Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:38

Azərbaycanda içki düşkünləri azalıb, narkomanlar çoxalıb


'Patı'dan müalicə alan Aysel: '20 yaşın varsa, 25 yaşında öləcəksən'
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

'Patı'dan müalicə alan Aysel: '20 yaşın varsa, 25 yaşında öləcəksən'

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin səhiyyəyə dair göstəricilərini açıqlayıb. İlk dəfə narkomaniya diaqnozu qoyulan şəxs sayının kəskin artımı dərhal diqqət çəkir. 2019-cu ildə Azərbaycanda 2 min 831, 2020-ci ildə 2 min 723 şəxsə narkomaniya diaqnozu qoyulmuşdu. Ötən il belə şəxslərin sayı 5 min 964 nəfər olub. Bu, öncəki illərlə müqayisədə ikiqat artım deməkdir. Əhalinin hər 100 min nəfərinə düşən narkomaniya xəstələrinin sayı 29-dan 60-a yüksəlib. Hazırda Azərbaycan xəstəxanalarında 35 min 232 narkomaniya xəstəsi qeydiyyatdadır.

Narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları hallarında da kəskin artım qeydə alınıb. Əgər 2021-ci ildə 568 belə hal qeydə alınmışdısa, ötən il həmin göstərici 5 dəfə artaraq 2 min 418 olub.

2021-ci ildə narkotiklə bağlı cinayət sayında da ciddi artım baş verib. Qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsinə, daşınmasına, saxlanmasına və satılmasına görə baş verən cinayətlər bir il içərisində 4 min 832-dən 8 min 42-ə yüksəlib. Bu, bir il ərzində iki dəfəyə yaxın artım deməkdir.

Ötən il narkotiklərlə bağlı cinayət olaylarında 6 min 500-ə yaxın şəxs məhkum edilib. 2020-ci ildə bu göstərici 4 min 200 nəfər idi.

İçki aludəçilərinin sayı azalıb

DSK-nın göstəricilərinə görə, 2021-ci ildə 439 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. 2020-ci ilədək bu rəqəm hər zaman 500 nəfəri aşıb. Tibb ocaqlarında qeydiyyatda olan alkoqol aludələrinin sayında da son illər kəskin azalma gözə çarpır. Ötən ilin sonuna ölkə xəstəxanalarında 10 min 514 şəxs alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olub. 2018-ci ildə bu rəqəm 20 mindən çox idi. Hazırda ölkədə əhalinin hər 100 min nəfərinə 105 alkoqolizm və alkoqol psixozu diaqnozlu xəstə düşür. 2019-cu ilədək bu göstərici 200-ün üzərində olub.

Son illərdə sərxoş durumda törədilmiş cinayət sayında da azalma gözə çarpır. 2021-ci ildə sərxoş vəziyyətdə cinayət törədənlərin sayı 199 nəfər olub. Daha bir il öncə bu göstərici 263 idi. Bundan da əvvəlki illərdə bu rəqəm 600-ü aşırdı.

Son illər sifilis xəstələrinin sayı artır

Ötən il Azərbaycanda 836 şəxsə sifilis diaqnozu qoyulub. 2020-ci ildə bu göstərici 666 olub. Həmin il ölkədə qeydə alınan sifilis xəstələrinin sayında nisbi azalma olmasa da, öncəki illərin göstəricilərindən aydın olur ki, 2016-cı ildən bəri Azərbaycanda bu xəstəliyin yayılması artıb. Belə ki, 2012-2015-ci illərdə ölkədə hər il ortalama 490 sifilis diaqnozu qoyulub. 2016-2020-ci illərdə həmin göstərici 870-ə yüksəlib. Bu, dörd il ərzində 80 faizə yaxın artım deməkdir. Hazırda tibb müəssisələrində qeydiyyatda olan sifilisli xəstələrin sayı 2 min 222 nəfərdir. Onlardan 66 faizi kişilər, 34 faizi qadınlardır.

Digər bir zöhrəvi xəstəlik olan qonokokk (süzənək) diaqnozu qoyulan xəstələrin sayı isə son illər azalmaqdadır. Ötən il cəmi 252 nəfərdə bu xəstəlik aşkarlanıb. 2010-cu ilədək bu xəstəliyə illik yoluxma sayı dördrəqəmli həddə idi. 2011-2020-ci illərdə isə illik ortalama yoluxma sayı 509 nəfər olub.

Ötən il 4 min 751 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub. Bu, öncəki illərin ortalamasına yaxın göstəricidir. Hazırda xəstəxana qeydiyyatında 109 min 107 nəfərin psixoloji xəstəliyi var. Bu, Azərbaycan əhalisinin təxminən 1 faizi deməkdir.

XS
SM
MD
LG