Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:26

Üçtərəfli Moskva danışıqlarında Qarabağ əsas məsələ olub


Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüş keçirib
Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli görüş keçirib

Rusiya, Ermənistan və Azərbaycan 2023-cü ildə ölkə liderlərinin sonrakı danışıqlarına hazırlıq işini davam etdirirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun BayramovArarat Mirzoyanla üçtərəfli görüşünün yekunları barədə danışarkən deyib.

Rusiya tərəfi habelə üç ölkənin parlament üzvlərinin xətti ilə də üçtərəfli dialoqun keçirilməsini təklif edib.

Lavrovun sözlərinə görə Moskva inanır ki, Bakı və Yerevan arasında sülh müqaviləsinin imzalanması böyük danışıqlar prosesinin kulminasiyası olacaq.

Qarabağ ermənilərini inandırmaq

Rusiya xarici işlər naziri bunu da deyib ki, erməni tərəfi Dağlıq Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə tez bir zamanda dialoqa inandırmağın zəruriliyini başa düşür.

Lavrov deyib ki, bu dialoqda “hüquqların müvafiq qanunvericilik aktları və milli azlıqların hüquqlarının təmin olunmasına dair çoxsaylı konvensiyalar da daxil Azərbaycanın beynəlxalq öhdəlikləri əsasında razılaşdırılması müzakirə olunmalıdır”.

Rusiya xarici işlər naziri deyib ki, eyni zamanda Bakı və Yerevan qarşılıqlı əsasda ərazilərində yaşayan şəxslərə eyni qarantiyaların verilməsinə hazırdırlar.

Lavrov deyib ki, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzalaması üçün əlavə sənədlər hazırlanır.

Moskvada üçtərəfli görüş başa çatıb

İyulun 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə üçtərəfli görüş keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Açıqlamaya görə, Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, "habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə mövqeyini diqqətə çatdırıb":

"Nazir Ceyhun Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb."

XİN-in habelə bildirməsinə görə, o Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürdüyünü bildirib. Qeyd edib ki, erməni tərəfi bütün təkliflərə qarşı çıxıb.

Hələlik, Azərbaycan XİN-in bu açıqlamasına Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Buna qədər olanlar...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Lavrov Bayramovla görüşdə: 'Qarabağ mərkəzi məsələlərdən biridir...'

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən əvvəl deyib ki, bugünkü görüş regionun ən mühüm məsələlərindən biri – Cənubi Qafqazda uzunmüddətli stabilləşmə məsələsinin müzakirəsi üçün meydandır:

“Əminik ki, bunun ən qısa yolu Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını yerinə yetirməkdir. Liderlərimizin müzakirəsi üçün bir sıra əlavə sənədlər də hazırlanır. Biz Bakı və Yerevan arasında sülh müqaviləsinin bağlanması üçün yüksək səviyyədə razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirmək istəyirik. Buna bütün köməyi göstərməyə, o cümlədən bu imzalama üçün meydança verməyə hazırıq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Lavrov Bayramovla görüşdə vurğulayıb ki, “Dağlıq Qarabağ və onunla bağlı bütün məsələlər” müntəzəm diqqətə layiqdir:

“Mən hazırda beynəlxalq birliyin böyük diqqətinə və şərhlərinə səbəb olmuş humanitar situasiyanı nəzərdə tuturam. Biz azərbaycanlı dostlarımızın Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini anlamalarını qiymətləndiririk. Bu mərkəzi məsələlərdən biridir”.

***

Bu gün, iyulun 25-də Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

XİN-in açıqlamasına görə, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi nəzərdən keçirilib.

İyulun 25-də Moskvada həmçinin, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Moskvada Lavrov-Bayramov-Mirzoyan görüşü olacaq

İyulun 25-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyanla üçtərəfli və ayrı-ayrılıqda ikitərfəli danışıqları olacaq.

Rusiya XİN-in məlumatında deyilir ki, “xarici siyasət idarələrinin başçıları Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının aktivləşdirilməsi yollarını təhlil edəcəklər”.

Bu da qeyd olunur ki, Bakı və Yerevan arasında sülh müqaviləsinin hazırlanmasına, qalan məsələlərin həlli yollarına əsas diqqət yetiriləcək.

Nazirlər habelə Azərbaycan-Ermənistan münasibətlərinin başqa aspektlərini – regionda kommunikasiyaların açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, habelə ictimaiyyət nümayəndələri və ekspertlər xətti ilə təmasları, millət vəkilləri arasında dialoqu müzakirə edəcəklər.

Məlumatda deyilir ki, Bayramov və Mirzoyan arasında ikitərəfli danışıqlarda siyasi müstəvidə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri müzakirə olunacaq.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG