Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Generalın məhkəməsi: 'Kəlbətinlə ətimi qoparıb, dırnağımı çəkiblər...'


General Bəkir Orucov
General Bəkir Orucov

2017-ci ilin mayında Tərtərlə paralel, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncə halları olub. Şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işi çərçivəsində həmin hadisələr də araşdırılıb və sözügedən işgəncələrdə suçlanan şəxslərdən beş nəfərin işi ayrılaraq məhkəməyə göndərilib. Onların arasında Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov da var. Orucov həmin dövrdə korpusun qərargah rəisi olub. Digər dörd nəfər isə o dövrdə snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov Ülvi Rəşidovdur.

Adları çəkilən təqsirləndirilən şəxslərdən Rəşidov və Kazımov həbsdə deyil. Aprelin 13-də məhkəmədə general Orucov və Rahib Məmmədov da vəsatət qaldırıb ki, məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığına buraxılsınlar.

"Üçüncü övladım doğulacaqdı, doqquz aylıq idi, adını da Atilla qoymuşdum. Bugünlərdə onu itirmişəm, qohumlarım aparıb dəfn edib. Kaş əsir düşəydim, öləydim, bu günü görməyəydim. Ata üçün bu günü yaşamaq çox ağırdır. Ən əsası, mənim bu məsələlərdə təqsirim yoxdur", - Məmmədov belə deyib.

General isə deyir ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə bu haqda göstəriş verib. Vəkili onun vəsatətini əsaslandırarkən vurğulayıb ki, həyat yoldaşı da onkoloji xəstəlikdən əziyyət çəkir. Həbsindən öncə də dəfələrlə istintaqa çağırılanda həmişə vaxtında gedib: "Məhkəmənin hazırlıq iclasında da zərərçəkənlər dedilər ki, biz onu tanımırıq...".

"O hərəkətləri edəndə atalarınız necə rahat yatırdı?"

Amma bu dəfə zərərçəkənlər fərqli reaksiya verib. Onlar təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz ediblər.

"Deyir ki, uşağını itirib, anlayıram. Bəs bədənimə tok veriləndə, dırnaqlarımı çəkəndə mənim də qızım 1 yaş 4 aylıq idi. Birinci qrup əlil atam gəlib boynunu bükürdü, o adam ata deyildi? Siz o hərəkətləri eləyəndə atalarınız necə rahat yatırdı?", - Zülfalı Niftəliyev belə deyib.

Prokuror da etiraz edib. Dövlət ittihamçısı etirazını belə əsaslandırıb ki, bu işdə 62 zərərçəkmiş, 21 şahid var. Azadlıqda qalsalar, onlara təsir göstərə bilərlər və s.

Məhkəmə də ev dustaqlığına buraxılma haqda vəsatətləri təmin etməyib.

Digər təqsirləndirilən İntiqam Məmmədov istintaqın qərəzli aparılmasından, nəinki ailə üzvləri, hətta vəkili ilə də telefon danışıqlarına qadağa qoyulmasından şikayətlənib. O vurğulayıb ki, əgər bu məsələ həllini tapmasa, məhkəməyə gəlməkdən imtina edəcək.

"Heç kim məhkəmə ilə şərtlə danışa bilməz. Məhkəmə bu məsələni araşdıracaq", – hakim Zeynal Ağayevin ona cavabı belə olub.

Özlərini təqsirli bilmədiklərini deyirlər

Bundan sonra məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, hərbçilərdən özlərinin, yaxud da bir-birinin əleyhinə ifadə vermələri üçün onlara işgəncə verilib, ləyaqətləri alçaldılıb və s. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həyatını itirib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Hakim izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Təqsirləndirilən şəxslərin heç biri ittihamda yazılanlarla razılaşmayıb. Onların hər biri ittihama münasibət bildirərkən deyib ki, özünü təqsirli bilmir.

"Qolumu burdular, gözümü bağlayıb apardılar"

Ardınca zərərçəkənlər ifadə verib. İşgəncə nəticəsində hərəkət qabiliyyətini itirdiyini deyən, hazırda yalnız qoltuq ağacının köməyi ilə hərəkət edən Orxan Səfərov danışır ki, həmin vaxt manqa komandiri idi. Səfərovun sözlərinə görə, sellofanı yandırıb kürəyinə tökməkdən tutmuş, kəlbətinlə dırnaqlarının çıxarılmasına, ətinin qoparılmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb: "Məni postdan düşürüb korpus komandiri Mais Bərxudarovun yanına apardılar. Mənə qayıtdı ki, neçə nəfər düşmənə işləyirsiz? Dedim, elə şey yoxdur. Göstəriş verdi ki, aparın, ağlı başına gəlsin. Qolumu burdular, gözümü bağlayıb apardılar. Ondan sonra işgəncələr başladı...".

Zərərçəkmişin sözlərinə görə, ona işgəncə verənlər arasında hazırda məhkəmə qarşısında olanlardan Kazımov və Rəcəbovu görüb. Eyni zamanda, hərbi hissənin çöl tərəfində general Orucovun təhqir xarakterli ifadələrini eşitdiyini vurğulayıb.

Amma Kazımov onun dediklərini təkzib edib, zərərçəkmişin onunla bağlı hissədə yalan danışdığını bildirib.

"Betonun üstündə yatırdıq"

Digər zərərçəkmiş Zülfalı Niftəliyev də işgəncələrdən danışıb.

"İlk iki gündə çox pis döyüldük. Əllərimiz bağlı, oturduğumuz yerdə üzümüzə bir təpik vuruldu... O təpiyi vuran polkovnik sonradan şəhid oldu. Betonun üstündə yatırdıq. Başımızı bir-birimizin ayağının üstünə qoyurduq ki, yerə dəyməsin", – Niftəliyevin sözləridir.

O iddia edib ki, işgəncələrdən sonra ondan izahatı təqsirləndirilən şəxslərdən Rahib Məmmədov alıb. Amma istintaqa ifadəsində fərqli ad göstərib.

Təqsirləndirilən Məmmədov zərərçəkmişin yalan danışdığını bildirib. Nəticədə aralarında mübahisə yaranıb: "Mən olmamışam. Mən olmuşamsa, niyə istintaqa başqa ad deyib?".

Niftəliyev ziddiyyəti belə izah edib ki, məhkəmədə üzünü görəndən sonra xatırlayıb və əmindir ki, özüdür.

Zərərçəkmiş general Orucovdan da şikayətçi olub: "Məni söymüşdü...".

2017-ci ildə Beyləqanda hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları aprelin 20-də davam edəcək.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG