Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

Sanksiyalar Azərbaycandakı Rusiya bankına necə təsir göstərib?


Rusiya fevralda Ukraynanı işğala başlayınca bir çox Qərb ölkəsinin ciddi sanksiyalarının hədəfinə çevrildi.

Ölkənin ən çox sanksiya tətbiq edilən sektorlarından biri də maliyyə sektorudur. Rusiyanın bir çox iri bankının hesabları sanksiyalar çərçivəsində bloklandı. SWIFT sistemindən çıxarılan rus banklarının bir çoxu xarici əməliyyatlar apara bilmir.

Sanksiyalara məruz qalan Rusiya banklarından biri də “Bank VTB”dir. Azərbaycanda törəməsinin fəaliyyət göstərməsi bu bankla bağlı ayrıca maraq doğurur. "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Bankın səhmlərinin 99,9 faizi “Bank VTB Rusiya”ya məxsusdur.

"Bank VTB Azərbaycan"nın bu ilin ilk yarısı ilə bağlı açıqladığı maliyyə hesabatından aydın olur ki, tətbiq edilən sanksiyalar bankın Azərbaycandakı fəaliyyətinə də təsir göstərib. İl başlarkən bankın aktivləri 232 milyon manat idi. İndi həmin göstərici 203 milyon manatdır.

Başqa sözlərlə, bu il ərzində bankın aktivləri 30 milyon manat və ya 13 faiz azalıb. Bunun əsas səbəbi nağd pul həcminin iki dəfəyə yaxın azalmasıdır. İlin əvvəli ilə müqayisədə nağd pulun məbləği 47 milyon manatdan 25 milyon manatadək kiçilib.

İlk yarımildə bankın kredit portfeli cəmi 2 milyon manat, ipoteka portfeli 6 milyon manat, əhaliyə verilən istehlak kreditləri isə 12 milyon manat artıb. Əvəzində bankın biznes kreditləri portfeli yarımildə 16 milyon manat azalıb.

Bankın mümkün zərərlər üçün ehtiyat ayırmaları da kəskin artıb. İlk altı ay ərzində belə ayırmalar 13 milyon manatdan 20 milyon manata yüksəlib.

Şirkətlər pulunu bankdan çıxarıb

"Bank VTB Azərbaycan"ın açıqladığı maliyyə hesabatında ən diqqətçəkən məqamlardan biri də depozit portfelidir. Açıqlanan rəqəmlərdən aydın olur ki, sanksiyalar ucbatından pulunu bu bankda saxlayan şirkətlərin böyük hissəsi onu "Bank VTB Azərbaycan"dan çıxarıb. Belə ki, bu ilin əvvəlində hüquqi şəxslərin"Bank VTB Azərbaycan"dakı depozitlərinin həcmi 35 milyon manata yaxın idi. Hazırda bu rəqəm cəmi 8 milyon manatdır. Deməli, müharibə dövründə şirkətlər bankdakı 27 milyon manat pulunu geri çəkib. Beləcə, "Bank VTB Azərbaycan"nın hüquqi şəxslərlə bağlı depozit portfeli 80 faizə yaxın kiçilib.

Sözü gedən müddətdə bankda fiziki şəxslərin saxladığı vəsait həcmində isə nisbi artım qeydə alınıb. İlk altı ay ərzində fiziki şəxslərin "Bank VTB Azərbaycan"da saxladığı depozitlərin həcmi 3 milyon manat artaraq 57 milyon manata satıb.

Bunun sadə səbəbi var: "Bank VTB Azərbaycan" hazırda bazarda fiziki şəxslərin depozitlərinə ən çox faiz gəliri təklif edən banklardan biridir. Bu məqam bankın nağd vəsaitlərə ehtiyacının göstəricisi sayıla bilər.

Maliyyə hesabatının nəticələrinə görə, "Bank VTB Azərbaycan" ilin ilk yarısını 6 milyon manat mənfəətlə başa vurub. Ancaq bankın əvvəlki dövrlərdən qalan böyük həcmdə zərəri var. Zərərin həcmi 242 milyon manatdır.

Vahid Ələkbərovun bankı hansı durumdadır?

Azərbaycanda fəaliyyət göstərən banklar arasında Rusiya ilə əlaqəli digər bir bank “Yelo Bank”dır. "Yelo Bank" ASC-nin əsas səhmdarı olan "Topaz İnvestment" şirkətinə Azərbaycan əsilli rus milyarder Vahid Ələkbərov nəzarət edir. O bu yaxınlaradək “Lukoil” neft şirkətinin sahibi idi və 2022-ci ilin aprelində həmin vəzifədən getdiyini açıqlamışdı.

Vahid Ələkbərov da Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiya tətbiq edilənlər arasında idi. O, sanksiyalardan ən çox itirən iş adamlarından biridir. Müharibə başlayandan bir ay sonra “Bloomberg” agentliyinin paylaşdığı araşdırmada bildirilmişdi ki, onun sərvəti müharibə getdiyi müddətdə dörd dəfə - 17.4 milyard dollar azalıb.

Vahid Ələkbərovun Rusiyada işləri yaxşı getməsə də, Azərbaycandakı bankının ilk yarımildəki maliyyə göstəricilərini qənaətbəxş saymaq olar.

İlin ilk yarısında “Yelo Bank”ın aktivləri 750 milyon manat olub. Bu, ilin əvvəlindən bəri təxminən 50 faizə yaxın artım deməkdir.

Həmin dövr ərzində bankın nağd və nağda bərabər pul vəsaitlərinin həcmi 100 milyon manatdan çox artaraq 162 milyon manata çatıb.

Müştərilərə verilmiş kreditlərin də həcmində 90 milyon manata yaxın artım qeydə alınıb. Eyni müddət ərzində müştərilərin depozitlərində də azalma qeydə alınmayıb. 2022-ci ilin ilk yarısının yekunlarına görə, bank 2 milyon 352 min manat mənfəət əldə edib.

XS
SM
MD
LG