Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:50

Baxmuta hücumlar davam edir


Baxmut
Baxmut

Ötən gün Rusiya qüvvələri Ukraynanın Baxmutdakı mövqelərinə uğursuz hücumlar edib, Kiyev mayın 2-də bildirib. Donetsk vilayətinin şərqində yerləşən bu şəhər uğrunda döyüşlər növbəti aya keçib.

Ukrayna prezidenti Volodimir Zelenski mayın 1-də deyib ki, ötən gün Rusiyanın Ukraynanın şimal və mərkəzini hədəfə aldığı raket zərbələrində Çerniqov vilayətində 14 yaşlı uşaq və Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində iki nəfər həlak olub. Zelenski gecə çıxışında Pavloqradda daha 40 nəfərin yaralandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı mövqelərə raket hücumlarının təyin olunmuş hərbi mövqelərə dəydiyini iddia edib. Sübutların olmasına baxmayaraq, Rusiya mülki əraziləri vurduğunu inkar edir.

Xerson da atəşə tutulur

Ukrayna Baş Qərargahı mayın 2-də ukraynalı müdafiəçilərin son 24 saatda Donetskdə 41 hücumu dəf etdiyini deyib. Hücumların əksəriyyəti Baxmut-Avdiyivka-Maryinka istiqamətində olub.

Rusiya Ukraynanın cənubunu, xüsusilə Xerson vilayətinin azad edilmiş hissələrini hədəfə alıb. Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin son 24 saat ərzində 71 partlayışın baş verdiyini deyib.

Noyabrda Rusiya qoşunları Dnepr çayı üzərindən şərqə doğru çəkiləndən sonra Ukrayna Xersonun bir hissəsini geri aldı. Rusiya hələ də Dnepr çayı boyunca vilayəti mütəmadi atəşə tutur.

Ukraynanın cənub hərbi komandanlığının sözçüsü Nataliya Humenyuk mayın 1-də Ukrayna televiziyasına deyib: “Bu, daha çox düşmənin açıq-aşkar qələbə qazana bilməməsi ilə bağlıdır – Ukraynanın şərqində inandırıcı bir irəliləyiş yoxdur, cənub cəbhə xəttində heç bir uğur baş verməyib”.

Rusiyanın itkiləri haqda yeni açıqlama

Ağ Evin 1 may açıqlamasına görə, Rusiya dekabrdan bəri ölü və yaralılar daxil olmaqla 100 min itki verib. Onların 20 minindən çoxu Ukraynanın şərqindəki Baxmut və şərqdə digər ərazilərə nəzarət uğrunda döyüşlərdə həlak olub.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) dekabrdan bəri öldürülənlərin təxminən yarısının Vaqner qrupunun muzdlu əsgərləri, onların çoxunun isə mübarizəyə qoşulmaq üçün həbsdən buraxılan məhkumlar olduğunu söylədi.

Yeni rəqəmlər son aylarda Rusiyanın itkilərinin daha da sürətləndiyini göstərir. ABŞ Baş Qərargah rəisi, general Mark Milli (Mark Milley) noyabrda Rusiyanın müharibənin ilk səkkiz ayında 100 mindən çox ölü və ya yaralı itkisi olduğunu demişdi.

Ukraynanın ali baş komandanı general Valeri Zalujni mayın 1-də Milli ilə telefonla danışıb və cəbhə xəttindəki vəziyyət haqda ona məlumat verib. Vəziyyətin çətin, amma nəzarət altında olduğunu bildirib. O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin və silahların vaxtında çatdırılmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG