Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Gürcüstanın Azərbaycandan neft və neft məhsulları idxalını niyə azaldıb?


Neft tankerləri
Neft tankerləri

2023-cü ilin ilk beş ayında Gürcüstan Azərbaycandan 9.7 milyon dollar dəyərində 10.8 min ton neft və neft məhsulları idxal edib. Ötən illərlə müqayisədə həmin idxal kəskin azalıb. Ötən ilin eyni dövründə Gürcüstan Azərbaycandan 48 milyon dollar dəyərində 56.6 min ton neft və neft məhsulları idxal etmişdi. Deməli, bu il Gürcüstanın idxalı həm dəyər, həm də həcmcə beş dəfəyə yaxın azalıb.

Azalmanın səbəbləri

Gürcüstanın neft məhsulları idxalını azalması Azərbaycanın tələb edilən standartlara uyğun dizel yanacağı istehsal edə bilməməsindən qaynaqlanıb. Bunu bir müddət öncə "SOCAR Georgia Petroleum" şirkətinin Baş icraçı direktoru Nodar Kançaveli Gürcüstanın Azərbaycandan yanacaq idxalını minimuma endirməsinə dair açıqlamasında bildirmişdi. Onun sözlərinə görə, Gürcüstan Avropa Birliyi ilə bağladığı assosiasiya sazişinə uyğun olaraq bu il yanvarın 1-dən Avro-5 dizel standartına keçib. Azərbaycanda isə həmin standartlara uyğun dizel istehsal edilmədiyindən 2023-cü ildən etibarən neft məhsullarının idxalı aşağı düşüb.

Gecikmənin bədəli – 40 milyon dollar

Ötən ilin aprelində SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) "modernizasiyası və yenidənqurulması" layihəsi ilə bağlı açıqlama yaymışdı. Həmin açıqlamada bildirilirdi ki, 2022-ci ilin ortalarından etibarən zavodda Avro-5 standartlarına uyğun dizel yanacağı istehsalı nəzərdə tutulur. Ancaq şirkət bu işləri planladığı vaxtda tamamlaya bilməyib. Azərbaycanda Avro-5 standartlarına uyğun dizel yanacağı istehsalının başlaması bu ilin iyun ayının əvvəlinə təsadüf edib. Gürcüstana neft məhsulları ixracı ilə bağlı yayımlanan göstəricilərdən aydın olur ki, Azərbaycanda Avro-5 standartlarına uyğun dizel yanacağının istehsalının vaxtında başlanmaması üzündən ölkə 40 milyon dollara yaxın ixrac gəlirindən məhrum olub.

Bu, zavodun Avro-5 istehsalı ilə bağlı tutmadığı ilk vəd deyil. SOCAR rəsmilərinin hələ 2018-ci ildəki açıqlamasında bildirilirdi ki, 2020-ci ilin sonunadək Avro-5 keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşa və yenidənqurma işləri nəzərdə tutulur. Həmin açıqlamada deyilirdi ki, BNEZ-in modernizasiya və yenidənqurma layihəsinin dəyəri təxminən 2.2 milyard dollardır.

İspaniya və Türkiyəyə neft satışı artıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk beş ayında Azərbaycan 11.7 milyon ton xam neft ixrac edib. Bu ixrac Azərbaycana 7 milyard 220 milyon dollar gətirib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın neft ixracı təxminən 400 min ton artıb. İxrac həcmcə artsa da, neft ixracından götürülən gəlir 800 milyon dollar azalıb. Bu, neftin orta satış qiymətinin ötən illə müqayisədə daha aşağı olduğunu göstərir. 2023-cü ildə Azərbaycanın ixracının 91 faizi neft-qaz sektorunun, 46 faizi isə birbaşa neft ixracının payına düşüb.

Azərbaycan neftinin əsas alıcısı, hər zaman olduğu kimi, İtaliyadır. 2023-cü ilin ilk beş ayında Azərbaycanın ixrac etdiyi 11.7 milyon ton neftin 39 faizi təkcə İtaliyaya satılıb. Ötən illə müqayisədə Azərbaycanın ən çox neft satdığı ikinci ölkə dəyişib. Əgər 2022-ci ildə İsrail bu yeri tuturdusa, 2023-cü ildə Azərbaycandan ən çox neft alan ikinci ölkə İspaniya olub. Əgər ötən il İspaniya Azərbaycandan 385 min ton neft almışdısa, bu il həmin göstərici təxminən üç dəfə artaraq 1 milyon tonu ötüb.

Azərbaycanın neft ixracı ilə bağlı diqqətçəkən daha bir məqam Türkiyənin də Azərbaycandan xam neft idxalını kəskin artırmasıdır. Ötən ilin eyni dövründə Türkiyə Azərbaycandan ən çox neft idxal edən ölkələrin ilk onluğuna daxil deyildi və ilk beş aynda toplam 217 min ton neft idxal etmişdi. Bu ilin eyni dövründə isə həmin rəqəm 3.6 dəfə artaraq 788 min tona yüksəlib. Hazırda Türkiyə Azərbaycandan ən çox neft alan beşinci ölkədir.

Diqqətçəkən bir məqam da Fransa ilə bağlıdır. Son dövrlər Fransa-Azərbaycan münasibətləri qaydasında olmasa da, ötən ildən fərqli olaraq 2023-cü ildə Fransa Azərbaycandan 109 min ton xam neft idxal edib.

Azərbaycandan neft idxalını azaldan ölkələr

2023-cü il ərzində Azərbaycandan neft alışını artıranlarla yanaşı, azaldan ölkələr də var. Bunlar arasında ən çox diqqət çəkəni Azərbaycanın enerji sektorunun əsas investor sayılan Böyük Britaniyadır. Ötən ilin ilk beş ayı ərzində Böyük Britaniya Azərbaycandan 614 min ton neft almışdı və bu göstərici ilə Azərbaycan neftinin ən böyük dördüncü alıcısı idi. Ancaq bu il Azərbaycanın xam neft satdığı ölkələrin siyahısına Böyük Britaniya daxil olmayıb.

Eyni hal Ukrayna ilə də bağlı gözə çarpır. Ötən ilin ilk beş ayı ərzində Azərbaycan Ukraynaya 506 min ton neft ixrac etmişdi. Bu ilsə Ukrayna Azərbaycandan neft alışını dayandırıb.

XS
SM
MD
LG