Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

ABŞ-ın yeni müdafiə büdcəsi Türkiyəyə F-16-ların satışına yol açır?


Türkiyənin F-16 donanması (Arxiv fotosu)
Türkiyənin F-16 donanması (Arxiv fotosu)

ABŞ Nümayəndələr Palatası Türkiyəyə F-16 qırıcılarının satılmasını bir neçə şərtlərə bağlayan qanun düzəlişini ləğv edib.

TRT-nin xəbərinə görə ABŞ Nümayəndələr Palatası və Senatın birgə bəyanatında deyilir ki, sözü gedən düzəlişin 2023-cü ilin hərbi xərclər qanunundan çıxarılmasına dair ikipartiyalı və ikipalatalı razılaşma əldə olunub.

2023-cü il üçün Milli Müdafiə Büdcəsinə dair qanunun Senatdan və Nümayəndələr Palatasından elə bu ay keçəcəyi gözlənilir.

Qanun bundan sonra prezident Co Bayden tərəfindən imzalanmaq üçün Ağ Evə göndərilməlidir.

Türkiyə Lockheed Martin şirkətinin istehsalı olan 40 ədəd F-16 qırıcısının alınması üçün Birləşmiş Ştatlara oktyabr ayında müraciət etmişdi.

Ankara bundan başqa ABŞ-dan özünün F-16 donanmasının modernləşdirilməsi üçün 80 ədəd ehtiyat hissələri dəsti istəyib.

Vaşinqton indiyədək bu ricanın icrasına dair suallara cavab verməkdən yayınıb və bildirib ki, bu sifariş standart silah satışı prosedurlarından keçməlidir.

Lakin ən önəmlisi budur ki, Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə satılmasının ABŞ-ın milli təhlükəsizlik marağında olduğu qənaətdindədir.

Administrasiya hətta bu xüsusda Konqresə məktub da göndərmişdi.

Ərdoğanın xəbərdarlığı

BulgarianMilitary.com ekspert saytı xatrıladır ki, Türkiyəyə F-16 qırıcılarının satışına məhdudiyyət qoyulmasının əsas səbəbi onun Amerika istehsalı təyyarələrlə Yunanıstanın hava sərhədini pozmasına dair iddialar idi.

Bundan əvvəl Ankara bu prosesin uzanması ilə bağlı narazılığını bildirmişdi.

Prezident Recep Tayyip Ərdoğan demişdi ki, Türkiyə lazım gələrsə döyüş təyyarələrini başqa ölkələrdən də ala bilər:

“Birləşmiş Ştatlar döyüş təyyarələri satan yeganə ölkə deyil. Birləşmiş Krallıq, Fransa və Rusiya da bunları satır. Bu təyyarələri başqa yerlərdən də almaq olar və bu barədə bizə artıq siqnallar da gəlir”.

Türkiyənin öz yerli istehsalı

BulgarianMilitary.com saytı yazır ki, Türkiyə özünün F-16 donanmasının modernizasiyasına artıq başlamışdı.

Ankara F-16-lar üçün özünün AESA radar sistemini yaradıb. Məqalədə deyilir ki, Türkiyə ABŞ istehsalı olan göy-yer, göy-göy raketlərini də tədricən öz istehsalı olan raketlərlə əvəzləmək niyyətindədir.

Bu raketlər Türkiyənin Roketsan şirkətində istehsal olunur.

Bu da qeyd olunur ki, ötən müddət ərzində Türkiyənin Qərb istehsalçılarından asılılığı azalmağa başlayıb.

Xəbər verilir ki, Türkiyənin ballistik raketlərindəki Fransa istehsalı Safran mühərrikləri də yerli istehsalla əvəzlənəcək.

Türkiyə hazırda ordusunun əsas tankı olan Altay tankları üçün də öz mühərriklərini yaratmaq üzərində işləyir.

Bundan başqa ölkə habelə TF-X qırıcılarının tikilməsi üzrə layihəyə başlayıb.

Beləliklə ABŞ-ın müdafiə büdcəsi qanununda Türkiyə üçün qoyulan məhdudiyyətin qaldırılması Vaşinqtona Türkiyədə itirdiyi bazara qayıtmaq imkanı yaradır.

Ermənistanda general yararsız raket sifarişində ittiham olunur
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

ABŞ-ın yeni müdafiə büdcəsində olanlar

ABŞ Konqresinin Nümayəndələr Palatası dekarın 8-də 2023-cü maliyyə ili üçün ölkənin rekord 858 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib.

Bu, 2022-ci ilin müdafiə büdcəsindən təxminən 80 milyard dollar çoxdur.

Büdcədə Ukraynaya hərbi yardımlar üçün əlavə olaraq 800 milyon dollar ayrılıb.

Bu, Ağ Evin Konqresdən istəydiyindən 500 milyon dollar çoxdur.

Büdcəyə görə yaxın 10 il ərzində Tayvanın müdafiəsinə 10 milyard dollar xərclənməlidir.

Büdcədə Avropada müharibə təhlükəsinin cilovlanmasına 6 milyard dollar nəzərdə tutulur.

Büdcə Rusiya ilə müdafiə əməkdaşlığını qadağan edir

Büdcə haqqında qanun Rusiya ilə müdafiə sahəsində hər hansı əməkdaşlığı qadağan edir.

Sənəddə nüvə silahı daşıya bilən yeni B-21 strateji bombardmançılarının istehsalının tamamilə ödənməsi nəzərdə tutulur.

Qanun orduya əlavə olaraq 36 ədəd F-35 təkmil qırıcılarının alınmasına icazə verir.

Büdcə qanununa görə hərbi dəniz donanması yeni gəmilərin tikintisi üçün 32 milyard dollar alacaq.

Xəbər verilir ki, müdafiə büdcəsi qanununun layihəsi bütünlükdə 4408 səhifədir.

Büdcədə ABŞ-ın təkcə hərbi hospitallarının yenidən qurulmasına 50 milyard dollar nəzərdə tutulur.

Bundan başqa yeni büdcəyə görə hərbçilərin və hərbiyyədə çalışan mülki qulluqçuların maaşları 4,6 faiz artırılacaq.

Məsələn büdcəyə görə federal qulluqçuların bir saat üçün minimum əməkhaqqı 15 dollar olacaq.

İndi büdcə haqqında qanun Senatda səsverməyə qoyulacaq. Qanunun Senatdan asanlqıla keçəcəyi gözlənilir.

XS
SM
MD
LG