Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Azərbaycan tədbir görməsə, qarşıdakı 30 ildə bunlar olacaq


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

Dünya Bankı "Azərbaycan – ölkə üzrə iqtisadi memorandum" adlı hesabatını yayımlayıb. Sənəddə həmin bankın ekspertləri Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışları incələyərək ölkənin dayanıqlı iqtisadi inkişafına dair təkliflər irəli sürüblər.

Hesabatda diqqət çəkilən əsas problemlərdən biri demoqrafiya və iqtisadi artımla bağlıdır və vurğulanır ki, Azərbaycanda əhalinin artım tempi azalır və əhali yaşlanır. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, son 10 ildə (2011-2021) ölkədə əhalinin hər min nəfərinə düşən doğulanların sayı 19.4-dən 11.2-ə enib, başqa sözlə, 40 faizə yaxın azalıb. Əgər 10 il öncə 65 yaşı aşan insanlar ölkə əhalisinin 5.8 faiziydisə, bu gün həmin göstərici 8 faizdir.

Bununla yanaşı, ölkə karbohidrogen ehtiyatlarının tükənməsi ilə üzləşir. Eyni zamanda, aktivlərin şaxələnməsi lazımi səviyyədə deyil və qeyri-neft/qaz sektorunun artıma töhfəsi məhduddur. Hazırda ölkənin ixrac gəlirlərinin 90 faizi məhz neft-qaz sektoru hesabına formalaşır. Belə bir şəraitdə Dünya Bankının uzunmüddətli artım simulyasiyası onu göstərir ki, sadalanan problemləri çözməkdən ötrü hər hansı ciddi siyasət tədbirləri görülməzsə, 2024-2050-ci illərdə Azərbaycanın orta illik iqtisadi artımı cəmi 0.5 faiz ola bilər. Adambaşı göstərici baxımından bu proqnoz hətta həmin səviyyədən də aşağıdır. Dünya Bankı adambaşı ÜDM artımının 1 faizdən aşağı səviyyədən başlanmasını və 2030-cu illərin ortasında sıfıra düşməsini proqnozlaşdırır. Nəticədə adambaşı ÜDM 2020-ci ildə 5 min 900 ABŞ dollarından 2050-ci ildə 6 min 500 ABŞ dollarına yüksələcək. Bu isə 30 il ərzində məcmu artımın yalnız 11 faiz olması anlamına gəlir. 30 illik zaman müddətində 11 faizlik artım çox aşağı göstərici sayılır.

Bunu necə dəyişməli?

Dünya Bankının hesabatında göstərilən problemin çözüm yolları da analiz edilib. Bankın ekspertlərinin fikrincə, qeyri-neft/qaz sektorunda məhsuldarlığın artırılmasına və insan kapitalının inkişafına çalışılsa, artım bərpa edilə bilər. Azərbaycan iqtisadiyyatını qarşıdakı illərdə gözləyən təhlükələrdən iqtisadi idarəetmənin təkmilləşdirilməsi, institusional kapitala yatırımların artırılması da xilas edə bilər. Bankın gerçəkləşdirdiyi islahat simulyasiyaları göstərir ki, Azərbaycanda 2024-2050-ci illər ərzində iddialı islahatlar aparılsa, orta illik artım 1.7 faiz bəndi daha yüksək olar. Bu səviyyədə artım reallaşsa, adambaşına ÜDM həcminə ciddi təsir gözlənilər. Əgər ciddi islahatlar aparılsa və sadalanan problemlər həllini taparsa, 2050-ci ildə Azərbaycanda adambaşına ÜDM 10 min 250 dollara yüksələ bilər. Bu, ortastatistik Azərbaycan vətəndaşının həmin müddətdə baza göstərici ilə müqayisədə 40 faiz zənginləşməsi deməkdir. Buna nail olmaq üçün uzunmüddətli artımın aparıcı qüvvəsi kimi qeyri-enerji sektorunda məhsuldarlıq yüksəldilməli və insan kapitalı gəlişməlidir. Nəzərə almaq lazımdır ki, dövlət sərmayələrinin genişlənməsi və investisiya səmərəliliyinin artırılması 2030-cu ilədək bəlli səviyyədə əlavə artım gətirə bilər. Ancaq azalan marjinal fayda göstərir ki, dövlət yatırımları uzunmüddətli artımı şərtləndirən aparıcı qüvvə kimi qala bilməyəcək.

Dayanıqlı iqtisadi inkişafa nail olmaq baxımından uzunmüddətli artımın sabit tempinin təmin edilməsi də ayrıca önəm daşıyır. Axı artım tempi dayanıqlı olmazsa, iqtisadiyyat da sürətli artım tempi göstərə bilməz. Azərbaycan iqtisadiyyatının neft-qaz gəlirlərindən yüksək səviyyədə asılı olması ölkənin gəlirlərinin kəskin azalma ehtimalını hər zaman aktual edir. Bu baxımdan, "kəskin artım-tənəzzül" dövriliyindən qurtulmaq ölkə iqtisadiyyatı üçün çox vacibdir. Neft gəlirlərindən yüksək asılılıq Azərbaycanı neft qiymətlərinin qeyri-sabitliyindən, gəlirlərin tükənmə ehtimalından və real valyuta məzənnəsinin dəyişkənliyindən qaynaqlanan risklərə məruz qoyur. Hesabatda bildirilir ki, büdcə-vergi, monetar və bank-maliyyə sektorlarında aparılan siyasət həmin riskləri səmərəli şəkildə idarə edə bilməyib.

Hesabatda o da qeyd edilir ki, neft-qaz sektorundan yüksək asılılıq makroiqtisadi risklərlə yanaşı, enerji keçidi ilə də bağlı çətinliklər törədə bilər. Axı qlobal enerji istehlakında ənənəvi enerjidaşıyıcılardan imtina olunması və bərpa olunan enerji mənbələrinə keçid karbohidrogen ehtiyatları hasilatının iqtisadi səmərəliliyini, əlavə hasilat üçün stimulu da azalda bilər. Bu isə ölkənin enerji resurslarından qazandığı gəlirləri ciddi risk altında qoyur.

XS
SM
MD
LG