Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı


Ruben Vardanyan
Ruben Vardanyan

Prezident Vladimir Putin erməni əsilli milyarder biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxarılmasına dair xahişini təmin edib.

RBK agentliyi xatırladır ki, Vardanyan Rusiya vətəndaşlığından çıxması və Qarabağa köçməsi barədə hələ sentyabrda bəyanat vermişdi.

Vardanyan bundan əvvəl siyasi fəaliyyətlə məşğul olmayacağını desə də, noyabrın əvvəllərində Qarabağdakı qondarma separatçı rejimin “dövlət naziri” vəzifəsinə təyin olunub.

Vardanyan – “Vardanyan, Broytman və partnyorları” investisiya şirkətinin prezidenti və RVVZ Foundation ailə fondunun və “Skolkovo” Moskva İdarəçilik Məktəbinin həmtəsisçisidir.

Forbes jurnalının məlumatına görə sərvəti 1 milyard dollar civarında olan Vardanyan Rusiya milyarderlərinin reytinqində 116-cı yeri tutur.

O Qarabağa köçməzdən əvvəl Rusiyadakı aktivlərini partnyorlarının idarəçiliyinə verdiyini bildirib.

Vardanyan hələ 2021-ci ildə Rusiya vətəndaşlığından imtina edəndə RBK agentliyinə demişdi ki, Qarabağdakı yerli erməniləri dəstəkləmək niyyətindədir.

Bakı Vardanyanla danışmayacağını bildirib

Ruben Vardanyan Qarabağa gəldikdən sonra verdiyi bəyanatlarda özünü Bakı ilə danışıqların tərəfi, “Qarabağ ermənilərinin elçisi” kimi gördüyünü dilə gətirib.

Amma Azərbaycan prezidenti İlham Əliyev onun bu istəyinə münasibətini hələ noyabrın ortalarında ifadə edib. O Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqlarını və onlarla danışmağa hazır olduğunu deyib:

“Amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq... Yeri gəlmişkən, bu proses başlayıb".

2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını deyir.

Oktyabrın 31-də Soçidə üçtərəfli görüşdən sonra da Azərbaycan prezidenti İlham Əliyev deyib ki, münaqişə bitib, müzakirəlik bir şey qalmayıb.

Prezident İlham Əliyev bir neçə dəfə bunu da deyib ki, Azərbaycan Qarabağ və ordakı sakinlərlə bağlı məsələləri heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG