Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:42

Putin Ərdoğanın çağırışlarına cavab vermir – Qərb mediası


Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan (Arxiv fotosu)
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan (Arxiv fotosu)

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dəniz taxıl razılaşmasının uzadılması üçün danışıqlar çağırışına cavab vermir.

Rusiya bu sazişdən iyulun 17-də çıxıb. Bu barədə məlumatı The Wall Street Journal qəzeti təhlilçilərə və diplomatik dairələrdəki mənbələrə istinadla verib.

Rusiyanın taxıl razılaşmasından çıxmasından sonra Ərdoğan dəfələrlə bu məsələni Putinlə müzakirə etmək istədiyi barədə bəyanatlar verib.

Diplomatlar qəzetə deyiblər ki, Ankara Kremllə taxıl razılaşmasına dair başqa kanallarla danışıqlar aparmağa cəhd edir.

Putin nədən inciyib?

The Wall Street Journal qəzetinin mənbələri iddia edirlər ki, Kreml taxıl razılaşmasının uzadılmasından Türkiyə Azov batalyonu döyüşçülərini Ukraynaya qaytarandan sonra imtina edib.

Mariupoldakı Azovstal zavodunun müdafiəçiləri yazda əsir düşmüş və dəyiş-düyüş sövdələşməsinə uyğun olaraq İstanbula aparılmışdılar.

Moskva ilə razılaşmaya görə onlar müharibə qurtaranadək Türkiyədə qalmalı idilər.

Qəzet yazır ki, Putinin Əroğandan inciməsinin başqa bir səbəbi də Türkiyənin İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırması olub.

The Wall Street Journal yazır ki, Rusiyanın taxıl razılaşmasından çıxması Moskvanın iki ən nüfuzlu partnyoru – Pekin və Ankara ilə münasibətlərinin pozulmasına səbəb ola bilər.

Məsələn Çin bu razılaşma əsasında dünya bazarlarına çıxarılan ərzağın ən böyük alıcısıdır.

Ərdoğan məsələnin Putinlə görüşdə həll olunacağına ümid edir

Rusiya razılaşmadan iyulun 17-də çıxıb. Moskva bildirib ki, buna səbəb Rusiya gübrəsinin ixracına dair ona verilmiş vədlərin yerinə yetirilməməsidir.

Bununla belə Rusiya ordusu iyulun 18-dən başlayaraq Odessa vilayətini ağır raketlərlə atəşə tutur.

Bu zərbələrin taxıl ixracı zamanı istifadə olunan liman infrastrukturuna endirildiyi bildirilir.

Kreml isə bunun Krım körpüsünə hücuma görə qisas olduğunu deyir.

Taxıl razılaşması Odessa portundan dünya bazarlarına 33 milyon ton aqroməhsul ixrac olunmasına imkan vermişdi.

ABŞ, Avropa İttifaqı və BMT Rusiyanı taxıl razılaşması təşəbbüsünə qayıtmağa çağırırlar.

Türkiyə prezidenti demişdi ki, Qara dəniz təşəbbüsü üzrə razılaşma onun Putinlə görüşündən sonra mümkün ola bilər. Ərdoğanın sözlərinə görə Putin Türkiyəyə avqust ayında səfər etməlidir.

Kreml bu səfərin tarixi barəsində heç bir məlumat verməyib.

XS
SM
MD
LG