Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Mühacirətdəki jurnalist: 'Ukrayna savaşı Rusiya imperiya mifinin mənəvi iflasını göstərir'


Prezident seçilmiş Vladimir Putin 2000-ci ildə Kiyevdə Şərqi pravoslavların mərkəzi sayılan Kiyev-Peçersk Lavrası monastırında ikonanı öpür.
Prezident seçilmiş Vladimir Putin 2000-ci ildə Kiyevdə Şərqi pravoslavların mərkəzi sayılan Kiyev-Peçersk Lavrası monastırında ikonanı öpür.

Rusiyalı jurnalist Mixail Zıqar ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumunu açıq qınayandan bir neçə gün sonra mühacirət edib. O, daha öncə "Dojd TV"nin baş redaktoru olub. Yeddi il öncə nəşr etdirdiyi "Kremlin bütün ordusu. Çağdaş Rusiyanın qısa tarixi" kitabı Rusiyada bestseller sayılıb və 20-dən çox dilə çevrilib. Onun "Savaş və cəza: Rusiya Ukraynanı necə məhv edirdi" adlı son kitabı Putinin Ukrayna ilə bağlı planlarından söz açır.

AzadlıqRadiosu gürcü xidmətinin müxbiri Vaja Tavberidzeyə müsahibə verən M.Zıqar Rusiyanın Ukraynaya hücumu ərəfəsində baş verənlərdən, kollektiv vicdan və məsuliyyətdən, eləcə də Putinin Rusiyanı saxlamaq üçün müharibəyə ehtiyacı olmasından danışıb.

"Həmin səhər anladım ki..."

O, 2022-ci ilin 24 fevral səhərini belə xatırlayır: "Yəqin, həmin səhər anladım ki, artıq Rusiyadakı həyatımın sonudur və indən belə faşist bir ölkəyə, faşist rejimə çevrilmiş ölkədə yaşamağa davam edə bilmərəm. Bir jurnalist kimi, bununla bağlı nəsə etməliydim və bir yazıçı olaraq da bu barədə yenə yazmalıydım. Rusiyada bu peşə ləğv edildiyindən ölkəni tərk etməliydim".

Jurnalist kollektiv günah və kollektiv məsuliyyətə inanmadığını deyir: "Mən yalnız şəxsi günah və şəxsi məsuliyyətə inanıram. Öz şəxsi günahımı və şəxsi məsuliyyətimi hiss edirəm və onun haqqında danışa bilərəm. Rusiya vətəndaşı kimi deyil, yazıçı, jurnalist, tarixçi kimi mən öz məsuliyyətimi dəqiq hiss edirəm. Hiss edirəm ki, uzun illər boyu kor olmaqda günahkaram. Rusiyada indiki siyasi durumla bağlı yox – mən bu mənada çox ucadan və çox açıq danışmışam, ancaq Rusiya tarixi və Rusiya imperiyası baxımından kor olmuşam. Biz uzun illər boyunca Rusiya dövlətinin imperiya və müstəmləkəçi mahiyyətinə diqqət yetirməmişik. Rusiya tarixinin bu bölümünü, necə olubsa, görməzdən gəlmişik. Biz, Rusiya ziyalıları, …Rusiya cəmiyyəti heç vaxt bu mövzuya toxunmamış, heç vaxt bunu dartışmağa təşəbbüs göstərməmişik. Sovet İttifaqının çöküşündən sonra bolşevik Lenin və Stalinin cinayətlərinin müzakirəsinə o qədər çox səy göstərmişik ki, daha böyük mənzərəyə toxunmamışıq. Biz heç vaxt Rusiya imperiyasını dartışmamışıq. Mən düşünürəm ki, problem budur. Rus yazarlarının, rus tarixçilərinin, rus jurnalistlərinin günahı, o sıradan mənim günahım budur. Mən digər insanların ağrı-acısına kar olmuşam. Mən bir çox ukraynalının, yaxud digər ölkələrdən – Belarus, Gürcüstan, Ermənistandan olan insanların mənə nə dediyini eşitməmişəm. Mən yetərincə diqqətli olmamışam. Bəli, buna görə özümü günahkar sayıram".

M.Zıqar
M.Zıqar

Zıqar deyir ki, Rusiyada insanlar artıq özlərini hücumun başlanğıcındakı kimi hiss etmirlər: "Problem ondadır ki, ötən ilin fevralından bəri çox şey dəyişib və çox şey dəyişəcək. Təəssüf ki, hələlik, müharibənin adiləşməsi deyə biləcəyimiz prosesi görməkdəyik. Təəssüf ki, bu, çox qəliz məsələdir. Bu, sadəcə insanlar qorxduğundan, özlərini heç nə olmayıbmış kimi aparmağa üstünlük verdiyindən baş vermir. Bu, həm də siyasi məsələdir və o üzdən baş verir ki, Qərb sarsılıb, Rusiyanı tərk etmək istəyən, Putini dəstəkləmək istəməyən, Rusiyada biznesə sahib olmaq istəməyən, getmək istəyən bütün rusiyalıları dəstəkləməyə hazır olmadı. Biz çox sayda insanın geriyə, Rusiyaya itələnməsi reallığı ilə üz-üzəyik. Çox sayda insan orada qalıb. Hazırda Rusiyada gördüyümüz xeyli antiqərb atmosferi qismən Qərbin bu siyasətinin də nəticəsidir. Məncə, bu, yanlış idi, ancaq görməkdə olduğumuz prosesin tək səbəbi deyildi. Təbliğat daha bir önəmli amildir. Savaşın gedişatı daha bir mühüm amildir".

"Düzü, mən anlamıram ki..."

"Bu savaş bitəndən sonra Rusiyada doğulan nəsillərin bu isteriyadan və bütün imperiya yanaşmalarından qurtulacağına şübhəm yoxdur. Əminəm ki, bu müharibə Rusiya imperiya mifinin mənəvi iflasıdır...

Düzü, mən anlamıram ki, Rusiya bu müharibəni necə uda bilər. Vacib məsələ odur ki, məqsəd bu müharibəni udmaq deyil, bu müharibəni aparmaqdır. Putin bu müharibəni niyə başlayıb? Güman ki, onun düşüncəsi Kiyevi tez – üçcə günə tutmaq idi. Onun gerçəkdən belə bir sayıqlaması vardı. Bundan sonra ona Kiyev yox, müharibə gərək idi. Bu müharibə ona Rusiyanı saxlamaq üçün, hakimiyyətdə qalmaq üçün lazımdır. O, yalnız özünü zəif hiss edərkən gücünü qoruyub saxlamaq üçün yeni bir müharibəyə başlayır. …Özü də o gedənə qədər bu müharibənin bitə biləcəyinə inanmıram. Bu üzdən düşünürəm ki, bu, uzun savaş olacaq. Təəssüf. Mən onun Kiyevi tuta biləcəyinə inanırammı? Buna inanmıram, ancaq onun yenə, yenə və yenə cəhd göstərəcəyinə inanıram. Biz görürük ki, onun strategiyası Qərbin dəstəyinin azalmasını gözləməkdir. O, Amerikadakı prezident seçkilərindən sonra, çox güman, yenidən cəhd edəcək.

…Ancaq onun qələbə elan etməsindən ötrü heç nəyə ehtiyacı yoxdur. O bunu istənilən vaxt edə bilər. Di gəl, bu ona lazım deyil; indi Ukraynaya qarşı deyil, amerikalılara qarşı döyüşdüklərini elan etdiklərindən müharibənin davam etməsinə üstünlük verir", - M.Zıqarın sözləridir.

XS
SM
MD
LG