Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Sahibkarlar ən çox hansı əngəllərlə üzləşirlər?


Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Naxçıvanda çalışmış türkiyəli sahibkar: 'Azərbaycandan küsüb ayrılmaq məcburiyyətində qaldıq'

"Hazırda Azərbaycanda 1.4 milyondan çox vergi ödəyicisi var. Bu da o deməkdir ki, ölkəmizdə hər səkkiz nəfərdən biri sahibkardır". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Milli Məclisin komitə iclasındakı çıxışında deyib.

Dövlət Vergi Xidmətinin açıqladığı son bilgilərə görə, Azərbaycanda 1 milyon 431 min vergi ödəyicisi qeydiyyata alınıb. Onların 87.3 faizi fiziki şəxs, 12.7 faizi hüquqi şəxs və digər təşkilatlardır. Bu baxımdan, komitə sədrinin sahibkar sayına dair söylədiyi rəqəm gerçək sayıla bilər. Düzdür, unudulan bir məqam da var: vergi ödəyicisi kimi qeydiyyatda olanların heç də hər biri aktiv sahibkar deyil. Dövlət Vergi Xidmətinin açıqladığı bilgilərdən bəlli olur ki, indi ölkədə 724 min aktiv vergi ödəyicisi var. Söhbət Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) aktiv olan, VÖEN-i dondurulmamış vergi ödəyicilərindən gedir. Bu baxımdan, Dövlət Vergi Xidmətinin göstəriciləri təsdiqləyir ki, ölkədə indiyədək 1 milyon 431 min VÖEN əldə edənin 706 mini - 49 faizi aktiv deyil.

Bu da var ki, Dövlət Vergi Xidməti aktiv vergi ödəyicilərinin nə qədərinin aylıq, rüblük və ya illik əsasda gəlir götürdüyünü ictimaiyyətə açıqlamır. Axı VÖEN-i aktiv olan 724 min sahibkarın bir bölümü gəlir əldə etmir, sadəcə, VÖEN-i bağlamadığından aktiv vergi ödəyicisi sayılır. Bəlli olur ki, Azərbaycanda sahibkar sayı ilk baxışdan çox görünsə də, onların heç də hamısı aktiv sahibkarlıq fəaliyyəti göstərmir. Bu halda sual doğur: hansı amillər sahibkarların fəaliyyətini qısıtlayır?

Sahibkarlığa əngəllər

Aşağı alıcılıq qabiliyyəti

Dövlət Statistika Komitəsi (DSK) bir müddət öncə sahibkarlardan onların işini qısıtlayan amilləri soruşmuşdu. 3 min 588 sahibkarlıq subyektinin qatıldığı sorğunun nəticələrinə görə, ticarət sahəsində fəaliyyət göstərən sahibkarların işinə ən çox mənfi təsir edən amil (21.4 faiz) əhalinin alıcılıq qabiliyyətinin az olmasıdır. Rəsmi göstəricilərə görə, Azərbaycanda əhalinin xərclərinin 60 faizi qidalanmağa gedir. Bu, gəlişmiş ölkələrlə müqayisədə dörd dəfəyə yaxın yüksək rəqəmdir. Kommunal və nəqliyyat xərcləri də nəzərə alınsa, üzə çıxır ki, əhalinin böyük hissəsinin gəlirləri ən yaxşı halda onların ən qaçılmaz ehtiyaclarını qarşılamağa yetir. Gəlirin xərclə uyğunsuzluğu üzündən əhali zəruri qida məhsullarından başqa digər sektorlara çox maraq göstərə bilmir.

Yuxarı kredit faizləri

Sahibkarları narazı salan ikinci istiqamət maliyyə vəsaitlərinin çatışmazlığı və kredit faizlərinin yüksəkliyidir. Özəlliklə 2015-ci ildəki devalvasiyalardan sonra Mərkəzi Bankın ölkədə kreditləşmə tələblərini sərtləşdirməsi bir çox sahibkarın maliyyə resurslarına çıxışını çətinləşdirib. Azərbaycanda qeyri-rəsmi ödənişlərin çoxluğu da bir çox sahibkara gerçək gəlirini göstərməyi əngəlləyir. Bu amil, digər tərəfdən, sahibkarların kredit əldə etməsini çətinləşdirir. Qeyri-rəsmi dövriyyənin çox olmasının əsas səbəbi ölkədə vergi sisteminin cəlbedici olmamasıdır. Üstəlik, kredit faizlərinin yüksəkliyi də bir çox sahibkarın biznesə başlamaq və ya biznesini genişləndirmək həvəsini öləzidir. Bu isə ölkə iqtisadiyyatını əlavə dəyərdən və yeni iş yerlərinin açılmasından məhrum qoyur.

Rəqabət

DSK-nın araşdırmasına qatılan sahibkarların 9.7 faizinin fikrincə, onların fəaliyyətinə ən çox mənfi təsir göstərən amil məhdud rəqabət imkanlarıdır, çünki Azərbaycanda bir çox sahədə iri holdinqlər hökmran mövqe tutub. Bu iri şirkətlərin də bir çoxu hökumət rəsmilərinə bağlıdır. Məmur sahibkarlığının geniş yayılması həmin şirkətlərin inzibati resursları da arxasına almasına kömək edir. Bu da özəlliklə kiçik və orta sahibkarların onlarla rəqabətə tab gətirməməsinə, son nəticədə sıradan çıxmasına yol açır.

Vergi və gömrük

Ticarət müəssisələrinin daha 8.7 faizi düşünür ki, onların fəaliyyətini məhdudlaşdıran əsas amil vergi və gömrük orqanlarıdır. Vergi yükünün çox olması və gömrük keçid məntəqələrindəki problemlər bu müəssisələrin inkişafını əngəlləyir. Nəzərə almaq lazımdır ki, belə ödənişlərin çoxluğu ilə yanaşı, qərar qəbulunda sahibkarların iştirakı da çox məhduddur. Hər il Vergi Məcəlləsinə çoxlu dəyişikliklər edilsə də, ictimaiyyət bundan məsələ Milli Məclisin iclasına çıxarılandan sonra xəbər tutur. Halbuki belə qərarların alınmasında sahibkarların rəy və baxışları önəmli sayılmalıdır.

Ümumdünya Ticarət Təşkilatının açıqladığı "World Tariff Profiles 2022" hesabatından məlum olur ki, Azərbaycanda gömrük rüsumlarının səviyyəsi region ölkələrinə nisbətən yüksəkdir. Hesabatda qeyd edilir ki, 2021-ci ildə Azərbaycanın "sadə, orta, ən əlverişli rejim"lə gömrük tarifi 8.5 faiz olub. Müqayisə üçün: Gürcüstanda bu göstərici Azərbaycanla müqayisədə altı dəfə az - cəmi 1.4 faizdir. Ermənistanda isə həmin göstərici Azərbaycanla müqayisədə 26 faiz daha az – 6.3 faizdir.

DSK-nın araşdırmasına qatılan sahibkarların 89 faizi onların fəaliyyətini məhdudlaşdıran amillərin olduğunu bildirib. Yuxarıda sadalanan səbəblərlə yanaşı, sahibkar işinə mənfi təsir edən amillər arasında yüksək icarə və nəqliyyat xərcləri (6.7 faiz), məhsul çeşidinin az olması (5.3 faiz) kimi amillər dilə gətirilib.

XS
SM
MD
LG