Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:47

Pərviz Abbasov azadlığa buraxıldı


Pərviz Abbasov "Yeni Klinika"nın açılışında
Pərviz Abbasov "Yeni Klinika"nın açılışında

"Yeni Klinika"nın keçmiş baş həkimi, koronaviruslu xəstələrin müalicəsi üçün yaxınlarından rüşvət almaqda suçlanıb həbs olunan Pərviz Abbasov azadlığa buraxılıb. Mayın 5-də Nizami rayon Məhkəməsi bu barədə qərar verib.

Hakim Rauf Əhmədov mayın 5-də çıxarılan qərarında göstərib ki, 2021-ci ilin aprelindən həbsdə olan Abbasov 3 illik cəzanın üçdə iki hissəsini çəkib, bu üzdən azadlığa buraxılır.

Cinayət Məcəlləsinin (CM) 311.3.1, 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham olunan Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsi bu müddəti 5 il 6 aya endirmişdi. Daha sonra Ali Məhkəmə isə 2 il də azaltdı.

Abbasov Ali Məhkəməyə kassasiya şikayətində, ümumiyyətlə, özünü təqsirli bilmədiyini vurğulayaraq bəraət istəmişdi. O, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində çıxışlarında ona böhtan atıldığını, heç bir xəstədən və ya onun yaxınından rüşvət almadığını deyirdi.

"20 illik fəaliyyətimi araşdırın, bir cinayət tapsanız, nə qədər cəza istəyirsiniz, cəza verin, çəkməyə hazıram. Hüseyn Cavid və başqa tarixi şəxsiyyətlərə də nə vaxtsa bəraət verilib, güman edirəm, mənə də nə vaxtsa veriləcək. Mənim başıma gələn iftira heç kimin başına gəlməsin...", – Abbasovun sözləridir.

"Nişanlanmış pullar... ortaya qoyulmalı idi"

Abbasovla birlikdə mühakimə olunan daha üç nəfərin də cəzasına dəyişiklik olunub. Bunlar "Buta" Klinikasının keçmiş həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi olmuş Əvəz Hüseynov Samir Mirzəyevdir. Ali Məhkəmə onların cəzasını 2 il 6 aya endirib.

Cinayət işinin materiallarında iddia olunur ki, "Yeni Klinika"ya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarından 1000-4000 manat rüşvət alınıb. Abbasov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun iş otağından rüşvət kimi alınan həmin vəsaitlərin bir hissəsinin tapıldığı bildirilir. İddia olunur ki, adları çəkilən digər təqsirləndirilən şəxslər də Abbasovla xəstələrin yaxınları arasında vasitəçilik edib.

2021-ci ilin aprelindən həbsdə olan Abbasov isə bu haqda ittihamda yazılanların yalan olduğunu deyir. Onun sözlərinə görə, otağında olan vəsaitin bir hissəsi klinikanın təsərrüfat işləri üçün ayrılmış pullar, bir hissəsi isə öz maaşı olub: "Sübut kimi nişanlanmış pullar, telefon danışıqları və başqa faktlar ortaya qoyulmalı idi. Amma heç bir sübut yoxdur. Mənimlə mühakimə olunanların heç birinin "Yeni Klinika" ilə əlaqəsi yoxdur. O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki, nə var, nə yox...".

XS
SM
MD
LG