Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

13 milyonluq şəhər lokdaundan çıxır


Almaniyada məktəb
Almaniyada məktəb

Kəskin omikron dalğasıyla üzləşmiş Almaniyada federal hökumət yanvarın 24-də ştat başçıları ilə pandemiyaya qarşı növbəti addımları müzakirə edəcək

Çinin şimalında yerləşən, 13 milyonadək əhalisi olan Sian şəhəri koronavirusla bağlı bir ay çəkən lokdaundan çıxıb. Pekində isə 2 milyon nəfərin test olunması göstərişi verilib. İki həftəyə Çinin paytaxtında Qış Olimpiya oyunlarına start verilməlidir.

Böyük sənaye mərkəzi Siandan kommersiya uçuşları bir gün öncə bərpa olunub.

25 + 14 yoluxma

Pekinin Fenqtai rayonunda yoluxma halları aşkarlandığından 2 milyon sakinin test olunmasına əmr verilib. Fenqtaidə 25, digər yerlərdə 14 yoluxma qeydə alınıb deyə, hakim orqanlar əhaliyə şəhərdən çıxmamaq göstərişi veriblər.

Fevralın 4-də başlanacaq Olimpiya oyunları sərt qaydalar şəraitində keçiriləcək. Atletlərdən peyvənd olunmaq, Çinə çatandan sonra karantində olmaq tələb edilir.

Dünya Səhiyyə Təşkilatının (DST) regional direktoru yanvarın 23-də deyib ki, omikron ştammı COVID-19 pandemiyasını yeni mərhələyə keçirib, qitədə onun sonunun çatmasını “mümkün edib”.

ABŞ-ın baş epidemioloqu Entoni Fauçi də yanvarın 23-də oxşar nikbinlik bildirib. O, ABC televiziyasına deyib ki, Birləşmiş Ştatlarda COVID-19-a yoluxmaların kəskin azalması “işlərin yaxşı getdiyini” göstərir.

Qlobal immunitet

DST-nin Avropa üzrə direktoru Hanz Kluge qeyd edib ki, hazırda Avropada omikrona yoluxmalar səngiyir və “bir neçə həftəyə, aya ya vaksinlər, ya da yoluxmalar nəticəsində qlobal immunitet yaranacaq”. Mövsüm dəyişikliyi də sözünü deyəcək.

“Regionda pandemiyanın bir növ sona çatması mümkün görünür”, – “AFP”yə danışan Kluge deyib ki, omikron martacan avropalıların 60 faizini yoluxdura bilər. Onun sözlərinə görə, “sakitçilik dövründən sonra” ilin sonuna COVID-19 bir də qayıtması mümkündür, amma “bu heç də pandemiyanın qayıdışı olmaya bilər”.

Kluge COVID-19-u endemiya hesab etmək üçün çox tez olduğunu, digər ştammların ortaya çıxa biləcəyini sözlərinə əlavə edib.

“Endemik o deməkdir ki, nə baş verəcəyini proqnozlaşdırmaq mümkün olur. Virus bizi bir neçə dəfə təəccübləndirib və ona görə də çox ehtiyatlı olmalıyıq”, – Kluge vurğulayıb.

Xəbərdarlıq

Fauçi də həddən artıq inamlı olmamaqla bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bəzi ştatlarda yoluxmaların azalması “ölkə boyunca əks prosesi görməyə” inam yaradır.

DST-nin Afrika üzrə regional ofisi ötən həftə bildirib ki, regionda COVID-19-a yoluxmalar azalır, ölüm halları da omikronun pik həddindən bəri səngiyir.

Araşdırmalar omikronun delta ştammından daha yoluxucu, amma daha yüngül olduğunu göstərib.

Pandemiya indiyədək dünyada 5.6 milyon nəfərin həyatına son qoyub.

Braziliya, Almaniya

Hazırda omikron Braziliyada tüğyan edir. Yanvarın 23-də son 24 saat ərzində 135 mindən çox yoluxma, 296 ölüm qeydə alınıb. Ümumilikdə isə Braziliyada virusa 24 milyondan çox insan yoluxub, 623 min nəfər vəfat edib.

Kəskin omikron dalğasıyla üzləşmiş Almaniyada federal hökumət yanvarın 24-də ştat başçıları ilə pandemiyaya qarşı növbəti addımları müzakirə edəcək. Parlamentdə əhalinin bəzi qrupları üçün vaksinasiyanı məcburi etməyin tərəfdarları artır.

Kansler Olaf Şolts “Sueddeutsche Zeitung” qəzetinə deyib ki, “omikron dalğasının ortasında qaydaları böyük miqyasda yüngülləşdirməyin” xeyri olmayacaq. O, ümumi vaksin tələbinin vacibliyini vurğulayıb.

“Əminəm ki, məcburi vaksinasiya olmasa, pandemiyadan çıxmaq üçün peyvəndləmədə gərəkən səviyyəyə çata bilməyəcəyik”, – Şolts deyib.

Almaniya əhalisinin 25 faizə qədəri hələ peyvəndin birinci dozasını vurdurmayıb.

XS
SM
MD
LG