Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:29

Ölkədə adambaşına düşən ən aşağı gəlir Mərkəzi Arandadır


Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'

Dövlət Statistika Komitəsi (DSK) ev təsərrüfatlarına dair ötən ilin statistik sonuclarını açıqlayıb. Açıqlanan rəqəmlər içərisində ev təsərrüfatlarında adambaşına düşən gəlirlər də ayrıca diqqət çəkir. Statistika qurumu bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahidi ev təsərrüfatı sayıb. Amma şəxslər qrupu bir evdə (mənzildə) yaşadığı, öz gəlir və əmlakını tam və ya qismən birləşdirdiyi, bir sıra mal və xidmətlərdən, əsasən, mənzil-kommunal xidmətlərindən və azuqədən birgə yararlandığı halda ev təsərrüfatı sayılır. Bu təsərrüfat bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. Qurumun açıqlamasında qeyd edilib ki, araşdırma Avropa Statistika Bürosunun (Avrostat) və Dünya Bankının metodologiyasına və tövsiyələrinə uyğun aparılır və ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə hər rüb 10 min 200 ev təsərrüfatını əhatə edir.

Araşdırma sonuclarına görə, ötən il boyunca ölkə üzrə adambaşına ayda 300 manat 61 qəpik gəlir düşüb. Bu, 2020-ci ildəki göstərici ilə müqayisədə 9 manat və ya 3 manat 20 qəpik artım deməkdir. Ancaq nəzərə almaq lazımdır ki (yenə rəsmi rəqəmlərə görə), ötən il ölkə üzrə orta illik inflyasiya 7 faizə yaxın olub, yəni qiymətlərin artım tempi əhalinin gəlir artımını iki dəfə üstələyib. Bu isə o deməkdir ki, əhalinin nominal gəlirləri 3 faiz artsa da, real gəlirləri və alıcılıq qabiliyyəti azalıb. Ayda adambaşına düşən gəlir ölkə üzrə 300 manat olsa da, bu göstərici şəhərlərdə 311 manat, kəndlərdə 288 manat olub.

Əhalinin gəlirləri hansı mənbələrdən formalaşır?

DSK-nın ev təsərrüfatları ilə bağlı araşdırmasına görə, ölkə üzrə əhali gəlirlərinin cəmi 37 faizi əməkhaqqı hesabına formalaşıb. Bu göstərici şəhərlərdə 45 faiz, kənd yerlərində cəmi 26.7 faiz olub. Həmin rəqəmlər Azərbaycanın əyalətlərində muzdlu iş tapmaq imkanlarının məhdudluğunu göstərir.

Ölkə üzrə gəlir formalaşmasında ən çox yer tutan ikinci istiqamət özünüməşğulluqdur. Ölkə üzrə toplam gəlirlərin 33 faizi özünüməşğulluq hesabına formalaşsa da, şəhərlərdə bu rəqəm 24 faiz, kəndlərdə 44 faizdir. Kəndlərdə gəlirlərin 22.4 faizi təsərrüfatlardan əldə edilib.

Pensiya, sosial müavinət və yardımlar da əhalinin gəlirlərində ciddi paya sahib olub. Ötən il ölkə üzrə adambaşına düşən gəlirlərin 20 faizi məhz bu mənbələr hesabına formalaşıb. Mülkiyyətdən - əmlakın kirayə verilməsindən əldə edilən gəlirlər ölkə üzrə adambaşına düşən gəlirlərin ortalama 0.3 faizi olub. Digər ailələrin vəsaiti hesabına gəlir formalaşdıranlar da yetərincədir. Rəsmi rəqəmlərə görə, ölkə üzrə əhali gəlirlərinin 7.7 faizi ölkə daxilində digər ailələrdən alınan vəsaitlərdir. Ölkə xaricindən göndərilən vəsaitlərin gəlirlərdəki payı isə ortalama 1.4 faiz olub. Bu göstərici kəndlərdə daha yüksəkdir – 2 faiz.

Ən az gəlir Mərkəzi Arandadır

Cədvəl: 2021-ci ilin 4-cü rübündə iqtisadi rayonlar üzrə adambaşına aylıq gəlirlər

İqtisadi rayon

Adambaşına aylıq gəlir

1

Bakı

325 manat

2

Naxçıvan MR

315 manat

3

Şərqi Zəngəzur

307 manat

4

Qazax-Tovuz

304 manat

5

Quba-Xaçmaz

303 manat

6

Abşeron-Xızı

300 manat

7

Dağlıq Şirvan

297 manat

8

Mil-Muğan

291 manat

9

Şirvan-Salyan

290 manat

10

Gəncə-Daşkəsən

285 manat

11

Lənkəran-Astara

282 manat

12

Şəki-Zaqatala

281 manat

13

Qarabağ

281 manat

14

Mərkəzi Aran

271 manat

Cədvəldən göründüyü kimi, ölkədə adambaşına ən çox aylıq gəlir düşən ərazi paytaxt Bakıdır (325 manat). İqtisadi rayonlar arasında adambaşına ən az gəlirə sahib regionsa Mərkəzi Arandır – cəmi 271 manat. Mərkəzi Aran və Bakı arasında adambaşına aylıq gəlir arasındakı fərq, rəsmi rəqəmlərə görə, 20 faizdir. Mərkəzi Aran iqtisadi rayonuna daxil inzibati ərazi vahidləri Mingəçevir şəhəri, eləcə də Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarıdır.

Əməkhaqqı gəlirlərinin toplam gəlirlərdəki payı Bakı, Naxçıvan və Abşeron-Xızı iqtisadi rayonlarında ortalama 50 faiz civarında olsa da, digər bölgələrdə elə də ürəkaçan səviyyədə deyil və 23-38 faiz arasında dəyişir. Özünüməşğulluqdan əldə edilən gəlirlərin toplam gəlirlərin formalaşmasında ən yüksək paya sahib olduğu region Mil-Muğan iqtisadi rayonudur. Bu regionda gəlirlərin 48 faizə yaxını məhz həmin mənbə hesabına formalaşır.

Kənd təsərrüfatından əldə edilən gəlirlərin toplam gəlirlər arasında ən yüksək paya sahib olduğu bölgə isə Qazax-Tovuzdur (23.5 faiz). Bu baxımdan, Şəki-Zaqatala da ikinci yüksək göstəriciyə malikdir – 20 faiz. Hökumətdən alınmış cari transferlərin – pensiya, müavinət və sosial yardımların toplam gəlirlərdə ən çox paya sahib olduğu bölgələr Qarabağ (27.6 faiz) və Şərqi Zəngəzurdur (33.4 faiz). Məcburi köçkün icmalarının yaşadığı bu bölgələrdən sonra pensiya, müavinət və sosial yardımların toplam gəlirlərdə ən çox paya sahib olduğu digər bölgə isə Şirvan-Salyan (21 faiz) iqtisadi rayonudur.

XS
SM
MD
LG