Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:46

Məscidlərdə dindarlara deyirlər ki, yolka bəzəmək ‘günah’ sayıla bilər


Aşqabad, dekabr, 2022-ci il
Aşqabad, dekabr, 2022-ci il

Türkmənistanın vilayətlərində şirkətlərə və sakinlərə Yeni il şənlikləri keçirmək qadağan edilib. Elə bayram mövsümü başlayandan restoranlar, barlar iş saatlarını azaldıblar. Bu təcrid olunmuş repressiv ölkədə dövlət rəsmiləri qadağanı izah etməyiblər.

AzadlıqRadiosunun türkmən xidməti yazır ki, yeni məhdudiyyətlərin tətbiqindən ötrü ölkə boyunca polis qüvvələri yerləşdirilib.

Cənub-şərqi Marı vilayətində bir neçə dövlət qulluqçusu anonimlik şərtiylə radioya deyib ki, şirkətlərin Yeni il partiləri təşkil etməsi, hətta evlərdə, yaxud restoranlarda özəl tədbirlər keçirmək yasaqlanıb.

Dekabrın ortasından Marıda restoranlar, kafelər, barlar, banket zalları iş saatlarını azaldıblar. İlin ən qızğın və gəlirli mövsümündə restoranlar axşam 9-da qapıları bağlayırlar.

Restoran sahibinin gileyi

Vilayətin paytaxtı Marı şəhərində bir restoran sahibi dekabrın 26-da radioya danışıb ki, qadağalar onların bizneslərinə, işçilərinə ziyan vurur.

“Bunun heç bir mənası yoxdur. Bu günlərdə adamlar Yeni illə əlaqədar restoranlarda, banket zallarında yığışmaq istəyirlər”, – adının çəkilməsini istəməyən biznesmen deyib.

O, Türkmənistan kimi yoxsul, hökumətin insanların həyatına nəzarət etdiyi bir ölkədə Yeni ilin “adamların üzünü güldürdüyü azsaylı bayramlardan olduğunu” sözlərinə əlavə edib.

“Dövlət qulluqçuları adətən işi axşam 6-da bitirir və saat 6-də restorana gəlirlər. Ancaq bugünlər axşam 9-un yarısında bağlamağa başlayırıq. Belə çıxır, heç yemək sifariş etməmiş onların restorandan çıxmasını tələb etməliyik”, – biznesmen sözlərinə əlavə edib.

Ucadan musiqi oxutmağa qoymurlar

Marı sakinləri son günlərdə küçələrdə polis qüvvələrinin sayının artdığını deyirlər.

“Polis adamların hətta öz evlərində belə parti keçirməsini qadağan edir. Musiqi ucadan çalındıqda polis onun səsini azaltmağı tələb edir”, – bir sakin söyləyib.

Ancaq sakinlərin sözlərinə görə, polis hökumət rəsmilərinin və digər yaxşı əlaqələri olanların yeni qaydalara əməl etməməsinə göz yumur.

Lebap və Balkan vilayətləri

Qonşu Lebap vilayətində isə restoranların iş saatları dəyişməyib. Ancaq bu vilayətin bir çox yerlərində də dövlət qulluqçularının restoranlarda, kafelərdə, hətta iş yerlərində Yeni il keçirməsi yasaqlanıb. Lebapda şirkət rəhbərləri işçilərə xəbərdarlıq ediblər ki, qadağanı pozsalar, işdən çıxarıla bilərlər.

Balkan vilayətində dövlətin təyin etdiyi imamlar moizələr vaxtı dindarlara deyiblər ki, Yeni il qeyd etmək İslam dininə uyğun deyil. Onlar məktəb və ofislərdə yolka bəzədilməsini, onların ətrafında rəqs edərək mahnı oxumağın “günah” sayıla biləcəyini deyiblər.

Əsasən müsəlmanların yaşadığı Orta Asiyada əhali Yeni ildə evlərində küknar ağaclarını bəzəyir, fişənglər atır. Yerli hakimiyyət orqanları isə konsertlər, ərzaq yarmarkaları, digər tədbirlər təşkil edirlər.

Müsəlmana hansı bayramlar olar?
Gözlə

No media source currently available

0:00 0:25:00 0:00
Direct-ə keçid

Təhlükəsizlik məsələsi

Di gəl, Yeni il qadağaları nə rəsmən elan olunub, nə də rəsmi izahat verilib.

İndiyədək Türkmənistan hakimiyyəti əhalini müxtəlif dövlət tədbirlərində iştiraka məcbur etsə də, özəl yığıncaqlara ehtiyatla yanaşıb.

Bəziləri bu məhdudiyyətləri təhlükəsizlik sarıdan narahatlıqla əladələndiriblər. Ötən il Lebapda kütlənin qarşısında əldəqayırma fişənglər partladılmış, dörd nəfər ölmüş, 30 nəfər yaralanmışdı.

Son günlər polis əməkdaşları vilayətlərdə evlərə, məktəblərə gedir, gəncləri Yeni il şənliklərində fişəng atmamağa, onları evdə hazırlamamağa çağırır. Valideynlərə xəbərdarlıq edilib ki, uşaqları qadağanı pozarsa, cərimələnəcəklər.

Yaşayış evlərinin yaxınlığında atəşfəşanlıq da yasaqlanıb.

Paytaxtda fərqli mənzərə

Ancaq son məhdudiyyətlərin təhlükəsizliklə bağlı olub-olmadığı aydın deyil.

AzadlıqRadiosunun türkmən xidməti vilayətlərdən fərqli olaraq paytaxt Aşqabadda dəbdəbəli şənliklərin keçirildiyini xəbər verir. Dekabrın 15-də şəhərin baş yolkası qurulandan sonra açıq havada konsert və parti keçirilib. Bununla da bayram mövsümünə start verilib.

Dekabrın 15-də postsovet məkanında Yeni ilin ənənəvi simvolları sayılan Şaxta baba və Qar qızın gəlişi üçün yollar təmizlənib. Dövlət mediası paytaxtda bir sıra digər konsert və tədbirlərin keçiriləcəyini də elan edib.

XS
SM
MD
LG