Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Qərb Azərbaycanla bağlı mövqeyinə yenidən baxacaqmı


Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsselə səfəri

Bakı illər boyu özünü etibarlı təhlükəsizlik tərəfdaşı və vacib nəqliyyat habı kimi göstərəndən sonra Avropa İttifaqı (Aİ) və ABŞ-ı qəzəbləndirib. Minlərlə Qarabağ ermənisinin kütləvi şəkildə evlərindən çıxmağa məcbur edilməsinin dramatik görüntüləri yayıldığı bir vaxtda Qərbdə bəziləri Azərbaycan münasibətlərə yenidən baxmağa başlayırlar. "The Guardian" qəzetində Pyotr Sauer (Pjotr Sauer) bu haqda yazır.

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"ni başladıb erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Hazırda 30 minə yaxın erməninin Qarabağı tərk etdiyi bildirilir.

Ancaq rəsmi Bakı heç kəsi Qarabağdan çıxmağa məcbur etmədiyini, onların Azərbaycan cəmiyyətinə reinteqrsiyası üçün paket açıqlanacağını bildirir. Ötən həftədən bəri Yevlaxda və Xocalıda Bakı ilə Qarabağ ermənilərinin təmsilçilərinin görüşləri keçirilib. Bundan sonra Azərbaycan hökuməti Qarabağa ərzaq və zəruri tibbi ehtiyaclar göndərdiyini bildirib.

"Böhranın, insan iztirabının qarşısı alına bilərdi, alınmalı idı. İndi Azərbaycanla heç nə olmamış kimi davam etmək bizə çətin olacaq", – Bakıdan bir rütbəli Qərb diplomatı qəzetə anonimlik şərti ilə danışıb.

Qərb özünü aldadılmış sayır

"Brüsseldə, Vaşinqtonda çoxları Azərbaycanın gücə əl atmasından şoka düşüb, özünü aldadılmış sayır", – "Karneqi Avropa" təhlil mərkəzinin aparıcı əməkdaşı Tomas de Vaal (Thomas de Waal) deyib. Onun sözlərinə görə, Qərb rəsmiləri inanırlar ki, regiona yerləşdirilmiş 2 min Rusiya sülhməramlısının fəaliyyətsizliyi Moskva ilə Bakı arasında gizli anlaşmadan xəbər verir. Hər iki tərəf döyüşlərə görə Ermənistanın Baş naziri Nikol Paşinyanı və onun qərbyönlü siyasətini günahlandırıb.

"Uzun illər münaqişəni həll etməyə cəhdlər göstərməsinə baxmayaraq, Qərb çıxdaş olunur. Azərbaycan uzun bir dönəm məharətlə Qərbin gözündə öz dəyərini qaldıra bilib. Ancaq Bakının gerçəkdən nə dərəcədə mühüm və etibarlı olmasına yenidən baxıla bilər", – de Vaal vurğulayıb.

"Kürü diplomatiyası" və enerji asılılığı

Məqalədə Bakının "kürü diplomatiyası" iddiaları yada salınır, Avropada nüfuz qazanmaq üçün nağd pul və hədiyyələrdən istifadə etdiyi bildirilir. "The Guardian" Avropada tərəfdarlar, lobbiçilər əldə etməkdən ötrü Azərbaycandan 3 milyard dollar yaxın vəsaitin Britaniyanın gizli şirkətləri vasitəsilə çıxarıldığını aşkarlamışdı.

Məqalədə qeyd olunur ki, son döyüşlərə qədər Avropa sanki Bakıya yaxınlaşırdı və bu, insan haqlarının pis vəziyyətdə olmasına baxmayaraq baş verirdi. Aİ-nin 2027-ci ilədək Azərbaycandan qaz alışını iki dəfə artırması üzrə razılaşma əldə olunmuşdu.

Bəzi təhlilçilər isə Avropanın Azərbaycan enerjisindən asılılığının şişirdildiyini deyirlər.

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas rol oynaması fikri Qərb ölkələrinin duruma müdaxilə etməməsindən ötrü bir bəhanə kimi ortaya atılıb", – Xarici Siyasi Tədqiqatlar İnstitutunun əməkdaşı Maks Hess vurğulayır.

2022-ci ildə Azərbaycan Aİ-nin ümumi qaz idxalında 3 faizlik paya malik olub. Moskvanın payı isə 15 faizdir.

Sanksiyalar?

Qəzetin yazdığına görə, Qərbdə bəzi rəsmilər Azərbaycana qarşı sanksiyaları götür-qoy edirlər. Avropa Parlamentinin Xarici işlər komitəsinin sədri Devid Makallister (David McAllister) deyib ki, Qarabağ ermənilərinin evlərindən çıxarmaq cəhdləri olubsa, Aİ buna ciddi cavab verməlidir.

Azərbaycan hakimiyyəti insan haqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG