Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Putinin təhlükəsizlik xidmətinin zabiti onu ‘hərbi cani’ sayır


Qleb Karakulov
Qleb Karakulov

Rusiya Prezidenti Vladimir Putinin gizli elit şəxsi mühafizə xidmətinin yüksək rütbəli zabiti onu “paranoyalı” kimi təsvir edir, “hərbi cani” adlandırır. Bunu Londonda yerləşən araşdırmaçı qrup bildirir.

Federal Mühafizə Xidmətlərinin (FSO) kapitanı olmuş Qleb Karakulov ötən ilin oktyabrında Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxdığı üçün ölkədən qaçıb. O, “Dosye Mərkəzi” qrupuna danışıb ki, oktyabrın 14-də arvadı və qızıyla Qazaxıstandan Türkiyəyə gedib, Rusiyaya qayıtmaq niyyəti yoxdur.

“Dosye Mərkəzi”ni rusiyalı müxalifətçi, Putinin tənqidçisi Mixail Xodorkovski maliyyələşdirir. Qrup Karakulov ölkəsindən qaçandan sonra onunla azı 10 saatlıq müsahibənin yazısını və mətnini media orqanları ilə paylaşıb, aprelin 4-də ilk dəfə olaraq onun fikirlərini dərc edib.

“Müharibəni dayandırmağın vaxtıdır”

“Prezidentimiz hərbi caniyə çevrilib. Müharibəni dayandırmağın, sükuta son verməyin vaxtıdır”, – o deyib.

Karakulov Putinin gizli kommunikasiyalarını təmin edən şöbənin mühəndisi, Putinin getdiyi yerlərdə onun üçün təhlükəsiz kommunikasiyaların quraşdırılmasına cavabdeh olub. Putinə yaxın olmasa da, Karakulov illərlə onun xidmətində olub, 2009-cu ildən 2022-ci iləcən azı 180 xarici səfərdə onu müşahidə edib.

Karakulov deyir ki, onun ölkədən çıxmasının əsas səbəbi Kremlin Ukraynaya qarşı 2022-ci ilin fevralında tammiqyaslı işğala başlaması idi. İşğaldan sonra o, “sadəcə bu prezidentin xidmətində qala bilmədiyini” vurğulayıb.

Qazaxıstana işgüzar səfərinin sonuncu günündə Karakulov arvadı və qızıyla İstanbula uçub.

“İki fərqli adam”

O, müsahibələrində 2009-cu ildə müşahidə etdiyi Putinlə Rusiyanın indiki prezidentini “iki fərqli adam” adlandırır. Oxşar fikirləri indiyədək müxtəlif şəxslər səsləndirib.

“O indi çox qapalıdır. Özünü bütün dünyadan müxtəlif baryerlər, karantin, informasiyasızlıqla mühafizə edir Onun reallıq hissi dəyişib”, – o söyləyir.

Karakulovun dediyinə görə, Rusiya prezidenti mobil telefon, yaxud internetdən istifadə etmir.

“O, informasiyanı birbaşa yaxın olan adamlardan alır. Bir növ informasiya vakuumunda yaşayır”, – Karakulov bildirib.

O, Putinlə eyni otaqda işləyənlərin iki həftəlik karantindən keçməli olduğunu, ancaq onun ciddi xəstə olub-olmadığını bilmədiyini deyir. Bu arada bəzi müşahidəçilər Rusiya liderinin səhhətinin pisləşməsi haqda spekulyasiyalar səsləndirirlər.

Karakulov Putinin paranoyası haqda yeni detallar açıqlayıb, onun təyyarədən qorxduğunu, xüsusilə zirehli qatarda səyahətə üstünlük verdiyini deyib. Onun sözlərinə görə, Putin oktyabrda Rusiyanın Qazaxıstandakı səfirliyində təhlükəsiz kommunikasiya xətti ilə təchiz olunmuş bunkerin tikilməsinə göstəriş verib.

“AP” də onun kimliyini dəqiqləşdirib

“Dosye Mərkəzi” Karakulovun Rusiya Ukraynanı işğal etməyə başlayandan ölkədən qaçmış ən yüksək rütbəli zabit olduğunu deyir. Qurum onun pasportunu, FSO vəsiqəsini Rusiyanın hökumət mənbələri, digər açıq mənbələrlə tutuşdurduğunu bildirir.

Mərkəzin Karakulov barədə informasiyanı paylaşdığı media qurumlarından “AP” də onun kimliyini ABŞ və Avropada üç mənbə ilə müstəqil təsdiqlədiyini yazıb.

Ona qarşı Rusiyada fərarilik maddəsi üzrə iş açılıb, xəbər qurumları bildirirlər.

AP Kremlin məsələni şərh etmədiyini yazır. Agentlik Karakulovla birbaşa danışa bilmədiyini qeyd edir, çünki o, ailəsi ilə birlikdə təhlükəsizlik səbəblərindən gizlənib.

NATO üzvlərindən birindən təhlükəsizlik əməkdaşı Karakulovun qaçmasının “böyük maraq kəsb etdiyini” söyləyib.

“Bu, prezidentin özünə çox ciddi zərbə sayıla bilər, çünki o, təhlükəsizliyində həddən artıq maraqlıdır və onun təhlükəsizliyi artıq ləkələnir”, – anonimlik şərtilə danışan rəsmi deyib.

XS
SM
MD
LG