Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Vaşinqton Rusiya təyyarələri ilə bağlı Ankaraya xəbərdarlıq edib


Aeroflot aviaşirkətinin Boeing 737 500 təyyarəsi (Arxiv fotosu)
Aeroflot aviaşirkətinin Boeing 737 500 təyyarəsi (Arxiv fotosu)

Vaşinqton Rusiyadan Türkiyəyə ABŞ istehsalı olan Boeing təyyarələri ilə uçan reysləri qəbul etməməsi üçün Ankaraya təzyiq göstərir.

Bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti yazır.

Sözü gedən mənbələr qəzetə bildiriblər ki, hələ ötən dekabrda yüksək vəzifəli ABŞ rəsmiləri Türkiyəyə Rusiyaya qarşı sanksiyaların icrasının mühümlüyü barədə xəbərdarlıq ediblər.

The Wall Street Journal qeyd edir ki, Birləşmiş Ştatların mövqeyini əks etdirən rəsmi sənədi Ankaraya ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Teya Rozman Kendler çatdırıb.

Xanım Kendler ötən ilin sonlarında Türkiyəyə rəsmi səfər etmişdi.

Rusiya, Belarus və İran təyyarələri

Qəzet bildirir ki, nazirlik məsələ barədə təfərrüatları açıqlamayıb, amma qeyd edib ki, Vaşinqton ABŞ-ın Rusiya, Belarus və İran təyyarələri ilə bağlı məhdudiyyətlərinə əməl edilməsi üçün xarici aviasiya şirkətləri ilə işləyir.

Ötən il dövriyyəyə buraxılmış qaydalara görə Rusiya və Belarusun tam və ya qismən ABŞ istehsalı olan təyyarələrinə başqa ölkələrdə yanacaq doldurulması və ehtiyat hissələri verilməsi qəti qadağandır.

Bu qaydanı pozanlara cərimələr və hətta həbsxana cəzaları tətbiq edilə bilər.

Amerikanın Boeing korporasiyası Rusiyada təyyarələrə xidmət göstərilməsini ötən martın əvvəllərindən dayandırıb.

Buna bənzər addımı Avropanın Airbus şirkəti də atıb.

Türkiyəyə rusiyalı axını

The Wall Street Journal qəzetinin məlumatına görə Rusiya aviaşirkətləri ötən il oktaybrın 1-dən indiyədək Türkiyəyə Boeing təyyarələri ilə 2000-dən çox reys ediblər.

Türkiyə Rusiya turistləri üçün ən cəlbedici istiqamət olaraq qalır.

Kommersiya dairələrinin məlumatına görə 2022-ci ildə Türkiyə rusiyalılar üçün ən populyar məkan olub.

Bu müddətdə Rusiyadan Türkiyəyə 5 milyon nəfər səfər edib.

Proqnozlara görə 2023-cü ildə rusiyalıların Türkiyəyə axını 40 faiz artaraq 7 milyona çata bilər.

Həmin proqnozlara görə Türkiyə 2022-ci ildə turizmdən 37 milyard dollar qazanıb və ölkəyə 47 milyon turist səfər edib.

Turist mövsümündə Türkiyədə sutkalıq yaşama xərcləri 84 dolllardır. Türkiyə turizm sahəsinin şirkətləri bu rəqəmi 93 dollara çatdırmaq istəyirlər.

XS
SM
MD
LG