Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:30

Blinken: Dörd ərəb ölkəsi və Türkiyə Qəzzanın gələcəyini qurmağa hazırdırlar


ABŞ dövlət katibi Antoni Blinken İsraildə
ABŞ dövlət katibi Antoni Blinken İsraildə

Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə Qəzzanın bərpasına və onun siyasi gələcəyinin qurulmasına hazırdırlar.

Associated Press xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündən sonra jurnalistlərə Əl-Ula hava limanında deyib.

Onun sözlərinə görə sözü gedən ölkələrin liderləri ABŞ-la birlikdə Qəzza zolağının bərpasına, Fələstin ərazilərinin siyasi gələcəyinin müəyyən edilməsinə və regionda stabillik və davamlı sülhün əldə olunmasına yönəlik səylərin koordinasiya edilməsinə dair razılığa gəliblər.

Blinken deyib ki, bu ölkələr “bu məqsədlərə çatılması üçün çətin qərarların və öhdəliklərin qəbuluna hazırdırlar”.

Bu da qeyd olunur ki, bundan əvvəl ərəb ölkələri və Türkiyə ABŞ-ın buna bənzər təkliflərini rədd edirdilər.

Onların şərt kimi qoyduqları ilkin tələb atəşin dərhal dayandırılması və fələstinlilərin yaşayışının yaxşılaşdırılması idi.

ABŞ-ın “öz baxışı”

Antoni Blinken habelə qeyd edib ki, ABŞ-ın həm İsrail dövlətinin, həm də Fələstin xalqı üçün dövlətin möhkəm təhlükəsizliyinin təmin edilməsinə “öz baxışı” var.

Onun sözlərinə görə İordan çayının Qərb sahili və Qəzza zolağı “Fələstin idarəçiliyi altında birləşdirilməlidir.

Blinken deyib ki, "regionun gələcəyi parçalanma vəı münaqişələr yox, inteqrasiya olmalıdır”.

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanından əvvəl Türkiyə, Yunanıstan, İordaniya, Qətər və BƏƏ-yə səfər edib.

AP xəbər verir ki, Blinken İsrail rəhbərliyi və Fələstin muxtariyyətinin rəhbərliyi ilə ərəb ölkələrinin və Türkiyənin təklifini müzakirə etməlidir.

Blinken Netanyahu ilə görüşməlidir

Yanvarın 9-da ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) Təl-Əvivdə İsrail liderləri ilə görüşməlidir. Bir gün öncə Suriya və Livana endirilən zərbələrdə HƏMAS radikal qruplaşması və onun müttəfiqi "Hizbullah"ın aparıcı üzvlərinin öldürüldüyü bildirilir. ABŞ və Aİ HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.

Bu arada İsrail ordusu bildirib ki, Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlar yeni fazaya daxil olur, ərazinin mərkəzinə və cənubunda daha hədəfli əməliyyatlar aparılacaq.

"Hizbullah" komandiri vurulub

Yanvarın 8-də "Hizbullah" oktyabrdan bəri ilk dəfə olaraq Vissam Həsən Əl-Tavil adlı komandirinin öldürüldüyünü açıqlayıb.

Livanda anonimlik şərti ilə danışan təhlükəsizlik rəsmisi isə deyib ki, Əl-Tavil "Hizbullah"ın cənubdakı əməliyyatlarının idarə olunmasında aparıcı rol oynayırdı, İsrailin zərbəsi nəticəsində öldürülüb.

İsrail ordusu Livanda "Hizbullah"ın hərbi obyektlərini vurduğunu desə də, Əl-Tavilin ölümünü şərh etməyib.

Vissam Həsən Əl-Tavil
Vissam Həsən Əl-Tavil

Bu ay Livanda HƏMAS liderinin müavini Saleh Əl-Aruri də öldürülüb.

Yanvarın 8-də İsrail ordusu Suriyada HƏMAS-ın mərkəzi fiquru Həsən Akaşunu da öldürdüyünü bəyan edib. Onun İsrail ərazisinə raketlər atan terrorçu şəbəkələrə başçılıq etdiyi deyilir.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna hücum edib, min 140 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Onların 132-si hələ də girovluqdadır, azı 25-nin isə artıq öldürüldüyü güman olunur.

İsrail hücuma amansız bombardman, quru işğalı ilə reaksiya verib, azı 23 min nəfər həlak olub. Qəzzanın səhiyyə nazirliyi onların çoxunun qadınlar və uşaqlar olduğunu deyir.

Tammiqyaslı müharibə qorxusu

İsrail ordusu yanvarın 9-da səhər daha dörd hərbçisinin öldürüldüyünü açıqlayıb. Bununla da quru əməliyyatları başlanandan həlak olan hərbçilərin sayı 180-ə çatıb.

Livana və Suriyaya təkrarlanan zərbələr, İraqda ABŞ qüvvələrinə hücumlar, Qırmızı dənizdə HƏMAS-a rəğbət bəsləyən husi üsyançıların gəmilərə hücumları Yaxın Şərqin tammiqyaslı müharibəyə sürüklənə biləcəyi sarıdan qorxuları artırıb.

Blinken də bu ehtimalı azaltmaq niyyəti ilə yanvarın 8-də axşam Təl-Əvivə çatıb, ondan öncə altı ölkədə olub. O, müharibə başlayandan Yaxın Şərqə dördüncü səfərini edir.

Dövlət katibinin baş nazir Binyamin Netanyahu, digər aparıcı rəsmilər, müxalifətin əsas fiquru Benni Qants ilə görüşəcəyi gözlənilir.

Müharibə Qəzza əhalisinin əksər hissəsini didərgin salıb, dinc sakinlər aclıq və xəstəlik riski ilə üz-üzə qalıb.

XS
SM
MD
LG