Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:37

‘Yas mərasimində iştirakıma görə cəzalandırılmışam...’


Bəxtiyar İsazadə
Bəxtiyar İsazadə

Həbs olunduğu ilk günlərdə sosial mediada və bir sıra saytlarda fotosu yayılaraq, İran casusu kimi təqdim olunan daha bir inanclı şəxs – Bəxtiyar İsazadə narkotik ittihamıyla məhkəmə qarşısına çıxarılıb. Özü isə deyir ki, nə İran casusudur, nə də narkotik maddələrlə yaxından-uzaqdan əlaqəsi var. Onun sözlərinə görə, həbsdə vəfat edən Azərbaycan İslam Partiyasının (AİP) üzvü Səbuhi Səlimovun yas mərasimində iştirakına görə şərlənərək cəzalandırılıb. Bəxtiyar İsazadə bu barədə öz məhkəməsində danışıb.

42-yaşlı İsazadənin işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işinin materiallarında iddia olunur ki, aprelin 2-də saxlanılıb və cibindən külli miqdarda narkotik tapılıb. İstintaqa ilkin ifadəsində göstərilib ki, həmin narkotiki Balaxanı qəsəbəsində tanımadığı bir nəfərdən alıb.

“Dedilər ki, “Tərtər hadisələrindən xəbərin var?”

İsazadə deyir ki, yalandır, etiraf ifadəsinə işgəncə və təhdid altında imza atmağa məcbur olub. O bildirib ki, Sabunçu rayonu, 15-ci polis bölməsinin əməkdaşları onu tutub gətiriblər:

“Məni bir xeyli döydülər. Dedilər ki, “Tərtər hadisələrindən xəbərin var? Bax, onların başına gələnlərin daha artığını eləyərik sənə. Buradakına razılaşmasan, evindən narkotik çıxacaq, ailəni bura gətirəcəyik”. Onda yoldaşım iki uşaqla evdə tək idi. Gözümün qarşısına gəldi. Bilirdim ki, bunlardan nə desən, çıxar...”

“Tərtər hadisələri” deyəndə 2017-ci ildə bir qrup azərbaycanlı hərbçiyə Ermənistan xüsusi xidmət orqanlarına casusluq ittihamıyla açılmış cinayət işi nəzərdə tutulur. Bu işin istintaqı zamanı hərbçilərə işgəncə verilməsi üzrə hazırda məhkəmə prosesləri gedir.

Üç mərasiminə taksi ilə adam aparıb

Bəxtiyar İsazadə iddia edir ki, məhz Səbuhi Səlimovun yas mərasimində iştirakına görə həbs olunduğunu polis idarəsində də ona deyiblər. Onun sözlərinə görə, həbsindən öncə elektrik naqillərinin təmiriylə məşğul olurdu, boş vaxtlarında isə taksi sürürdü. Deyir ki, Səbuhi Səlimovun vəfatının üçüncü günü yas mərasiminə taksi ilə adam aparıb, özü də orada iştirak edib.

O, əlavə edib ki, atası seçki komissiyasının sədri olub. Belə bir hadisənin başına gələcəyini ağlına gətirməzdi.

İsazadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.


Dini inanclıların narkotik ittihamıyla həbsi

İnsan haqları müdafiəçilərinin məlumatına görə, 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan və nəticədə iki ölkə arasında münasibətlər gərginləşəndən sonra yüzlərlə dini inanclı şəxs narkotik ittihamıyla həbs olunub. Onların əksəriyyətinin fotoları mediada yayılaraq, “İran casusu” kimi təqdim edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə saxlanılan şəxslərin konkret faktlarla tutulduğunu bəyan edib.

Azərbaycan İslam Partiyasının üzvü Səbuhi Səlimov dövlətə xəyanət ittihamıyla 17 il azadlıqdan məhrum edilmişdi. İrana casusluqda təqsirləndirilən Səlimov bu ittihamı qəbul etmirdi. Martın 2-də Bakı Apellyasiya Məhkəməsində onun haqqında hökm qüvvədə saxlanılarkən sarsıntı keçirən Səlimov həmin gün vəfat edib.

XS
SM
MD
LG