Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Bayden şəxsən Putinə sanksiya qoya biləcəyini deyir


NATO hələlik, müxtəlif ölkələrdən 40 minlik Reaksiya Qüvvələrini səfərbər etməklə bağlı qərar verməyib

ABŞ prezidenti Co Bayden yanvarın 25-də Rusiya Ukraynaya müdaxilə edərsə, şəxsən prezident Putinə sanksiyalar qoyulmasına baxa biləcəyini deyib.

Bayden bildirib ki, Rusiya Ukraynaya hücum edərsə, bunun bütün dünya üçün “nəhəng nəticələri” olacaq.

ABŞ prezidenti bunu da deyib ki, o NATO-nun şərq cinahını möhkəmləndirmək məcburiyyətində qala bilər:

"Biz bunu aydın şəkildə bildiririk ki, hər hansı NATO üzvünün NATO-nun onun müdafiəsinə gələcəyindən şübhəsi olmamalıdır”.

Moskva ABŞ-ı ‘vəziyyəti qızışdırmaqda’ ittiham edir… və manevrlərə başlayır

Kreml Vaşinqtonu Avropaya qoşun çıxarmağa hazırlıqla “gərginliyi qızışdırmaqda” ittiham etdikdən az sonra Rusiya Ukrayna sərhədləri yaxınlığında minlərlə hərbçinin və onlarca təyyarənin iştirakilə geniş hərbi təlimlərə başlayıb.

Moskva Ukrayna sərhədi yaxınlığına 100 minədək qoşun və yüzlərlə hərbi texnika cəmləşdirib.

ABŞ prezidenti Co Bayden Avropa liderləri ilə məsləhətləşmələri davam etdirir, Pentaqon isə Avropaya 8500 ABŞ hərbçisi göndərilməsi üçün hazırlığa başlandığını bildirib.

Rusiya yanvarın 25-də Ukraynaya yaxın Rostov və Krasnodar regionlarında 6 min hərbçinin və azı 60 döyüş təyyarəsinin iştirakilə genişmiqyaslı manevrlərə başladığını bəyan edib.

Rusiyanın hərbi rəsmiləri bu manevrlərdə döyüş mərmi və güllələrindən istifadə edildiyini deyirlər.

Bu təlimlərin nə müddətdə davam etdiriləcəyi barədə məlumat verilmir.

Makron və Şolts Rusiyaya müracət ediblər

Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, Rusiya Ukraynaya hücum edərsə, bunun çox “bahalı bədəlini” ödəməli olacaq.

Makron bildirib ki, Paris və Berlin de-eskalasiyaya ehtiyac olması məsələsində həmrəydirlər.

Fransa prezidenti yanvarın 25-də Berlində Almaniya kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Fransa və Almaniya Rusiya ilə dialoq ideyasından geri çəkilməyəcəklər, “amma Ukraynaya hücum olsa, bunun cavabı veriləcək və Rusiya üçün ağır nəticələri olacaq.

Öz növbəsində Şolts deyib ki, indi hamı Rusiyadan deeskalasiya istiqamətində aydın addımlar gözləyir.

Makron deyib ki, yanvarın 28-də Rusiya prezindeti Vladimir Putinlə telefon söhbəti olacaq.

ABŞ Ukrayna ətrafındakı gərginliyə görə Avropaya əlavə qüvvələr ata bilər
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Kreml ABŞ-ın ‘gərginliyi qızışdırdığını’ deyir

Kreml Birləşmiş Ştatların hərəkətlərinin və bəyanatlarının Ukrayna ilə bağlı “gərginliyi qızışdırdığını” bildirir.

Kremlin sözçüsü Dmitri Peskov yanvarın 25-də deyib ki, Rusiya “ABŞ-ın bu hərəkətlərini böyük narahatlıqla” izləyir. “Birləşmiş Ştatlar gərginliyi qızışdırır”, – Peskov deyib.

***

ABŞ Prezidenti Co Bayden Rusiyanı Ukraynaya təcavüzdən çəkindirməklə bağlı Avropa liderləri ilə videokonfransdan sonra Qərb ölkələri arasında “tam” birlik olduğunu elan edib.

80 dəqiqəlik söhbət yanvarın 24-də baş tutub. Rusiyanın tezliklə Ukraynaya hərbi təcavüzə başlayacağı sarıdan narahatlıq artdığı bir vaxtda Pentaqon elan edib ki, Birləşmiş Ştatlar 8 min 500-dək əsgəri NATO ölkələrinə mümkün yerləşdirilməyə hazır vəziyyətə gətirib.

Almaniyanın tərəddüdü

Vaşinqton Moskvanı mümkün hücumdan çəkindirmək üçün mötəbər sanksiya təhdidi yaratmağa, bundan ötrü transatlantik birliyi qoruyub saxlamağa çalışır. Rusiya Avropa İttifaqının (Aİ) qaz təchizatının 40 faizə qədərini verdiyindən bundan müttəfiqlər arasında fikir ayrılığı yaratmaq üçün vasitə kimi istifadə edə biləcəyi düşünülür.

Blokun 27 üzvünün Rusiyaya yanaşması və münasibətlərində kəskin fərqlər var. Almaniyanın yeni hökumətinin Ukraynaya müdafiə silahları göndərməkdən imtinası Kiyevin tənqidilə üzləşib. Aİ-nin ən güclü iqtisadiyyatı olan Almaniya müzakirə olunan ən kəskin sanksiyalardan biri – Moskvanı SWIFT qlobal ödəniş sistemindən ayırmaq məsələsində də tərəddüd edir.

ABŞ və Britaniya Ukraynadakı diplomatlarının ailə üzvlərini köçürür
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Baydenlə söhbətdən sonra Kansler Olaf Şolts deyib ki, Rusiya Ukraynaya hücum edərsə, “çox ağır nəticələr”lə üzləşər və “gərginliyin azaldılması Rusiyadan asılıdır”.

“Çox, çox, çox yaxşı görüş keçirdim, Avropanın bütün liderləri ilə tam yekdillik mövcuddur”, –Bayden Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Avropa Şurası, Avropa Komissiyası və NATO liderləri ilə videokonfransdan sonra jurnalistlərə deyib.

Fransa hökuməti Rusiya və Ukrayna rəsmilərinin Fransa və Almaniyadan həmkarları ilə yanvarın 26-da Parisdə görüşəcəyini açıqlayıb. Prezident Emmanuel Makron düşünür ki, “diplomatiyaya yer qalıb, gərginliyi azaltmağın yolu var”, onun köməkçisi deyib. O, Makronun “bir neçə günə” rusiyalı həmkarı Vladimir Putinlə danışacağını vurğulayıb.

NATO

Pentaqonun sözçüsü Con Körbi isə deyib ki, kəşfiyyat məlumatları “rusiyalıların hazırda gərginliyi azaltmaq niyyəti olmadığını çox aydın” göstərir.

Körbi 8 min 500-dək ABŞ əsgərinin regiona yerləşdirilmək üçün hazır vəziyyətə gətirildiyini qeyd edib.

“Bu, NATO müttəfiqlərimizi əmin etmək deməkdir. Bu, cənab Putinə çox aydın mesaj verir ki, NATO öhdəliklərimizə ciddi yanaşırıq”, – Körbi vurğulayıb.

NATO hələlik, müxtəlif ölkələrdən 40 minlik Reaksiya Qüvvələrini səfərbər etməklə bağlı qərar verməyib. Bu qüvvələr 2014-cü ildə 20 minlik çevik reaksiya bölmələri ilə genişləndirilib.

Körbi deyib ki, alyansa Reaksiya Qüvvələrindən istifadə qərarına gəlsə, Birləşmiş Ştatlar müxtəlif bölmələrlə ona töhfəsini verəcək.

Qlobal bazarlarda sabitsizlik

Son günlərin gərginliyi qlobal bazarlarda sabitsizliyi gücləndirib. Rusiyanın əsas səhmləri ucuzlaşıb, rubl ucuzlaşdığından mərkəzi bank xarici valyuta alışını dayandırıb. Yanvarın 25-də səhər yen və ABŞ dollarının məzənnəsi yüksəlib.

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 100 mindən çox əsgər yığması Qərbin mümkün təcavüzlə bağlı narahatlığını artırıb. ABŞ və NATO Putini Ukrayna sərhədlərindən geri çəkilməyə çağırır, mümkün hücumun iqtisadi sanksiyalarla, NATO-nun Şərqi Avropada mövqelərini gücləndirməsilə nəticələnəcəyi haqda xəbərdarlıq edir.

Rusiya 2014-cü ildə Krım vilayətini ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox adam həlak olub.

Rusiya Ukraynaya təcavüz planı olmadığını deyir, Birləşmiş Ştatlar və müttəfiqlərini vəziyyəti qızışdırmaqda suçlayr.

XS
SM
MD
LG