Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:37

'Moskviç 401', 'QAZ-24', 'Jaguar'... Eldar Mahmudovun əmisi oğlunun maşın kolleksiyası


Vüqar Mahmudov
Vüqar Mahmudov

Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat nəticəsində həbs olunan vəzifəlilərdən biri də ovaxtkı nazir Eldar Mahmudovun əmisi oğlu və köməkçisi Vüqar Mahmudov olmuşdu. Polkovnik-leytenant rütbəsini daşıyan 1977-ci il təvəllüdlü Mahmudov həm də MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini idi.

MTN-in bir sıra generalları, polkovnikləri və digər zabitləri 2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan dərhal sonra həbs olunsa da, Vüqar Mahmudov iki il sonra – 2017-ci il noyabrın 3-də məsuliyyətə cəlb edilmişdi. O, iki il həbsdə saxlandıqdan sonra - 2019-cu il noyabrın 28-də Bakı Hərbi Məhkəməsindən azadlığa buraxıldı.

Sabiq nazirin qohumu və köməkçisi əməliyyat tədbirlərinə, agentlərə və s. büdcədən ayrılan vəsaitləri mənimsəmə, bir sıra iş adamları və başqa şəxsləri heç bir əsas olmadan MTN-ə gətirdib zorla onların özləri və ya yaxınlarının pulunu, əmlaklarını ələ keçirmə kimi əməllərdə suçlanırdı. Bakı Hərbi Məhkəməsi onunla bağlı hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla-əldə olunmuş pul və əmlakların leqallaşdırılması kimi ittihamlara xitam verdi. Polkovnik Mahmudov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinsə də, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub və hökm oxunan günə qədər həbsdə qaldığı 2 il 25 günlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün elanından dərhal sonra da məhkəmə zalından azad edilib.

50-60 ilin maşınları

Mahmudovun həbsindən sonra onun özünə və ailə üzvlərinə məxsus onlarla daşınar və daşınmaz əmlakın, banklarda olan pulların üstünə həbs qoyulmuşdu. Məhkəmə onların da müsadirəsinə qərar vermişdi. Əmlakların siyahısına baxanda görünür ki, sabiq MTN polkovnikinin maşın kolleksiyası varmış. O, həm son model bahalı avtomobillərin, həm də qədimi – 50-60 yaşı olan maşınların sahibi olub. Məsələn:

1955-ci il buraxılışlı "Moskviç 401"

1971-ci il buraxılışlı "QAZ-2410"

1987-ci il buraxılışlı "QAZ-2410"

1987-ci il buraxılışlı "QAZ-2410"

1988-ci il buraxılışlı "QAZ-2410"

1991-ci il buraxılışlı "QAZ-2410"

1992-ci il buraxılışlı "QAZ-2410"

1994-cü il buraxılışlı "QAZ-3102"

2013-cü il buraxılışlı "Citroen C4"

2014-cü il buraxılışlı "Mercedes Benz E-350"

2014-cü il buraxılışlı "Toyota Camry"

2015-ci il buraxılışlı "Citroen C4 Picasso"

2015-ci il buraxılışlı "Jaguar XJ".

Çoxsaylı evlər, torpaq sahələri...

Avtomobillərdən əlavə, çoxsaylı evlər, torpaq sahələri də müsadirə olunub. Onların arasında Buzovna və Xocasən qəsəbələrində yerləşən ev, paytaxtın mərkəzində - Bülbül prospektində və Həsənbəy Zərdabi küçəsində mənzillər, Səbail rayonunda torpaq sahəsi də olub. Həmçinin müxtəlif banklarda Mahmudovun adına olan və dollar hesabında depozitdə saxlanılan 120 min dollara yaxın vəsaitin də dövlət nəfinə keçirilməsinə qərar verilib.

Cinayət işinin materiallarından məlum olur ki, sabiq nazirin köməkçisi və əmisi oğlu saxlanılanda təkcə "Montblanc" markalı əl çantasında 2 min dollar və 2 min 900 manat pul olub. Həmin vəsaitlər də müsadirə edilib.

Qızıl-zinət əşyaları geri qaytarılıb

Lakin Mahmudovun evindən götürülən 7 min 600 manat pul və təxminən 32 min manatlıq qızıl-zinət əşyaları ona geri qaytarılıb. Həyat yoldaşının adına bankda olan 90 min dolların üzərindən həbs götürülüb.

Mahmudov azadlığa buraxılmasına baxmayaraq, hökmdən narazı qalıb və yuxarı instansiya məhkəmələrinə şikayət verib. Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə qismən onun xeyrinə dəyişib – müsadirəsinə qərar verilmiş əmlakların əksər hissəsi, o cümlədən evlər, torpaq sahələri və yeni avtomobillərin (2013, 2014, 2015-ci il buraxılışlı "Jaguar", "Mercedes", "Citroen") hamısı geri qaytarılıb. Qədimi avtomobil kolleksiyasından isə yalnız 1991-ci il buraxılışlı "QAZ-2410"un Mahmudova qaytarılmasına qərar verilib.

603 min dollar və 8 min manata hüquqi qiymət verilməyib

Mahmudovun əmlaklarıyla bağlı məhkəmə çəkişmələri indiyədək davam edir. Ali Məhkəmənin bu qərarından sonra prokurorluq apellyasiya protesti verərək əmlakların müsadirəsi ilə bağlı hissədə hökmün dəyişdirilməsini istəyib. Protestdə göstərilib ki, Bakı Hərbi Məhkəməsi bu məsələdə qanunvericiliyin tələblərinə əməl etməyib. Söhbət Ali Məhkəmənin geri qaytardığı əmlaklardan getmir. Prokurorluq vurğulayıb ki, hərbi məhkəmədə bu işə baxan hakimlər Mahmudovun həyat yoldaşının adına "Kapitalbank"ın Sabunçu filialında olan 603 min 437 dollar və 8 min 400 manat vəsaitlərlə bağlı məsələyə hüquqi qiymət verməyib. İstintaq dövründə bu vəsaitlərin də üzərinə həbs qoyulub, məhkəmədə dövlət ittihamçısı Mahmudova cəza tələbi ilə bağlı çıxışında həyat yoldaşının adına olan pulların da müsadirəsini təklif edib. Lakin Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası hökmdə bu pullarla bağlı məsələyə, ümumiyyətlə, toxunmayıb.

Bakı Apellyasiya Məhkəməsi martın 4-də Nuranə Mahmudovanın adına olan 8 min 400 manat və 603 min 437 dolların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına qərar verib.

Hərrac o zaman həyata keçirilir

Müsadirə olunan əmlakların taleyinə gəlincə, bunu AzadlıqRadiosuna şərh edən vəkil Aqil Layıc bildirib ki, məsələ hərrac yoluyla həll olunur. Lakin bu o zaman həyata keçirilir ki, artıq hüquqi müstəvidə yekun məhkəmə qərarı verilmiş olsun: "Məhkəmə müstəvisində əmlaklarla bağlı mübahisələndirilən məsələ olmayanda, son qərar veriləndə artıq müvafiq dövlət qurumu əmlakların hərrac yoluyla satılmasını, əldə olunan vəsaitin dövlətə köçürülməsini təmin edir. Məhkəmə qərarlarının icrasına isə İcra Baş İdarəsi baxır və bu məsələlər onların nəzarəti altında həyata keçirilir".

Vəkil vurğulayıb ki, müsadirə olunan əmlaklar pul, dövlətin özünün istifadə edə biləcəyi əmlak (zavod və s.) olduqda hərrac keçirilmədən birbaşa həmin əmlaklar dövlətin nəzarətinə keçir. Lakin avtomobil, mənzil, torpaq sahəsi və s. olduqda onlar satılır və pulu dövlətə verilir.

Mahmudovun Bakı Apellyasiya Məhkəməsinin son qərarından Ali Məhkəməyə yenidən şikayət verib-verməyəcəyi, hələlik, məlum deyil.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazir Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılıb, nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

2017-ci ilin noyabrında sabiq nazirin köməkçisi və əmisi oğlu Vüqar Mahmudov, 2021-ci ilin aprelində isə uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev həbs edilib. Hazırda Şıxəliyevin məhkəməsi davam edir. O, tabeliyində işləmiş, MTN-in üç keçmiş vəzifəlisiylə birlikdə mühakimə olunur. Bunlar Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovdur.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG