Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Rusiya Ukraynanın onun ərazisinə dron zərbələri endirdiyini deyir


Tuapsedəki neft bazası dron zərbəsindən sonra
Tuapsedəki neft bazası dron zərbəsindən sonra

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə fevralın 28-də gecə vaxtı “Kiyev rejimi” tərəfindən Rusiyanın Krasnodar diyarında və Adıge Respublikasındakı mülki infrastruktur obyektlərinə dronlarla hücum cəhdi edilib:

“Dronlar Rusiya silahlı qüvvələrinin radioelektron mübarizə birləşmələri tərəfindən zərərsizləşdirilib. Hər iki dron idarəsini itirərək uçuş trayektoriyasından çıxıb. Bir PUA trayektoriyasını dəyişərək çöllük əraziyə düşüb, ikinci dron isə hücum etdiyi mülki obyektə ziyan vurmayıb”.

Müdafiə Nazirliyi söhbətin hansı obyektlərdən getdiyini açıqlamır.

Bundan əvvəl alınan xəbərlərdə deyilirdi ki, fevralın 27-dən 28-ə keçən gecə Rusiyanın Krasnodar diyarındakı Tuapse şəhərinin neft bazasında yanğın baş verib.

Şəhər administrasiyasının verdiyi məlumata görə yanğın gecə saat 2-də İndustrialnaya küçəsində baş verib. Açıq mənbələrdəki məlumatlara görə burada Rosneft şirkətinin neft emalı zavodu yerləşir.

Yanğına aid fotolar yerli teleqram-kanallarda verilib.

Yerli sakinlər deyirlər ki, neft bazasının ərazisində bir neçə saniyə fasilə ilə iki partlayış səsi eşidilib.

Yaxınlıqdakı evlərin şüşələri sınıb.

Baza və Shot teleqram kanalları neft bazasına dron hücumu edildiyini iddia edirlər.

Dronların qırıntıları neft anbarlarının 100 metrliyinə düşüb.

Astra saytı xəbər verir ki, boyler sexinə ziyan dəyib. Elə buradaca binanın yanında iki metr yarımlıq diametrdə oyuqlar açılıb.

Sayt bunu da vurğulayır ki, hadisənin baş verdiyi yerin 30 metrliyində Rusiya hərbçilərinin kazarması yerləşir.

Şəhər administrasiyası bildirir ki, yanğın neft bazasının ərazisindəki təsərrüfat tikilisində baş verib və artıq tamamilə söndürülüb.

Administrasiya habelə bildirir ki, neft çənlərinə ziyan dəyməyib, neft axıntısı baş verməyib və xəsarət alan yoxdur.

Bununla belə Tuapsedə baş verən yanğının söndürülməsində 32 yanğınsöndürənin və 11 ədəd başqa texnikanın iştirak etdiyi bildilir.

Rusiyanın Belqorod vilayətində fevralın 27-də bir neçə PUA-nın yerə düşdüyü xəbər verilir.

Bunun ardınca Belqorod vilayətinin qubernatoru üç dronun qırıntılarının aşkar olunduğunu bildirib.

Vyaçeslav Qladkovun sözlərinə görə bir neçə evin şüşələri tökülüb, bir neçə avtomobilə ziyan dəyib. Qubernator deyib ki, xəsarət alan olmayıb.

O əlavə edib ki, hazırda dronların tapıldığı yerlərdə xüsusi xidmətlər araşdırma aparır.

Belqorod Rusiyanın Ukrayna ərazisinə ən yaxın olan vilayət mərkəzidir. Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri bu vilayət müntəzəm olaraq atəşə tutulur. Rusiya rəhbərliyi bunun Ukrayna hərbçiləri tərəfindən edildiyini deyir.

Rusiya ordusunun Belqorod yaxınlığındakı mövqelərindən Xarkov şəhəri və Xarkov vilayətinə artilleriya zərbələri endirilir.

Fevralın əvvəllərində Belqorod vilayətində artilleriya mərmisinin neft bazasına düşməsi nəticəsində zavodda böyük yanğın baş vermişdi.

Qubernator Qladkov bu hücuma görə Ukrayna tərəfini ittiham etmişdi.

XS
SM
MD
LG