Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:22

Qazaxıstanda məktəbə qətlə yetirilmiş müxalifətçinin adı verilib


Altınbek Sarsenbayulinin dəfni, 2016-cı il
Altınbek Sarsenbayulinin dəfni, 2016-cı il

Ötən həftə parlament 2019-cu ilin martında Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılan paytaxt Astananın əvvəlki adının qaytarılmasını təklif edib

Qazaxıstanın Almatı vilayətində deputatlar bir məktəbə qətlə yetirilmiş müxalifət lideri Altınbek Sarsenbayulinin adının verilməsinə razılaşıblar. Ancaq onun qətli ətrafında suallar qalır, qohumları, insan haqları qrupları və müxalif siyasətçilər liderin 2006-cə ildəki ölümünün hərtərəfli araşdırmağa çağırırlar.

Almatı vilayət şurasının sözçüsü Daulet Jarasbayev sentyabrın 7-də bildirib ki, mərhum siyasətçinin doğulduğu Sarıjaz kəndindəki məktəbə adının verilməsi qərarı hökumət və onomastika komissiyası ilə razılaşdırıldıqdan sonra regional deputatlar tərəfindən təsdiqlənib.

Sarsenbayulinin qardaşı, vətəndaş hüquqları müdafiəçisi Rısbek Sarsenbayuli bu addımı alqışlayaraq bildirib ki, 16 ildən artıqdır onun mərhum qardaşının adının ictimaiyyətdə hər hansı formada hallanması qadağan idi.

Qazaxıstan rəsmiləri Altynbek Sarsenbayuli və onun iki şərikinin başına gələnlərlə bağlı versiyaları bir neçə dəfə dəyişərək, illərdir ictimaiyyətə qeyri-ardıcıl və ziddiyyətli məlumatlar təqdim edib.

Ləğv olunan hökm

Parlamentin keçmiş inzibati rəhbəri Erjan Otembayev 2006-cı ildə üç nəfərin qətlinin təşkilini etiraf etdiyi üçün 20 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin 2013-cü ildə Qazaxıstan hakimiyyəti elan edib ki, qətli ozamankı prezident Nursultan Nazarbayevin keçmiş kürəkəni Raxat Əliyevin sifariş verdiyini göstərən yeni sübutlar əldə edilib və iş yenidən baxışa göndərilib. Bundan sonra Otembayevin hökmü ləğv edilib.

Qətllər baş verən zaman Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəis müavini olan və 2007-ci ildə Nazarbayevin açıq rəqibinə çevrilən Əliyev həmin vaxt Avropada mühacirətdə idi.

Əliyev daha sonra Qazaxıstan hakimiyyətinin tələbi ilə Avstriya rəsmiləri tərəfindən həbs edilib və iki qazax bankirinin oğurlanmasında və qətlində iştirakçı olmaqda ittiham olunub.

2015-ci ilin fevralında Əliyev Vyana həbsxanasında asılmış vəziyyətdə tapılıb.

Yanvar etirazlarından sonra

Sarsenbayulinin adının məktəbə verilməsi qərarı keçmiş prezident Nazarbayev və klanının bu Orta Asiya ölkəsinin siyasi səhnəsindən uzaqlaşdırılması fonunda qəbul edilib. Bu ilin yanvarında hökumətə qarşı zorakı etirazlardan sonra ölkədə dramatik dəyişikliklər baş verib..

Sentyabrın 7-də Qazaxıstan parlamentariləri hər il dekabrın 1-də qeyd olunan Birinci Prezident Gününün ləğvi ilə bağlı qərarı təsdiqləyib.

Ötən həftə parlament 2019-cu ilin martında Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılan paytaxt Astananın əvvəlki adının qaytarılmasını təklif edib.

İyunda referendum yolu ilə Nazarbayevin adı Konstitusiyadan çıxarılıb və bu da onu elbaşı - millət lideri titulundan məhrum edib.

XS
SM
MD
LG