Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:51

Rusiya Ukraynaya təcavüz üçün ‘bəhanə hazırlayır’


Donetskdə ukraynalı əsgər
Donetskdə ukraynalı əsgər

Hücumda Ukrayna və müttəfiq ölkələrə məxsusluğu görünən avadanlıqdan istifadə olunur

ABŞ Rusiyanın Ukraynaya təcavüzü əsaslandırmaq üçün saxta hücum planlaşdırmasına dair kəşfiyyat məlumatı əldə etdiyini bildirir. Bu haqda fevralın 3-də ABŞ Dövlət Departamenti və ABŞ mediasının istinad etdiyi rəsmilər bildirib.

Plan

Rəsmilərin sözlərinə görə, plan bu günlərdə Ukrayna və Avropadakı müttəfiqlərlə paylaşılan, de-klassifikasiya edilmiş məlumatlarda üzə çıxır.

Plana görə, bir partlayışdan sonra təşkil olunan hücumun videosu yayılır. Hücumda Ukrayna və müttəfiq ölkələrə məxsusluğu görünən avadanlıqdan istifadə olunur.

“Belə bir video yayılarsa, (Rusiya prezidenti Vladimir) Putinə Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq və onları əsaslandırmaq üçün gərəkən qığılcım olacaq”, – adı çəkilməyən bir rəsmi deyib.

Plana Ukraynanın şərqindəki separatçı liderlərin Rusiyanı müdaxiləyə dəvət etməsi ehtimalı da daxildir.

ABŞ əmin deyil, amma...

ABŞ Milli təhlükəsizlik müşavirinin müavini Conatan Fayner müsahibəsində deyib ki, Birləşmiş Ştatlar Rusiyanın bu yolu seçəcəyindən əmin deyil, “amma belə bir variantın nəzərdən keçirildiyini bilirik” o vurğulayıb.

Faynerin ABŞ-ın MSNBC televiziyasına dediyinə görə, planda aktyorların matəm içində olanları oynaması, guya öldürülmüş şəxslərin cənazələri də nəzərdə tutulub.

Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ kəşfiyyatının bu informasiyanı yığdığını təsdiqləyib. O, jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı sabitsizlik yaradan hərəkətlərinin miqyasını ortaya qoymaq, Rusiyanı “təhlükəli kampaniya”dan çəkindirmək üçün bunu açıqlayır.

Rəsmilər mənbə və metodlarını risk altında qoymamaq üçün planla bağlı birbaşa dəlil açıqlamayıb, yaxud necə öyrəndiklərini deməyiblər. Rusiyanın aparıcı rəsmilərinin əməliyyatı təsdiqləyib-təsdiqləmədiyi də bəlli deyil.

“Mötəbər” detallar

“New York Times” Britaniya hökumət rəsmisinə istinadla yazır ki, Böyük Britaniya kəşfiyyat məlumatını təhlil edərək Rusiyanın Ukraynaya hücum üçün Kiyevi günahlandırmağa əsas verəcək bəhanə düzəltməyi planlaşdırır. Rəsmi kəşfiyyat məlumatının detallarının “mötəbər və həddən artıq narahatedici” olduğunu bildirib.

ABŞ və Britaniya daha öncə də Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaq üçün saxta bəhanə hazırladığını iddia edib. Rusiyanın sərhədə 100 mindən çox qoşun cəmləməsi onun Ukraynaya qarşı müharibəyə hazırlaşması ilə bağlı narahatlıq yaradıb.

Ağ ev dekabrda Rusiyanı işğal üçün bəhanə yaratmaq məqsədilə saxta əməliyyat hazırladığını iddia edib. Britaniya isə bu yaxınlarda bir neçə ukraynalını Rusiya kəşfiyyatı ilə əlaqələrdə, Ukrayna Prezidenti Volodimir Zelenskini devirmək planı hazırlamaqda ittiham elədi.

XS
SM
MD
LG