Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:35

Rusiyaya dron daşıyan İran təyyarəsi Gürcüstanı qarışdırıb


İranda təlim, arxiv fotosu
İranda təlim, arxiv fotosu

Gürcüstanın hava məkanından istifadə beynəlxalq hüquq qaydalarını pozmasa da çoxluğun Ukraynanı dəstəklədiyi ölkədə bu hal birmənalı qarşılanmayıb

Rusiyaya dron daşıyan İran yük təyyarələrinin Gürcüstanın hava məkanından keçməsi bu ölkədə qızğın müzakirələrə səbəb olub.

Bir neçə gündür Gürcüstan müxalifəti hökuməti bu məsələ ilə bağlı yaranan suallara cavab verməyə çağırır. Müxalifət fəalları hökuməti Qərbin sanksiya tətbiq etdiyi İran hava şirkətinə arxa qapıdan yol verməkdə suçlayırlar.

Gürcüstanın İqtisadiyyat naziri “Iran Air”ə aid “Iran Air Cargo” şirkətinin təyyarəsinin sentyabrın 4-də Yerevandan Moskvaya yollandığını, Gürcüstan hava məkanında ümumilikdə 10 dəqiqə uçduğunu təsdiqləyib. Ancaq nazirlik təyyarənin sanksiya altında olduğu haqda iddianı təkzib edib. Nazirlik 21 və 29 avqust tarixləri üzrə uçuşlar haqda heç bir açıqlama verməyib.

Sanksiya siyahısı

“Iran Air Cargo” şirkətinin həqiqətən də ABŞ-ın sanksiya siyahısında olub-olmadığı dəqiq bəlli deyil. ABŞ Xəzinədarlığının saytında deyilir ki, sentyabrın 8-də ABŞ “Iran Air”ə aid başqa bir şirkəti - Tehranda yerləşən “Safiran” hava limanı xidmətləri şirkətini sanksiya siyahısına salıb. ABŞ Xəzinədarlığı “Safiran” şirkətini İran PUA-larını, personalı və müvafiq avadanlığı İrandan Rusiyaya daşımaqda ittiham edir.

Xəzinədarlıq “Safiran”dan başqa “Paravar Pars Company”, “Design and Manufacturing of Aircraft Engines” və “Baharestan Kish Company” şirkətlərinə də sanksiya açıqlayıb. Bu şirkətlərin dron istehsalı ilə məşğul olduğu bildirilir. Qurum eyni zamanda İran dronlarının və başqa hərbi avadanlıqlarının Rusiyaya çatdırılması ilə məşğul olan qeyri-İran və qeyri-Rusiya qurumlarına da xəbərdarlıq edib.

Həm Gürcüstan, həm də Ermənistan Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının üzvləridir. Daha çox “Eurocontrol” kimi tanınan bu qurumun baş qərargahı Brüsseldə yerləşir.

Gürcüstanın hava nəqliyyatına nəzarət şirkəti “Sakaeronavigatsia” açıqlamasında Çikaqo Konvensiyası kimi tanınan Beynəlxalq Mülki Aviasiya Konvensiyasına istinad edib. Konvensiyada deyilir ki, başqa bir dövlətdə qeydiyyatda olan mülki təyyarənin ölkənin hava məkanından uçması üçün aviasiya qurumunun icazəsi alınmalı deyil.

“Dəhşətli zərbə”

Gürcüstanın hava məkanından istifadə beynəlxalq hüquq qaydalarını pozmasa da çoxluğun Ukraynanı dəstəklədiyi ölkədə bu hal birmənalı qarşılanmayıb.

Qərbyönlü müxalif “Droa” partiyasının lideri Elene Xoştaria insidenti Gürcüstanın maraqlarına "dəhşətli zərbə” adlandırıb.

Vaşinqtonda yerləşən Hudson İnstitutunun əməkdaşı Lyuk Koffi Gürcüstanın Rusiyanın hərbi maraqlarına xidmət etməsi ilə bağlı həyəcan təbili döyüb. O, sentyabrın 9-da “Twitter”də belə yazıb: "Belə görünür ki, Ermənistan və Gürcüstan hava məkanlarından keçərək Rusiyaya naməlum yük daşıyan İran təyyarəsi ABŞ-ın sanksiya siyahısındadır. Mən Ermənistanın buna nə üçün imkan verdiyini anlayıram. Bəs Gürcüstan??"


Hökumətdən narazılıq

Rusiya Ukraynaya hücuma başlayandan Gürcüstanın “Gürcü arzusu” hökuməti müharibə ilə bağlı tutduğu mövqeyə görə sərt tənqid olunub. Ölkədəki bir çox qüvvələr hökuməti Rusiyanı dəstəkləməkdə günahlandırır. İşğalın başlanmasının ardınca Tbilisidə gecə-gündüz davam edən etirazlar həm də hökumətin Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmamaq qərarı ilə bağlı idi.

Gürcüstan hökuməti bu ölkədən olan döyüşçüləri Ukraynaya aparan təyyarəni yerə endirdiyi üçün növbəti dəfə tənqid atəşinə tutuldu. Bundan sonra Ukrayna Prezidenti Volodımır Zelenski ölkəsinin Gürcüstandakı səfirini geri çağırdı. Rusiyalı müxalif siyasətçilərin və müstəqil jurnalistlərin dəfələrlə Gürcüstana buraxılmaması çoxlarını bir daha hökumətin Moskvanın gündəminə uyğun hərəkət etməsinə inandırdı.

Ötən həftə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında sanksiya altında olan yüklərə diqqətin artırılmalı olduğunu deyib. "Mən deyə bilərəm ki, sanksiyalar çox mühüm bir vasitədir. Onların nə qədər təsirli olduğunu Rusiyada görürük və qarşıdakı aylarda görməyə davam edəcəyik", – Deqnan deyib.

XS
SM
MD
LG