Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

Dünyada 2030-cu ildə ifrat yoxsul olmayacaq?


Bazarda satıcılar xarab tərəvəzləri ona verirlər ki, özünə yemək hazırlasın
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Bazarda satıcılar xarab tərəvəzləri ona verirlər ki, özünə yemək hazırlasın

"Minilliyin İnkişaf Məqsədləri"nin davamı olaraq, BMT 2015-ci ildə icrası növbəti 15 il müddətinə nəzərdə tutulan yeni sənəd qəbul etdi. Sənəd insanların inkişafı üçün son dərəcə önəmli imkanların yaradılmasını və planeti qorumaqla qlobal inkişafın dayanıqlılığına təminat verməyi baş hədəf götürüb. Bu sənəddə irili-xırdalı 17 məqsəd və 169 hədəf əksini tapıb. Tam adı "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dir. Əsas məqsəd dünyadakı yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək, iqlim dəyişikliyi və digər qlobal təhdidlərlə mübarizə aparmaqdır.

Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) birincisi yoxsulluğa son qoymaqdır:

- 2030-cu ilədək hər yerdə ifrat yoxsulluğa son qoyulmalı;

- milli anlayışlara uyğun olaraq yoxsulluğun bütün formalarında yaşayanların xüsusi çəkisi, ən azı, yarıya endirilməli;

- sosial müdafiə sistemləri hamı üçün tətbiq edilməli və müvafiq tədbirlər görülməlidir.

BMT-nin fikrincə, yoxsulluq davamlı yaşayışı təmin etmək üçün gəlir və istehsal resurslarının çatışmazlığından daha geniş anlayışdır. Onun təzahürlərinə aclıq və qidasızlıq, təhsilə və digər əsas xidmətlərə məhdud çıxış imkanları, sosial ayrıseçkilik və təcridolunma daxildir. Qərar qəbuluna qatılmamaq da yoxsulluğun özəlliklərindən sayılır.

Yoxsul sayı necə dəyişib?

BMT-nin hesabatında qeyd olunub ki, 2015-ci ildən 2018-ci ilədək dünyada ifrat yoxsulluq səviyyəsi rekord həddə azalaraq 10.1 faizdən 8.6 faizə düşüb. Bununla da gündəlik gəliri 1.90 dollara çatmadığından beynəlxalq yoxsulluq həddi sayılan əhalinin sayı 740 milyon nəfərdən 656 milyon nəfərə enib. Di gəl, COVID-19 pandemiyası bu uğura ciddi zərbə vurub və ifrat yoxsulluq səviyyəsi 2019-cu ildəki 8.3 faizdən 2020-ci ildə 9.2 faizə yüksəlib. Bu, 1998-ci ildən bəri ilk artım, 1990-cı ildən bu yana isə ilk kəskin artımdır.

Pandemiya dünyada daha 93 milyon insanı ifrat yoxsulluq səviyyəsində yaşamağa düçar edib. 2020-ci ildə çalışan əhali arasında ifrat yoxsulluq səviyyəsi 2019-cu ildəki 6.7 faizdən 7.2 faizə qalxıb. Öncəgörmələr göstərir ki, pandemiya, bahalaşma və Ukrayna savaşı bu ilin sonunadək daha 95 milyon insanı da ifrat yoxsula çevirə bilər. BMT-nin fikrincə, bütün bunlar 2030-cu ilədək dünyada ifrat yoxsulluğun ləğvinin mümkün olmadığını söyləməyə əsas verir.

Beynəlxalq və milli yoxsulluq həddi

Hazırda "Beynəlxalq yoxsulluq həddi", 2011-ci ildəki beynəlxalq qiymətlərə görə, gündəlik 1.90 dollar, yəni indiki məzənnə ilə 3 manat 23 qəpik səviyyəsində müəyyənləşdirilib. Qurumun hesabatına əsasən, Azərbaycanda beynəlxalq yoxsulluq həddi göstəricisindən az gəliri olanların sayı sıfır faizdir. MDB ölkələrinin cəmi ikisində beynəlxalq yoxsulluq həddindən az gəlir əldə edən şəxslər var - Ermənistan və Tacikistanda. Ötən ilin göstəricisinə görə, Ermənistanda əhalinin 1.1 faizi beynəlxalq yoxsulluq həddindən az gəlir qazanır. Tacikistanda həmin göstərici 2.6 faizdir.

Beynəlxalq yoxsulluq həddi ilə yanaşı, yerli göstəricilər də nəzərə alınır və "Milli yoxsulluq dərəcəsi" hesablanır. Ötən il Azərbaycanda yoxsulluq həddi göstəricisi 204 manat 70 qəpik olub. Başqa deyimlə, bu məbləğdən az gəliri olanlar yoxsul sayılıb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı göstəricilərdən aydın olur ki, son illər yoxsulluq artıb. 2019-cu ildə ölkədə yoxsulluq səviyyəsi 4.8 faiz olaraq açıqlanmışdı. 2020-ci ildə bu göstərici 50 faiz artaraq 6.2 faizə yüksəldi. Ötən il yoxsulluq nisbətən azalaraq 5.9 faizə ensə də, pandemiyaöncəsi dövrlə müqayisədə yenə yüksəkdir. Hökumətin fikrincə, Azərbaycanda təxminən 600 min nəfər yoxsul var. Amma müstəqil ekspertlər bu saya birmənalı yanaşmırlar. Yoxsulluğun ölçülməsi ilə bağlı səsləndirilən əsas tənqid yoxsulluq həddi kimi müəyyən edilən məbləğin real minimum tələbləri ödəməməsidir. Bu baxımdan, ekspertlər düşünürlər ki, yoxsulluq həddi daha real rəqəmlərlə ifadə edilsəydi, Azərbaycanda yoxsulluq göstəricisi daha yüksək olardı. Beynəlxalq təşkilatların açıqladığı rəqəmlər də Azərbaycanda yoxsulluq səviyyəsinin daha yüksək olduğunu üzə çıxarır.

Kəndlilər daha yoxsuldur?

Milli yoxsulluq həddi göstəricisi hər bölgədə fərqlidir. Rəsmi bilgilərə görə, şəhərlərdə yoxsulluq göstəricisi 4.3 faiz olduğu halda, kəndlərdə bu rəqəm 7.8 faizdir. Kişi və qadınlar arasında qeydə alınan göstərici isə, demək olar, bərabərdir (uyğun olaraq 5.9 və 6 faiz).

MDB-də durum necədir?

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı açıqlanan hesabatda MDB ölkələrinə aid göstəricilər də yer alır. Doqquz ölkənin göstəricilərindən aydın olur ki, 2020-ci ilin sonuna MDB məkanında milli yoxsulluq göstəricisinin ən çox olduğu ölkə Ukraynadır. Burada əhalinin 47 faizi milli yoxsulluq həddi göstəricisindən daha az gəlir əldə edib. İkinci ən yüksək göstərici Ermənistanda qeydə alınıb. Ermənistanda yoxsulluq göstəricisi 27 faizdir. Moldova (26.8 faiz) və Tacikistan (26.3 faiz) da yoxsulluq göstəricisinin yüksəkliyi ilə fərqlənir. MDB ölkələri arasında yoxsulluq göstəricilərinin ən aşağı olduğu ölkələr Belarus (4.8 faiz) və Qazaxıstandır (5.3 faiz).

XS
SM
MD
LG