Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:24

İnflyasiyanın təsiri: Son iki ildə əhali ərzağa 50 faiz daha çox pul xərcləməyə məcbur qalıb


Dövlət Statistika Komitəsi (DSK) pərakəndə ticarət dövriyyəsi – topdan alış-verişlə bağlı ötənilki göstəriciləri açıqlayıb.

Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2023-cü ildə Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub. Daha bir il öncə bu göstərici 52.2 milyard manat idi. Deməli, ötən il əhalinin xərcləri 6.8 milyard manat və ya 13 faiz çoxalıb. Həcm baxımından 13 faizlik artım olsa da, pərakəndə ticarət dövriyyəsi, əsində - inflyasiyanın təsiri nəzərə alınsa, 3.1 faiz artıb. Başqa deyimlə, inflyasiya üzündən eyni miqdarda məhsul alışına daha çox pul xərclənib.

DSK-nın rəqəmlərinə görə, ötən il Azərbaycanda inflyasiya 8.8 faiz olub. Əhalinin xərclərində daha çox yer tutan qida məhsulları üzrə qeydə alınan inflyasiya nisbətən daha yüksək – 9.8 faizdir.

Ölkədə inflyasiya, az qala, iki ildən sonra birrəqəmli həddə endiyindən, hökumət rəsmiləri inflyasiyaya dair sevincli açıqlamalar verir. Amma unutmaq olmaz ki, inflyasiyanın indiki səviyyəsi də normaldan yüksəkdir. Bu baxımdan, Azərbaycanda inflyasiya probleminin arxada qaldığını demək olmaz. Əhalinin ərzaq xərclərinin 50 faizə yaxın artması bunun əsas göstəricisidir.

Üstəlik, Statistika Komitəsinin tədqiqatları göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzaqa xərclədiyi pullar və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkə ortalamasından yüksəkdir.

Rəsmi rəqəmlərə görə, 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub.

Əhali ən çox nəyə pul xərcləyir?

DSK-nın açıqladığı bilgilərdən aydın olur ki, Azərbaycanda əhalinin xərclərində əsas pay, hər zaman olduğu kimi, qida xərcləri ilə bağlıdır. Ötən il əhalinin pərakəndə ticarət xərclərinin 51.6 faizini ərzaq məhsullarına çəkilən xərc tutub. Bu rəqəm 2022-ci ildə də 51.6 faiz idi. Ancaq inflyasiyanın kəskinləşməsindən öncə - 2021-ci ildə qida xərclərinin toplam xərclərdəki payı nisbətən daha aşağı – 49.2 faiz olub.

Tütün və içki məhsulları da nəzərə alınsa, ərzaq xərcləri Azərbaycanda əhalinin toplam xərclərinin 56 faizinə yüksələcək.

Onu da unutmaq olmaz ki, ərzaq xərclərinin toplam xərclərdə yüksək paya sahib olması əhalinin yoxsulluğunun göstəricisidir. Axı ərzaq xərcləri payının çox olması o deməkdir ki, əhalinin böyük hissəsinin gəliri yalnız onun ancaq ən zəruri ərzaq xərclərini qarşılamağa yetir. Müqayisə üçün: İnkişaf etmiş ölkələrdə ərzaq xərclərinin toplam xərclərdə payı 15 faiz civarındadır.

2022-ci ildə Azərbaycanda qida məhsulları üzrə inflyasiya 20 faizi aşmışdı. Həmin illə bağlı açıqlanan istehlak səbəti göstəricilərindən bilinir ki, əhali 2021-ci illə müqayisədə, fiziki həcm olaraq, 2.5 faiz çox məhsul alıb və bu artıma baxmayaraq, ərzaq məhsulları üçün ödənişlər 22.3 faiz artım göstərib.

Əhali daha çox pul ödəyib, daha az dərman alıb

Ərzaqdan sonra əhalinin toplam xərclərində ən çox paya sahib ikinci istiqamət toxuculuq məhsulları, geim və ayaqqabıdır. Pərakəndə ticarət dövriyyəsində belə məhsulların payı 14.3 faiz olub. 2022-ci ildə bu rəqəm 14.1 faiz idi. Deməli, əhalinin geyimlə bağlı xərclərinin toplam xərclərdəki payında önəmli dəyişiklik baş verməyib.

Ancaq o da var ki, DSK ötən il Azərbaycanda geyim istehsalının 15 faiz azaldığını qeydə alıb. Belə azalma ortamında pərakəndə ticarətdə geyimlə bağlı xərclərin azalmaması onu göstərir ki, daxili istehsaldakı azalma daha çox idxal edilən geyim məhsullarına yönəlmədən qaynaqlanır.

Unutmaq olmaz ki, son illər ölkə əhalisi geyimi daha çox Türkiyədə yerləşən elektron ticarət platformalarından almağa başlayıb. Bunun əsas səbəbi yerli məhsulların həm qiymət, həm də keyfiyyət baxımından xarici məhsullarla rəqabətdə uduzmasıdır. Ötən il əhali toxuculuq məhsullarına, geyim və ayaqqabıya toplam 8.4 milyard manat xərcləyib.

Pərakəndə ticarət döviyyəsində özəlliklə əczaçılıq məhsulları və tibbi gərəklərlə bağlı xərclər diqqət çəkir. Belə ki, 2022-ci ildə Azərbaycan əhalisi bu istiqamətdə 1.1 milyard manat xərclədiyi halda, ötən il xərclərini 1.3 milyard manata yüksəldib.

Başqa sözlə, xərcləri təxminən 200 milyon manata yaxın artıb. Di gəl, 2023-cü ildə əhalinin əldə etdiyi tibbi məhsullar gerçək ifadədə 4.8 faiz azalıb, yəni ötən il əhali dərmana 200 milyon manat daha çox pul xərcləsə dəb, 4.8 faiz daha az dərman alıb.

Bunlarla yanaşı, avtomobil yanacağına xərclənən vəsaitin əhalinin toplam xərclərindəki payı 5.2 faiz, elektrik malları və mebelə xərclənən vəsaitin payı 4.4 faiz, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənən vəsaitin payı isə 1.1 faiz olub. Bu istiqamətlərin toplam xərclərdə payı öncəki illə müqayisədə önəmli ölçüdə dəyişməyib.

XS
SM
MD
LG