Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib


Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, həbsdə olan general Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunması tələb edilir.

MTN işində zərərçəkmiş şəxslər martın 2-də məhkəmədə bu tələblə çıxış ediblər.

Zərərçəkmişlərdən Hüseyn Səfərov deyir ki, şəxsən ondan alınan pulların leqallaşdırılmasında Şıxəliyevin ailə üzvləri də iştirak edib. Onlar biliblər ki, həmin vəsaitlər maaş hesabına əldə edilmir. Ona görə də indi buna görə cavab verməlidilər.

“Bu adamlar cinayət yoluyla əldə olunan əmlakların leqallaşdırılmasında, izlərin itirilməsində birbaşa iştirak ediblər”, - zərərçəkən Səfərov belə deyib.

O, Şıxəliyevlər ailəsinin digər üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi haqda yazlı vəsatətini məhkəməyə təqdim edib. Amma Bakı Hərbi Məhkəməsinin hakimləri onu müzakirəyə çıxarmayıb.

“Hər qutunun içinə 1 milyon dollar pul yerləşdirdim”

Məhkəmədə Azərbaycan Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovdan MTN-də 8 milyon dollar alınması məsələsi də araşdırılıb. İbrahim Zeynalov zərərçəkmiş qismində tanınsa da, özü yataq xəstəsi olduğuna görə məhkəmədə oğlu İlqar Zeynalov iştirak edir.

Oğlunun sözlərinə görə, atasının buraxılmasından ötrü MTN-də Yasin Məmmədov ondan 10 milyon istəyib, sonradan 8 milyon dollara düşüb. Bütün qohum-əqrəbada olan evləri, maşınları, obyektləri, qızıl-zinət əşyalarını satıb, pulu toplayıblar. Zeynalov deyir ki, bu pulu bir neçə günə MTN-ə daşıyıblar:

“8 milyon dolları hazır elədim, Yasin Məmmədova xəbər verdim. Yasin dedi ki, “get, televizor, ya da DVD aparatlarının qutularını tap, pulu yığ, götür gəl, MTN-in arxa qapısına”. Tapşırdı ki, pulu hissələrə ayırıb, qutulara yığım, 3 gün ərzində hissə-hisə aparıb çatdırım. Müxtəlif mağazalardan 8 nazik ekran televizor qutuları tapdım. Hər qutunun içinə 1 milyon dollar pul yerləşdirdim”.

Onun dediyinə görə, 8 milyon dolları çatdırandan sonra atasını buraxıblar. Bir müddət keçib, atası haqqında cinayət işi məhkəməyə göndərilib. Məhkəmə isə İbrahim Zeynalova şərti cəza verilməsi barədə hökm çıxarıb.

“Mənim o pul söhbətindən xəbərim olmuşdu?”

Təqsirləndirilən şəxslər, o cümlədən general Şıxəliyev 8 milyon dollar alınması haqda Zeynalovun dediklərini təkzib etməyib. Əksinə, o, tabeliyində çalışmış, hazırda isə onunla birlikdə təqsirləndirilən şəxs qismində məhkəmə önündə dayanmış Yasin Məmmədova belə bir sual ünvanlayıb:

“Yasin, səni and verirəm Allaha, o pul kimə çatmışdı? Mənim o pul söhbətindən xəbərim olmuşdu?”

Məmmədov cavabında bildirib ki, alınan pullar deputat Ziyad Səmədzadəyə çatıb.

Şəriklik

Hakim zərərçəkmişin oğlu ilə dəqiqləşdirib ki, Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyəti var? Onun cavabından məlum olub ki, İbrahim Zeynalovun Ziyad Səmədzadə ilə şərikliyi olub:

“Ziyad Səmədzadənin atamla işbirliyi vardı, onun vasitəsilə bankdan 3.5 milyon manat kredit götürmüşdü. Bu pula görə araları dəymişdi. Bundan sonra atamı tutdular, başımıza oyun açdılar, bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bugün rayonda vaqonda yaşayırıq...”

Zeynalov əlavə edib ki, sabiq MTN-çilər 8 milyonla kifayətlənməyib, 4 hektar torpaqlarını da əllərindən alıblar.

General Şıxəliyev və MTN-də onun tabeliyində işləmiş daha üç nəfərin - İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun işi üzrə məhkəmə prosesi davam edir. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Bu işdə 32 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub.

Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib.

Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin QuliyevTeymur Quliyev həbsdədir. Akif ÇovdarovSübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Natəvan Mürvətovaya isə şərti cəza təyin edildi.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

XS
SM
MD
LG