Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:31

ABŞ İran dronları ilə bağlı Türkiyə və Çin şirkətlərinə sanksiyalar elan edir


Şahed-136 dronu Ukrayna səmasında
Şahed-136 dronu Ukrayna səmasında

Birləşmiş Ştatlar İranın dron istehsalı üçün təchizat şəbəkəsinə daxil İran, Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin qurumlarına sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu şəbəkə İranın Şahed dronlarının istehsalı üçün çox mühüm bir komponentin təchizatını və maliyyə tranşlarını həyata keçirir.

İran öz növbəsində bu dronlarla Ukraynada müharibə aparan Rusiya ordusunu təchiz edir.

Sözü gedən kritik komponent servomotor adı ilə tanınır və İranın Şahed dronlarında istifadə edilir.

ABŞ bildirir ki, sanksiyalardan məqsəd İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerofəza təşkilatını servomotor komponentindən məhrum etməkdir.

Ukraynada vurulmuş drondan tapılıb

Nazirliyin məlumatına görə belə servomotorlardan biri bu yaxınlarda Ukraynada vurulub salınmış Şahed-136 dronunun qalıqlarında aşkar edilib.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson deyib ki, İran istehsalı olan PUA-lar Rusiyanın Ukraynadakı hücumlarının əsasını təşkil edir.

Nelsonun sözlərinə görə Rusiya bu dronlarla Ukraynanın dinc əhalisinə və mülki infrastrukturuna zərbələr endirir.

Sanksiyalanan 5 şirkətdən ikisi – İranda mənzillənmiş Pishgam Electronic Safeh Company (PESC) və Honqkonqdakı Himark Electron Model Limited şirkətləridir.

Qalan üç şirkət Türkiyədə və Əmirliklərdə yerləşir.

Saxtalaşdırılan ödəniş tələbnamələri

Xəbərdə deyilir ki, PESC şirkəti kamikadze dronları üçün yüzminlərlə dollarlıq servomotor komponenti əldə edə bilib.

Bu şirkətin iranlı rəhbəri Rza Canqurbani və Honkonqdakı Himark şirkətinin rəsmisi Fan Yanq da sanksiya siyahısına salınıb.

Xəbərdə deyilir ki, Çin şirkəti PESC şirkəti üçün toplam dəyəri 1 milyon dollardan çox olan servomotorlar sifariş edib.

Fan bu məhsulun İrana satıldığını ört-basdır etmək məqsədilə ödəniş tələbnamələrini saxtalaşdırıb.

Bundan başqa Hongkong Himark şirkəti İranın PESC şirkətinə maliyyə, texnoloji və başqa xidmətlər göstərməkdə ittiham olunur.

2022-ci ilin noyabrından elan edilən sanksiyalara əlavə olan bu sanksiyalar İranın Shahed Aviation Industries Research Mərkəzini hədəfləyir.

İİKK-nin tabeçiliyində olan bu şirkət Şahed-136 kamikadze dronlarının istehsalçısıdır.

XS
SM
MD
LG