Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:37

Priqojinin qiyamından sonra nə gəlir


"Vaqner"çilər
"Vaqner"çilər

1991-ci il avqustun 17-də bir qrup KQB zabiti, sərt xətt tərəfdarı kommunist və hökumət rəsmisi sovet lideri Mixail Qorbaçovu saxladılar. Onlar özlərini Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (QKÇP) adlandırırdılar. İki gün sonra elit hərbi bölmənin Moskvada əsas binaları tutmasına imkan verilmədi, etirazçılar küçələrdə avtobusları aşırdılar, əsgərlər geri çəkildilər.

Hakimiyyəti ələ keçirmək, Qorbaçovu devirmək cəhdi avqustun 21-də iflasa uğradı. Boris Yetlsin tanınmağa başladı, Qorbaçovun hakimiyyəti zəiflədi. Dörd ay sonra isə Sovet İttifaqı çökdü.

AzadlıqRadiosunun müxbiri Mayk Ekel (Mike Eckel) bu çevriliş cəhdi ilə “Vaqner” muzdlu döyüşçü qrupunun minlərlə silahlı üzvünün iyunun 24-də Moskvaya doğru yürüşə başlamasını müqayisə edir. Prezident Vladimir Putin bu addımı “arxadan zərbə” adlandırdı. Qrupun başçısı Yevgeni Priqojin keçmiş məhbusdur, “Putinin aşpazı” ayaması ilə tanınır.

Priqojinin qiyamı xeyli suallara yol açıb. Hətta əgər çevriliş cəhdi idisə, gerçəkdənmi alınmadı? Bu, Putinin sonunun başlanğıcıdırmı? Bəs, yüzminlərlə rusiyalının yaralanması və ölməsiylə nəticələnmiş Ukrayna müharibəsi necə olacaq?

Priqojin hardadır

Kreml Priqojinin kampaniyanı dayandırmağa razılaşdığını elan edib. O, Belarusa getməyə, Rusiya isə ona qarşı cinayət təqibini dayandırmağa razılaşıb. Razılaşmaya görə, bu yürüşə qoşulan “Vaqner” döyüşçüləri də mühakimə olunmayacaqlar.

Putin bu razılaşma haqda danışmayıb, sonuncu dəfə iyunun 24-də beş dəqiqəlik çıxışında Priqojini və döyüşçülərini “xəyanətkar” adlandırıb, deyib ki, “buna görə cavab verəcəklər”.

Heç Priqojin də gözə dəymir, harada olduğu bəlli deyil. O, iyunun 24-də Telegram kanallarında bir neçə audio mesaj yerləşdirib.

Priqojin aylardır Rusiyanın komandirləri və Kreml üçün tikana çevrilib, Müdafiə Nazirliyini Ukraynadakı müharibənin gedişatına görə tənqid edir, əsgərlərinin lazımınca təchiz olunmadığını deyir. O, ölkəni müharibəyə sürüklədiyinə görə Putinə də meydan oxuyub.

Ancaq prezidenti devirmək cəhdinin arxasında duran səbəb bu idimi?

“Bu, qiyam deyildi, dövlət çevrilişi idi”

Rusiyanın keçmiş kəşfiyyat zabiti İqor Girkin Ukraynanın şərqində Rusiyanın qızışdırdığı münaqişənin ilk illərində orada vuruşub. O, Priqojinin döyüşçülərinin Rostov-na-Donda hərbi binaları tutmasını, daha sonra Moskva üzərinə yürüşə başlamasını çevriliş sayır.

“Bu, qiyam deyildi, dövlət çevrilişi idi. Başa çatıb-çatmadığını tezliklə (hətta ola bilsin, sabah) biləcəyik”, – Girkin iyunun 24-də Telegram kanalında yazıb.

Hərbi ekspertlərin fikrincə, Priqojinin hərəkətləri qiyama tam uyğun gəlir. Elə televiziya ilə çıxışında da Putin baş verənlərə qiyam, üsyan dedi.

Ancaq yenə də Priqojinin Rusiya liderini devirmək istəyib-istəməməsi aydın deyil. “Vaqner” başçısı Müdafiə naziri Sergey Şoyqu, Baş qərargah rəisi Valeri Gerasimovla çox ədavət aparıb, onların səriştəsini sorğulayıb. O hətta Sergey Surovikinin qısa bir müddət Ukraynada müharibəni aparmasına nail olub.

Müdafiə Nazirliyindəki qruplaşmalar isə Priqojinə maneələr yaratmağa çalışıblar. Bu yaxınlarda verilən əmrə görə, könüllü döyüşçülərin hamısı nazirliklə kontrakt bağlamalıdır. Bu isə “Vaqner”in yeni üzvlər cəlb etməsini önləyir.

Putin hərbi qiyamla bağlı xalqa müraciət etdi
Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

Priqojinin istədiyi olacaqmı

R.Politik siyasi konsultasiya şirkətinin başçısı Tatyana Stanovaya deyir ki, əsgərləri Müdafiə Nazirliyinə tabe olan Priqojin muxtariyyətini itirəcək.

“Çevriliş o deməkdir ki, silahlı adamlar Kremlə girir, Putini həbs edərək öldürür, yerinə yeni lider qoyur. Bu mənada bu, çevriliş deyil və Priqojin də belə etmədiyini deyirdi. Onun məqsədi Şoyqu və Gerasimovu vəzifədən kənarlaşdırmaq, onların müharibədəki ‘ət maşını’ strategiyalarını əvəzləmək idi”, – bunu isə London Kral Kollecində müharibə araşdırmaları üzrə fəxri professor Lorens Fridman (Lawrence Freedman) bloq postunda yazır.

Rusiyanın hərbi blogerləri Şoyqu, yaxud Gerasimovun vəzifədən çıxarılacağı haqda şayiələri dövriyyəyə buraxıblar. Onları da son günlər görən, eşidən olmayıb.

Bu baş verərsə, ordunun başına kimlər gələ bilər? Bir namizəd Putinin keçmiş mühafizəçisi, hazırda Tula vilayətinin başçısı Aleksey Dyumindir. İkincisi isə Priqojinin sevdiyi general Surovikin ola bilər. 1991-ci ildə Moskvanın mərkəzində elit birləşməyə də o komandirlik edirdi. Həmin birləşmə etirazçılarla qısa toqquşmadan sonra geri çəkildi.

1917-ci il müqayisəsi

Tarixi paralellər 1991-ci ilin avqust qiyamı ilə bitmir. Priqojin və Putin 1917-ci il hadisələrini yada salıblar. O zaman Rusiya imperiyasının ordusu qiyamlarla çökdü, Rusiyada inqilab çarı devirdi, bir neçə ay sonra Bolşevik İnqilabı baş verdi.

“Kremlin daxili təhlükəsizlik orqanları müstəqil hərbi qüvvənin Cənub Hərbi Dairəsinin qərargahını tutmasına, Moskva üzərinə yürüşünə reaksiya verə bilmədi; Priqojin istəsəydi, Vaqner Moskvanın kənarına çatardı”, – bunu isə Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutu bildirir.

İndilik, Vaqner yaxşı silahlanmış qüvvə kimi qalır.

“Putinin zəifliyi üzə çıxdı, onun hakimiyyəti laxladı”, – 1988-1992-ci illərdə Britaniyanın Moskvada səfiri olmuş Rodrik Breytveyt (Rodric Braithwaite) bloq postunda yazıb.

Moskva və Rostovda küçə sorğusu, sakinlər baş verənlərə münasibət bildirir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Putinin nə zaman gedəcəyini bilməsək də...

“... Putinin necə və nə zaman gedəcəyini, onu kimin əvəz edəcəyini bilmirik. Ancaq Putin erasının sonu üfüqdə görünməkdədir”, – o qeyd edir.

“Dünyada belə bir konsensus fikri var ki, Rusiya yeni ölçü məkanına girib. İndi bu ölkədə çevrilişlər mümkündür. Bu böhranın Prezident Putini kəskin zəiflətməsinə inanırlar. Həm də belə fikir var ki, Putin bir məqamda hakimiyyətdən devrilməyə yaxın idi”, – bunu isə Putinin keçmiş müşaviri Sergey Markov Telegram postunda yazıb.

Priqojin qiyamının Ukraynada 17 aydır davam edən müharibəyə təsirlərini zaman göstərəcək. Hazırda Ukrayna əkshücum dönəmindədir, Kiyev cəbhədə vəziyyəti dəyişdirəcəyinə ümid edir.

“Vaqner” qüvvələri bir sıra hücumlarda kiçik, amma vacib rol oynayıb. Ekspertlərin fikrincə, qruplaşmanın rolu azalacaq, çünki sursat ehtiyatları məhdudlaşıb, döyüşçüləri isə nizami komandanlığa tabe olmalıdır. Rusiyadakı son olayların ön cəbhədəki əsgərlərin nizam-intizamı və mənəvi əhvalına təsiri məsələsi də açıq qalır.

XS
SM
MD
LG