Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:45

Paşinyan sülh danışıqlarının 'süni şəkildə' uzadılmasından narahatdır


Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan parlamentdə (Arxiv fotosu)
Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan parlamentdə (Arxiv fotosu)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsininin imzalanmasının "süni şəkildə" uzadılmasından narahatlıq ifadə edib.

Bununla belə Paşinyan dekabrın 18-də verdiyi bəyanatda Azərbaycanın adını çəkməyib, "region ölkələrindən" danışıb:

“Biz indiyədək artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qalırıq və ümid edirik ki, regionda və regional ölkələrdə baş verən son hadisələr nəticədə sülh prosesinin süni şəkildə uzadılması demək deyil”.

Ermənistan baş naziri Ermənistan Xarici İşlər Nazirliyində keçirilən ilsonu qəbulunda daha sonra əlavə edib:

“Əgər belə ehtimalın bir əsası varsa, bu, çox dərin narahatlığa səbəb olmalıdır”.

Azatutyunun yazdığına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay demişdi ki, Azərbaycan regionda “sülh və sabitlikdə səmimi şəkildə maraqlı deyil”.

O Bakının Ermənistana qarşı hərbi hərəkət hədələrini, Avropa İttifaqı və ABŞ tərəfindən təşkil olunmuş yüksək səviyyəli sülh danışıqlarından imtina etməsini yada salmışdı.

Səfir Tiqran Balayanın dedikləri

Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının təşəbbüsü ilə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən iki dəfə imtina edib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da erməni həmkarı Ararat Mirzoyanla Vaşinqtonda noyabrın 20-də keçirilməsi planlaşdırılan görüşə gəlməyib.

Azatutyun yazır ki, Bakı Vaşinqton görüşünü ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayenin “erməniyönlü bəyanatlarına” görə ləğv etdiyini bildirmişdi.

Dekarbrın 18-də Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdən sonra iddia edib ki, Azərbaycan oktyabr sammitlərini “sülh prosesini pozmaq məqsədilə” ləğv edib.

Balayan habelə Aİ-dən Azərbaycanı danışıqlar masasına qaytarmağı xahiş edib.

Bundan əvvəl

Ceyms O’Brayen dekabrın əvvəllərində Bakıda Əliyevlə görüşündən sonra demişdi ki, dövlət katibi Antony Blinken xarici işlər nazirləri Bayramov və Mirzoyan arasında görüşün Vaşinqtonda keçirilməsini gözləyir.

Ermənistanın xarici işlər naziri belə bir görüşə hazır olduğunu desə də, Azərbaycan tərəfindən hələlik bu barədə heç bir açıqlama verilməyib.

Azatutyun yazır ki, Ermənistan rəsmiləri bu ilin əvvəllərində Əliyevin Azərbaycanın mümkün ərazi iddialarını istisna edən müqaviləni imzalamaq istəmədiyini ehtimal etdikllərini bildirmişdilər.

Öz növbəsində ötən ayın sonlarında prezident İlham Əliyev Yerevanı “sülh prosesini süni şəkildə uzatmaqda” ittiham etmişdi.

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxacaq?
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG