Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:39

Tinkov Rusiya vətəndaşlığından imtina edir


Oleq Tinkov
Oleq Tinkov

Postsovet Rusiyasının ən uğurlu sahibkarlarından olan Oleq Tinkov Kremlin Ukraynadakı müharibəsinə qarşı çıxdığı üçün vətəndaşlıqdan imtina edib.

“Faşist ölkəsi ilə bağlı ola bilmərəm”

Hazırda Londonda yaşayan Tinkov oktyabrın 30-da Instagram səhifəsində Rusiya vətəndaşlığından imtinası əks olunmuş rəsmi sənədi yayıb.

“Rusiya vətəndaşlığından çıxmaq qərarına gəldim. Dinc qonşusu ilə müharibəyə başlayan və hər gün günahsız adamları öldürən faşist ölkəsi ilə bağlı ola bilmərəm”, – Tinkov yazıb.

54 yaşlı Tinkov 1991-ci ildə Sovet İttifaqı dağılanda biznesini qurmağa başlayıb, Technoshock məişət əşyaları satış şəbəkəsini, daha sonra Daria ərzaq istehsalçısını qurub.

Əldə etdiyi gəlirlər hesabına Tinkoff pivə zavodunu açan biznesmen sonradan onu 200 milyon dollara Inbev şirkətinə satıb. Daha sonra isə sahibkar Tinkoff Bank-ı yaradıb, səhmlərini London birjasına salıb və milyarderə çevrilib.

Digər biznesmenlərə çağırışı

Britaniyada leykemiyadan müalicə alan Tinkov müharibəyə qarşı çıxan azsaylı rusiyalı maqnatlardandır. O, apreldə Instagram postunda Ukraynadakı müharibəni “ağılsızlıq” adlandırmışdı.

Rusiya müharibəni tənqid edənləri sıxışdırıb. Aprelin sonunda Tinkov bankını Kremlə yaxın milyarder Vladimir Potaninə satıb.

Tinkov oktyabrın 30-da postunda yazıb ki, digər tanınmış rusiyalı biznesmenlərin onun ardınca gedəcəyinə ümid edir, “çünki bu, Putin rejimini və iqtisadiyyatını zəiflədir, onu sonucda məğlubiyyətə düçar edir”.

Amma rusiyalı maqnatlar müharibəni tənqid edəcəkləri halda həbs olunma, ölkə daxilindəki bizneslərini itirmək riskiylə üzləşirlər. Xaricdə yaşayan, biznesləri başqa ölkələrdə qeydiyyata alınanlar barədəsə bunu demək olmaz.

Daha bir milyarder

Londonda yerləşən Revolut maliyyə texnologiya şirkətinin milyarder başçısı Nikolay Storonskinin də Rusiya vətəndaşlığından imtina etdiyi deyilir. Bu haqda məlumat oktyabrın 30-da yayılıb.

38 yaşlı Storonski Ukrayna doğumlu, Kremlin nəzarətində olan Gazprom enerji nəhənginin aparıcı rəsmisi Nikolay Storonskinin oğludur.

Britaniya pasportu olan Storonski Rusiyanın Ukraynanı işğal etməsini pisləyib, bunu “təkcə dəhşətli” adlandırmayıb, həm də “inanmağın mümkün olmadığını” deyib.

“İlk gündən hiss etdiyimi aydın, açıq şəkildə demək istəyirəm: müharibə heç vaxt cavab deyil”, – o, martın əvvəlində bloqunda yazırdı.

Rusiya Ukraynaya hücuma fevralın 24-də başlayıb.

Ukrayna kökənli olmasına baxmayaraq, Storonskinin atası Gazprom Promgaz-da baş direktoru vəzifəsini tutduğuna görə bu ayın əvvəlində Ukrayna hökumətinin sanksiya siyahısına salınıb.

“Bloomberg” oğul Storonskinin varidatını 6.7 milyard dollar həcmində dəyərləndirir.

XS
SM
MD
LG