Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:34

İranda səhralaşma: temperatur 66 dərəcəni keçib


İran
İran

İranda temperatur rekord səviyyələrə çatır, çaylar və göllər quruyur, uzunmüddətli quraqlıqlarsa normaya çevrilir. Yaranan su böhranı ölkənin çox hissəsini səhraya çevirir.

İranın səhralaşması heyrətamiz sürətlə gedir. Ötən ay hökumət hər il ölkə ərazisinin 1 milyon hektardan çoxunun yaşanmaz hala gəldiyi haqda xəbərdarlıq edib. Bu Qum əyaləti, yaxud Livanın ərazisinə bərabər sahə deməkdir.

Tehran torpaqların 90%-ə qədərinin quraq, yaxud yarımquraq olduğu ölkədə vəziyyətə nəzarət etməyə çalışır. Ancaq hər şey sürətlə baş verir və artıq rəsmilər də ciddi böhranın yaranacağı və insanların yaşayış yerlərini kütləvi tərk etməli olacağını etiraf ediblər.

İranda səhra
İranda səhra

Urmiyədə suyun səviyyəsi rekord həddə düşüb

Bu ay İranın cənub-qərbində temperatur 66,7º C-yə çatıb. Bu, insanın həyatda qala biləcəyi həddən xeyli yuxarıdır.

İran alimləri tam quruma təhlükəsi qarşısında olan Urmiyə gölündə suyun səviyyəsinin son 60 ildəki rekord həddə düşdüyü haqda xəbərdarlıq edirlər. Boğucu qum fırtınaları isə adi hala çevrilib.

Dünyanın bir çox yerində müşahidə olunan temperaturların yüksəlməsi iqlim dəyişikliyi ilə izah edilir. Ancaq termometrlər İranın illərlə üzləşdiyi problemlə bağlı hekayənin yalnız bir hissəsini danışır.

"Onillərlə dünyadan təcrid olunma, üstəgəl yerli resursların düzgün idarə olunmaması, torpaq paylamada qüsurlar, əhalinin sürətli artımı, uzunmüddətli quraqlıq İrandakı su böhranını kritik səviyyəyə çatdırıb", – deyə ekoloq Şirin Hakim AzadlıqRadiosuna yazılı cavabında bildirib.

Torpağın deqradasiyası, qum fırtınaları...

Su qıtlığı və Tehranın onun öhdəsindən gələ bilməməsi məlum faktdır. Problem nəhəng bəndlərin və su-irriqasiya layihələrinin tikilməsinə və beləliklə, çay və yeraltı su hövzələrinin qurumasına yol açıb. Su ehtiyatları üstündə qonşu dövlətlərlə toqquşmalar, habelə İranın özündə hökumət əleyhinə etirazlar baş verir. Torpağın deqradasiyası qumun çoxalmasına səbəb olur və qum fırtınalarını artırır. Nəticədə İran dünyada hava kirliliyi ən yüksək ölkələrdən birinə çevrilib.

Əkinə yararlı torpaqların itirilməsi kənd təsərrüfatına zərər vurur, insanların qazanc yerini təhlükəyə salır və kənddən şəhərə miqrasiyanın artmasına səbəb olur. Bu isə öz növbəsində yeni problemlərə yol aça bilər.

"Zaman keçdikcə, bu miqrasiya səbəbindən şəhər ərazilərinə təzyiqin artması infrastrukturu, təbii sərvətləri gərə, sosial-iqtisadi problemlər yarada bilər”, – Berlində fəaliyyət göstərən Yaxın Şərq və Dünya Düzəni Mərkəzinin (CMEG) aparıcı tədqiqatçısı və Atlantika Şurasının Geoiqtisadiyyat mərkəzinin təqaüdçüsü Şirin Hakim deyir.

İranın əhalisi 1979-cu ilin İslam inqilabından sonra iki dəfədən çox artaraq 35 milyondan 88 milyona çatıb. Əhalinin 70%-ə qədəri şəhərlərdə yaşayır. Hakimin sözlərinə görə, son 20 ildə Tehranın özünə ildə orta hesabla 250 min adam gəlib.

Əhalinin 70 faizi ölkəni tərk edə bilər?

Ancaq su böhranı və səhralaşma nəticəsində get-gedə daha çox ərazinin yaşanmaz hala gəlməsi fonunda əhalinin nəhəng hissəsinin ölkəni yerli-dibli tərk etməkdən başqa seçiminin qalmayacağı sarıdan narahatlıq mövcuddur. Bu, İranı çox çətin sınaq qarşısında qoya bilər.

2015-ci ildə keçmiş kənd təsərrüfatı naziri və prezidentin su və ekologiya müşaviri İsa Kələntəri İranın sudan istifadəyə münasibətini dəyişməli olduğu haqda xəbərdarlıq etmiş, əks halda “50 milyona yaxın insanın, iranlıların 70%-nin ölkəni tərk etməkdən başqa çarəsinin qalmayacağını” proqnozlaşdırmışdı.

2018-ci ilin iyulunda ölkənin cənub-qərbindəki Xorrəmşəhr şəhərində su qıtlığı zorakı etirazlara səbəb olmuşdu. Həmin il ölkə özünün 50 il ərzindəki ən quraq yayını yaşayırdı. Ozamankı daxili işlər naziri Əbdolreza Rəhmani Fəzli baş verənləri “nəhəng sosial böhran” adlandırmışdı. Fəzli su qıtlığının miqrasiyaya yol aça və beş il ərzində İranın simasını ciddi dəyişə, son nəticədə “fəlakətə” gətirib çıxara biləcəyini demişdi.

Onun dediyi müddət bitsə də, qorxunc proqnozlar və uğursuz siyasət davam edir.

XS
SM
MD
LG