həftəsonu ekspertlərdən biri Omikron variantını “mümkün ümid işartısı” adlandırmışdı.

Uorvik Universitetinin professoru Mayk Tildesli demişdi ki, Omikron variantı COVID xəstəliyini endemik edəcək.

Onun proqnozuna görə virus yaza qədər tamamilə endemik fazasına keçəcək.

Alimin firkincə, bundan sonra yarana biləcək yeni variantlar böyük bir ehtimalla Omikron variantından da zəif olacaq.

XS
SM
MD
LG