Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:29

Moskva Paşinyanın Laçın dəhlizinə görə tənqidinə cavab verdi


Nikol Paşinyan
Nikol Paşinyan

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) dekabrın 22-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə telefonla danışıb. Bu haqda Hacıyev Twitter hesabında yazıb.

“İkitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi danışıqlarını nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, – Hacıyev yazıb.

Paylaşımda deyilir ki, Laçın-Xankəndi yolunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun vurduğu ekoloji ziyana etiraz edən vətəndaş cəmiyyəti fəallarının legitim narahatlığı Sallivana çatdırılıb. “Ermənistanın blokada iddiaları əsassızdır, qara propaqanda cəhdidir”, – Hacıyev yazıb.

Sallivan dekabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da telefon danışığı aparıb. Qriqoryan ona Laçın dəhlizində Azərbaycanın yaratdığı böhranla bağlı detallı məlumat verib, şuranın mətbuat xidməti bildirir. Tərəflər vəziyyətin tezliklə həll olunmasının, sülh danışıqları üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Artıq 12-ci gündür Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşdirən yeganə yolu azərbaycanlı fəalların bağladığı bildirilir. Etirazçılar ətraf mühitlə bağlı tələblər səsləndirirlər. Ancaq Azərbaycan XİN yolu Rusiya sülhməramlılarının bağladığını, humanitar məqsədlər üçün açıq olduğunu deyir.

+++

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dekabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə bağlı sözlərinə reaksiya verib:

“Rusiya sülhməramlıları bütün mümkün olanları edirlər ki, işlədikləri ərazilərdə qayda-qanun və asayiş təmin olunsun. Onlar müstəsna olaraq tərəflərin imzaladıqları sənədlərin ruhuna və məzmununa uyğun olaraq fəaliyyət göstərirlər”.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da Ermənistan baş nazirinin dediklərinə münasibət bildirib.

O deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın yenicə verdiyi bəyanata rəğmən Rusiya sülhməramlıları Qarabağda öz missiyalarını uğurla icra edirlər:

“Rusiya sülhməramlıları öz missiyalarını yerinə yetirirlər. Məhz Rusiya sülhməramlıları situasiyanın stabilləşməsi üçün hər şeyi edirlər və bu, onlarda alınır. Ona görə də bizim sülhməramlılarımıza belə münasibət qəbulolunmazdır”.

Paşinyan Laçın dəhlizinə görə Rusiyanı tənqid edir

Yerevan sülh sazişi üzrə təkliflərini Bakıya təqdim edib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 22-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Yerevan belə bir mahiyyətli sazişi imzalamağa hazırdır. O, “Azərbaycanın da reaksiyasının müsbət olacağına ümidini” ifadə edib.

Qoşunları geri çəkmək tələbi

“Ermənistan bir neçə ay öncə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizlik komissiyalarının gələcək işiylə bağlı Azərbaycana təkliflərini verib. Ancaq o vaxtdan cavab almamışıq.

Azərbaycana regional əlaqənin bərpası üzrə təkliflərimizi vermişik, məsələnin dərhal həlli üçün bu yolla getməyə hazırıq”, – deyən Paşinyan təkliflərə Ermənistanın işğal olunmuş ərazilərinin həllinin də daxil olduğunu vurğulayıb.

“Mövqeyimiz dəyişməyib: Azərbaycan Ermənistan respublikasının suveren ərazilərinin işğalını dayandırmalı, qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmalıdır”, – Baş nazir vurğulayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi bağlamayıb, sərhədlər delimitasiya olunmayıb.

Təkliflər

Son iki ildə sərhəd toqquşmalarında hər iki tərəf itki verib. Ermənistan Azərbaycanı onu suveren ərazisinə girməkdə ittiham edib. Ancaq Bakı bu ittihamları rədd edib, sərhədlərin müəyyənləşdirilmədiyini bildirib.

Rəsmi Bakı son təkliflərin mahiyyətinə və onlara münasibətini açıqlamayıb.

Bir müddət öncə Ermənistan Azərbaycanın təqdim etdiyi sülh sazişinin mətni üzərində iş getdiyini bildirmişdi. Azərbaycanın hansı müddəalar irəli sürdüyü açıqlanmasa da, bunların elə öncəki 5 müddəa, ancaq daha açıq olduğu deyilirdi.

Azərbaycanın bu ilin əvvəlində təqdim etdiyi beş maddə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin delimitasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasını, ərazi bütövlüyünə təhdiddən çəkinməyi nəzərdə tutur.

Laçın dəhlizi

Paşinyan ötən həftədən Laçın dəhlizində yaranmış böhranın həllini tapmadığını, Qarabağda humanitar vəziyyətin çox gərgin olduğunu sözlərinə əlavə edib. O, qanunsuz blokada nəticəsində yüzlərlə ailənin bir-birindən ayrı düşdüyünü vurğulayıb.

Laçın dəhlizi 10 gündür bağlıdır. Azərbaycanlı fəallar orada ekoloji tələblər aksiya keçirdiklərini deyirlər. Ancaq Bakı dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Paşinyan dəhlizdə yaranmış vəziyyətə görə Rusiyanı da tənqid edib, Moskvanın 2020-ci il üçtərəfli atəşkəs bəyanatının öhdəliklərinə əməl etmədiyini deyib.

Həmin bəyanatın 6-cı bəndinə görə, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altındadır, Azərbaycan isə bu dəhlizlə hərəkətin təhlükəsizliyini təmin edir.

“Bu bənd faktiki işləmir. De-fakto elə alınır ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın öhdəliklərinə əməl etmir... Əlbəttə, bütün bunlar Azərbaycanın qanunsuz hərəkətlərinin nəticəsində baş verir, ancaq bu, vəziyyəti dəyişmir. Rusiya sülhməramlı qüvvələrinin əsas məqsədi belə bir qanunsuzluğa imkan verməmək, Laçın dəhlizini nəzarətdə saxlamaqdır”, – Paşinyan vurğulayıb.

Baş nazir Qarabağa və Laçın dəhlizinə BMT, yaxud ATƏT, ya da ATƏT-in Minsk qrupunun missiyasını göndərmək məsələsi üzərində işləməyin gərəkdiyini bildirib.

Azərbaycan isə 44 günlük müharibədən sonra Qarabağ məsələsinin tarixə qovuşduğunu deyir, regiondakı ermənilərin məsələsini daxili işi adlandırır, heç bir beynəlxalq mərkəzlə bu haqda danışıqlara getməyəcəyini bəyan edir.

XS
SM
MD
LG