Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Paradoks: Dünyada neft bahalaşır, amma Rusiya nefti ucuzlaşır


Sibirdə neft hasilatı
Sibirdə neft hasilatı

Enerji bazarları Rusiya-Ukrayna savaşının ən çox təsir göstərdiyi sahələrdən biridir. Rusiyanın ən böyük enerji istehsalçılarından biri olması və savaş başlatması bəlli risklər yaratdı. Beləcə, dünya bazarlarında enerjidaşıyıcıların qiyməti yüksəldi. Həm də 2014-cü ildən bəri ilk dəfə bu qədər yüksələrək üçrəqəmli həddə çatdı. Savaş başlamazdan bir gün öncə - fevralın 23-də dünya bazarlarında "Light" markalı neftin bir barelinin qiyməti 92 dollara yaxın idi. Ötən ilin əvvəllərində neftin bareli 70-80 dollar arasında dəyişirdi. Nəzərə almaq lazımdır ki, savaşdan öncə də, Rusiya Ukrayna sərhədinə qoşun toplamağa başladığı vaxtdan – ötən ilin sonlarından neft bahalaşırdı. Savaş başlayandan sonra bu qiymətlər 120 dolları da ötdü, yəni 25 faizə yaxın bahalaşdı.

İlk baxışda düşünmək olar ki, neftin bahalaşması Rusiyaya önəmli gəlir imkanları yarada bilər. Di gəl, ard-arda sanksiyalarla sınağa çəkilən Rusiya iqtisadiyyatı dünya bazarlarında neftin bahalaşmasından ciddi anlamda yararlana bilmir. Məsələn, Rusiyanın Şərqi Sibir nefti olan ESPO-nun bir barelinin qiyməti ilin əvvəlində 80 dollar səviyyəsində olsa da, martın 9-da maksimuma – 111 dollara çatmışdı. Sonradan ucuzlaşmağa başlayan qiymətlər aprelin əvvəlində 73 dollaradək geriləyib və, başqa deyimlə, dünya bazarlarındakı ortalama qiymətlərdən təxminən 25 faiz geri qalıb.

Rusiyanın istehsal etdiyi SOKOL markalı neftin qiyməti də martın 24-dən sonra 10 dollaradək ucuzlaşaraq 106 dollardan 96 dollara geriləyib. Rusiyanın əsas ixrac nefti "Urals" markalı neftin də qiyməti azalmaqdadır. Martın əvvəllərində 105 dollara yüksələn "Urals" markalı neftin bir barelinin qiyməti hazırda 80 dollardan bir qədər yüksək, yəni dünya bazarlarındakı orta qiymətdən 30 faizə yaxın ucuzdur. Dünya bazarlarında qiymətlər artsa da, rus nefti ucuzlaşır. Əsas səbəblər arasında bəzi Qərb ölkələrinin Rusiyadan neft idxalını yasaqlaması, eləcə də Rusiyadan daşımalarla bağlı risk və sanksiyalar ucbatından rus banklarına ödənişlərin çətinləşməsi göstərilir. Qərb ölkələri Rusiyadan idxala məhdudiyyətlər qoysa da, Çin və Hindistan kimi Asiya ölkələrinin rus neftinə marağı artır. "Bloomberg" agentliyinin xəbərinə görə, fevralın sonlarından bəri Hindistan Rusiyadan 13 milyon barel neft idxal edib. Bu, ötən il qeydə alınan göstəricidən təxminən iki dəfə çoxdur.

Qazaxıstan nefti BTC-a yönələ bilər
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Neft daha da bahalaşacaq?

Dünya bazarlarında qiymətlərin artmasından heç də bütün ölkələr məmnun deyil. Özəlliklə enerji asılılığı olan ölkələrin xərcləri çoxalır. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ da neft qiymətlərinin azalması üçün addımlar atmağa hazırlaşır. Belə ki, ABŞ hökuməti ölkənin strateji enerji ehtiyatlarının bir hissəsini bazara çıxaracağını bildirib. Bu yolla ABŞ bazarda neft təklifini artıraraq qiymətlərin aşağı düşməsini hədəfləyir. ABŞ-ın öz strateji ehtiyatlarından rekord səviyyədə yararlanacağı və enerji bazarına güclü təsir göstərəcəyi gözlənilir. Daha öncə ABŞ prezidenti Co Bayden açıqlama vermişdi ki, növbəti yarımil boyunca strateji ehtiyatlarından əlavə bazara hər gün 1 milyon barel neft çıxaracaq.

Nəzərə almaq lazımdır ki, təkcə ABŞ deyil, Beynəlxalq Enerji Agentliyinə üzv olan 31 ölkə də neft ehtiyatlarından istifadə barədə razılığa gəlib. Quruma üzv ölkələr martın 1-də də belə qərara gəlmiş və ay boyunca bazara 63 milyon barelə yaxın əlavə neft ehtiyatı çıxarmışdılar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası və Yəməndəki husi üsyançıları arasında əldə edilən ikiaylıq atəşkəs razılığının da neft bazarlarına təsiri gözlənilir. Həmin qərar bölgədə neft daşımaları ilə bağlı riskləri azaldacaq və bazardakı neft təklifi ilə bağlı mümkün təhlükələri aradan qaldıracaq. Qeyd edilən hadisələr artıq son bir neçə gün ərzində neft bazarına təsir göstərməyə başlayıb və neftin qiyməti 5 dollardan çox ucuzlaşıb.

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Neft qiymətlərinin Azərbaycana təsirləri

Azərbaycanın ixrac gəlirlərinin 90 faizə yaxını neft və qaz sektoru ilə bağlıdır. Ölkənin büdcə gəlirlərinin təxminən yarısı birbaşa Neft Fondundan köçürülən gəlirlərdir. Bu baxımdan, neftin bahalaşması Azərbaycana, ən azı, qısamüddətli perspektivdə əlavə gəlir imkanları yaradır. Nəzərə almaq lazımdır ki, neft gəlirlərinin gözlənilən səviyyədə olması Azərbaycanda makroiqtisadi sabitliyi təmin etmək üçün ən vacib şərtdir. Bu baxımdan, 2022-ci ildə hökumətin çətinliklə üzləşəcəyi gözlənilmir. Nəzərə almaq lazımdır ki, 2022-ci ilin dövlət büdcəsi hazırlanarkən neftin bir barelinin orta qiyməti 50 dollar müəyyən edilib. İlin əvvəlindən bazarlardakı mövcud qiymət nəzərdə tutulan həddən iki dəfəyə yaxın çoxdur.

Bu yaxınlarda Dövlət Neft Fondu icraçı direktorunun müşaviri Bəhruz Bəhramov mediaya açıqlamasında bildirmişdi ki, "xam neftin qiymətində hər 10 ABŞ dolları artım Fonda əlavə təxminən 1.4 milyard ABŞ dollarına qədər vəsaitin daxil olmasına şərait yaradır". Bu ilin ilk iki ayının nəticələri də fondun gəlirlərində ciddi artım olduğunu göstərir. Ötən ilin yanvar ayında Azərbaycan neftinin orta qiyməti 46 dollar, fevralda 56 dollar olmuşdu. Bu il üçün eyni göstəricilər, uyğun olaraq, yanvarda 79 dollar, fevralda isə 89 dollar olub. Bu baxımdan, əgər ötən ilin ilk iki ayı ərzində Azərbaycan neft ixracından təxminən 2 milyard 43 milyon dollar gəlir götürmüşdüsə, bu il həmin göstərici 2 milyard 943 milyon dollara yüksəlib. Başqa sözlə, gəlir 900 milyon dollar və ya 45 faizə yaxın artıb. Bu o deməkdir ki, neft qiymətlərinin hər 10 dollar artımı yanvar ayında ARDNF-ə təxminən 132 milyon dollar, fevral ayında isə təxminən 87 milyon dollar əlavə vəsaitin daxil olmasını təmin edib. Həmin dövrdə Azərbaycanın ixrac etdiyi neftin həcmi isə 5 milyon 694 min tondan 4 milyon 900 min tona geriləyib.

XS
SM
MD
LG