Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:30

İlham Əliyev son seçkidə verdiyi vədləri necə yerinə yetirib?


Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində. 2021
Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində. 2021

Gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkiyə iki aydan az vaxt qalsa da, Azərbaycanda heç də seçki abu-havası duyulmur. Ölkədə demokratik mühitin olmaması, media və vətəndaş cəmiyyətinin, eləcə də siyasi təşkilatların fəaliyyətinə məhdudiyyətlər bunun əsas səbəbləridir.

8-səhifəlik proqram

Demokratik ölkələrdə seçki prosesi həm də ideya yarışına çevrilir. Siyasi partiyalar seçki proqramlarını açıqlayaraq vətəndaşlara seçiləcəkləri təqdirdə həyata keçirəcəkləri layihələrdən danışırlar. Azərbaycanda belə proqramlar bir o qədər də müzakirə obyektinə çevrilmir. Prezident İlham Əliyev rəqabətsiz şəkildə keçən və qazandığı sonuncu – 2018-ci il seçkisindən öncə, formal da olsa, seçki proqramını açıqlamışdı. Əslində həmin proqramın həcmi və yazılış qaydası elə hökumətin seçkiyə nə qədər səthi yanaşdığının göstəricisidir. Belə ki, İlham Əliyevin 2018-ci il prezident seçkilərindən öncə açıqladığı seçki proqramının həcmi cəmi səkkiz səhifə idi.

Müqayisə üçün bildirək ki, builki seçki zamanı Türkiyənin iqtidar partiyası AKP-nin açıqladığı seçki sənədi 481 səhifədən ibarət idi. İlham Əliyevin sonuncu seçki proqramı həcmlə yanaşı, yazılma baxımından da standartlardan çox uzaqdır, çünki bu tip sənədlərdə namizədlər öz vədlərini, əsasən, ölçüləbilən şəkildə bildirirlər. Ancaq İlham Əliyevin seçki proqramlarında vədlərlə bağlı ümumi sözlərdən istifadə edilir. Məsələn, Türkiyədəki seçki proqramında iqtidarın seçiləcəyi təqdirdə nə qədər ev tikəcəyi, nə qədər adama güzəşt tətbiq edəcəyi, atılacaq addımlardan sonra ölkəyə nə qədər turist gələcəyi kimi bir çox vədlər konkret rəqəmlərdə əksini tapıb.

Belə yanaşma vətəndaşlara növbəti seçimlərdə hökumətin performansını qiymətləndirmək imkanı verir, axı hökumətin vədləri konkret rəqəmlərlə ifadə olunduğundan həmin vədlərin yerinə yetirilib-yetirilmədiyini ölçmək də asan olur. Di gəl, İlham Əliyevin seçki proqramına nəzər salınca görünür ki, bütün vədlərin sonunda "davamlı artıma nail olunacaq", "əhəmiyyətli dərəcədə artırılacaq", "kompleks tədbirlər həyata keçiriləcək" qəbilindən sözlər var. Hökumət öz vədlərini konkret və ölçüləbilən şəkildə açıqlamadığından iqtidar təmsilçiləri bu yolla manipulyasiya- yönləndirmə imkanı qazanırlar. Hökumətin seçki proqramına belə yanaşması onda özünəinamının da aşağı olmasının göstəricisidir. Axı iqtidar təmsilçiləri doğrudan da ciddi artım gözləsəydilər, belə ümumi ifadələrdən yararlanıb özlərini sığortalamazdılar. Hökumətin belə səthi seçki proqramı hazırlaması özünə inamsızlıqla yanaşı, onların seçki prosesinə nə qədər biganə yanaşmasının da təzahürüdür, çünki uzun illərdir Azərbaycanda seçkinin taleyini vətəndaşlar deyil, iqtidarın iradəsi təyin edir.

Yeganə ölçüləbilən vəd

İlham Əliyevin 2018-ci il prezident seçkisindən öncə açıqladığı seçki proqramında iqtisadi və sosial istiqamətlərlə bağlı toplam 18 hədəf qeyd edilib. Həmin 18 hədəfdən cəmi biri konkret rəqəmdə əksini tapıb: Hökumət seçiləcəyi təqdirdə Ümumi Daxili Məhsulun (ÜDM) illik artım tempinin 3 faizdən çox olmasını hədəflədiyini bildirmişdi.

Cədvəl: 2018-2023-cü illərdə Azərbaycanda Ümumi Daxili Məhsul artımı/azalması

İl

ÜDM artımı/azalması (% ilə)

2018

1.4

2019

2.2

2020

-4.3

2021

5.6

2022

4.6

2023

0.8

Cədvəldən göründüyü kimi, hökumət son prezident seçkisindən öncə hər il 3 faizdən çox ÜDM artımı vəd etsə də, 2018-ci ildən bəri cəmi iki ildə - 2021 və 2022-ci illərdə ÜDM artımı 3 faizi üstələyib. 2020-ci ildə pandemiya üzündən ölkə iqtisadiyyatında ÜDM azalmışdı. Ancaq pandemiya ortaya çıxmadan öncə - 2018-2019-cu illərdə də Azərbaycanda ÜDM artımı hökumətin hədəflədiyi həddə olmayıb. Bu ilin ilk 11 ayı ərzində isə Azərbaycanda ÜDM artımı 1 faizdən də aşağı olub.

Bəs iqtisadiyyatı şaxələndirməklə bağlı hədəflər?

İlham Əliyevin 2018-ci il seçkisindən öncə yayımladığı proqramında iqtisadi hədəflər arasında ən çox iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı vəd və hədəflər yer alıb. Qeyri-neft sektorunun inkişafı, neftdənkənar sahələrin ixrac potensialının artırılması və ixrac coğrafiyasının genişləndirilməsi kimi bir çox hədəflər müəyyənləşdirilib. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payını ən yaxşı göstərən göstəricilərdən biri ixracdır. Azərbaycanın ixracla bağlı göstəricilərinə nəzər saldıqda bəlli olur ki, sonuncu seçki dövrü ilə (2017-ci illə) müqayisədə hazırda ixracda qeyri-neft sektorunun payı nəinki artıb, əksinə, aşağı düşüb. Belə ki, 2017-ci ildə Azərbaycanın ixracında neft-qaz sənayesinin payı 88.6 faiz olub. Hazırda bu rəqəm 90.7 faizdir. Deməli, hökumət ixracı şaxələndirmək və enerji sektorunun payını azaltmaqla bağlı vədinə də əməl edə bilməyib.

XS
SM
MD
LG