Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Məhbusun 'kars'da ölümünə görə rəisin köməkçisinə 2 min manat cərimə...


Məhbusun “kars”da ölümünə görə rəisin köməkçisinə 2 min manat cərimə: əl-ayaqlarını qandallı saxlayıb... 
Məhbusun “kars”da ölümünə görə rəisin köməkçisinə 2 min manat cərimə: əl-ayaqlarını qandallı saxlayıb... 

Məhbusa qarşı pis rəftarda, onu əl-ayağı qandallı vəziyyətdə bir sutka cərimə kamerasında (“kars”) saxlayıb, ölümünə səbəb olmaqda təqsirləndirilən rəis köməkçisinə məhkəmə cəmi 2 min manat cərimə cəzası kəsib. Söhbət Salyan rayonunun Yenikənd kəndi ərazisində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş ölüm hadisəsindən gedir. Təqsirləndirilən şəxs isə müəssisənin baş inspektoru, eyni zamanda, rəisin köməkçisi, mayor Hümmət Məmmədovdur.

Hadisə bu il fevralın 28-də olub. Həyatını itirən 24-yaşlı Sübhan Ağayev müəssisəyə gələndən üç gün sonra orada ölüb. 2022-ci ilin oktyabrından həbsdə olan və Şüvəlandakı istintaq təcridxanasında saxlanılan Ağayevin xəstəliyi olmayıb. Bunu təcridxanaya daxil olanda keçdiyi müayinənin nəticələri də sübut edir.

Ona oğurluq ittihamıyla 3 il 6 ay həbs cəzası kəsiləndən sonra fevralın 25-də “el arasında “Xələc həbsxanası” adlandırılan 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Fevralın 28-də səhər saatlarında isə müəssisədəki “kars”da ölüb.

5 gün “kars” cəzası və...

51-yaşlı Məmmədova Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham verilib. Cinayət işinin materiallarında göstərilib ki, Ağayev müəssisəyə gələndən sonra karantin dövründə öz üzərində və əşyalarına baxış keçirilməsinə etiraz edib. Bununla əlaqədar narazılıq yaranıb. İddia olunur ki, məhbus aqressiv reaksiya verib – özünə xəsarət yetirməyə cəhd göstərib. Bu səbəbdən rəis yeni gəlmiş məhkuma 5 gün “kars” cəzası verilməsi, onun qandallanması barədə qərar qəbul edib.

Beləliklə, Ağayev fevralın 27-də “kars”a salınıb və orada əlləri çarpayıya qandalla bağlı vəziyyətdə saxlanılıb. Eyni zamanda, ayaqları da qandallanmış halda olub. Fevralın 28-də səhər saat 9 radələrində onun qandalları açılanda artıq vəziyyəti ağır olub. Hətta ayaq üstə dayana bilməyib.

Həkim Fədai Dadaşovu “kars” otağına çağırıblar. Həkim gəlib məhbusun vəziyyətinin ağır olduğunu görəndə dərhal Təcili Tibbi Yardım çağrılmasını istəyib. Özü təzyiqini, nəbzini yoxlayıb və məlum olub ki, artıq Sübhan Ağayevin həyatını xilas etmək mümkün deyil.

Hümmət Məmmədov ittiham olunur ki, o, qandalı lazım olduğundan çox saxlayıb, vaxtında açmayıb. Belə olan halda, Sübhan Ağayev qidalana, təbii ehtiyaclarını ödəyə bilməyib.

Məmmədov özünü təqsirli bilir. Amma deyir ki, məhbusun özünə xəsarət yetirə biləcəyindən ehtiyatlanırdı, ona görə qandalı səhərə qədər açmamışdı.

Mərhumun atası təqsirləndirilən şəxsdən şikayətçi olmayıb

Bir müddət öncə Sübhan Ağayevin yaxınları sosial şəbəkələrdə onun işgəncə ilə öldürüldüyünü iddia edərək, prokurorluqda aparılan araşdırmalardan narazılıq edirdilər. Onlar bildirirdilər ki, meyitin üzərində çoxsaylı xəsarətlər vardı. Bu da onun işgəncəyə məruz qaldığını deməyə əsas verir.

Məhkəmədə mərhum Ağayevin atası təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Ekspertiza da bədəndə təkcə qandal bağlanan hissələrdə yox, baş, çiyin nahiyələrində və başqa hissələrdə də xəsarətlər aşkarlanması barədə rəy verib. Ekspert göstərib ki, həmin xəsarətlər həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşyanın təsirindən əmələ gəlib.

Ağayevin yaxınları istintaqın gedişindən narazılıqlarını bildirəndə Baş Prokurorluğun mətbuat xidməti açıqlama vermişdi ki, məsələ araşdırılır, Cinayət Məcəlləsinin 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda, başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə ağır cinayətlər kateqoriyasına daxildir, sanksiyasında 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İndi isə məlum olur ki, istintaqın sonunda təqsirləndirilən şəxsə xeyli yüngül maddə ilə ittiham verilib. Cinayət Məcəlləsinin 309.1 maddəsinin sanksiyasında 2 min manatdan 4 min manata qədər cərimə, yaxud 2 ilədək islah işləri və ya 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Salyan rayon Məhkəməsi Hümmət Məmmədova 2 min manat cərimə cəzası təyin edib.

Sübhan Ağayev 2020-ci ildə Qarabağ döyüşlərində iştirak edib, müharibədən sonra bir neçə medalla təltif olunub.

XS
SM
MD
LG