Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Berlin danışıqları başa çatdı. Bakı və Yerevandan açıqlamalar


Ceyhun Bayramov və Ararat Mirzoyan
Ceyhun Bayramov və Ararat Mirzoyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arsında danışıqlar başa çatıb.

Azatutyun Ermənistan XİN-in məlumatına istinadla yazır ki, Ceyhun BayramovArarat Mirzoyan son iki gündə iki ölkə arasındanda mümkün sülh müqaviləsinin müddəalarını müzakirə ediblər:

"Nazirlər və onların başçılıq etdikləri nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün bərqərar eiılməsinə dair ikitərəfli razılaşma layihəsinin müddəalarına dair fikir mübadiləsi ediblər”.

Məlumatda deyilir ki, açıq qalmış məsələlər üzrə danışıqların davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.

Azatutyun yazır ki, Ararat Mirzoyan və Ceyhun Bayramovun hər hansı məsələlər barəsində razılaşma əldə edib-etməməsinə dair məlumat verilmir.

Azərbaycan XİN: “Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 28-i və 29-da Ermənistan tərəfi ilə aparılan sülh danışıqları ilə bağlı məlumat yayıb.

Məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

“Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.” - məlumatda vurğulanır.

Üçtərəfli görüş

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın almaniyalı həmkarları Annalena Berbokun iştirakilə üçtərəfli görüşü başa çatıb.

Bu barədə məlumatı Ermənistan XİN-in sözçüsü Ani Badalyan X platformasında verib.

Onun sözlərinə görə “müzakirələr planlaşdırıldığı kimi” sabah (bugün) davam etdirləcək.

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan arasında normallaşdırma prosesi müzakirə olunub.

Xanım Berbok görüşdən sonra mətbuat üçün verdiyi qısa açıqlamada deyib:

“Biz inanırıq ki, Ermənistan və Azərbaycan illərlə davam edən ağrılı münaqişədən sonra indi davamlı sülhün əldə olunması üçün imkana malikdirlər. Biz hər iki ölkənin keçmişi arxada qoymaq və öz xalqları üçün davamlı sülhə doğru işləmək üçün atdıqları cəsarətli addımları görürük”.

***

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun ölkə Xarici İşlər Nazirliyinə istinadla xəbər verirdi ki, Berlində Azərbaycan, Ermənistan və Almaniya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda görüş başlanıb.

Görüşdən əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat üçün qısa açıqlama verib.

Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Əlavə olaraq xanım Berbok iki ölkənin nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Ceyhun Bayramov Annalena Berbok ilə görüşüb

Bugün, fevralın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə də görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib. Habelə, Azərbaycan və Ermənistan arasında normallaşma, sülh prosesinin hazırki vəziyyəti və perspektivləri nəzərdən keçirilib.

Açıqlamaya görə, C.Bayramov “Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi, hüquqi proseslərdə Azərbaycana qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqeni davam etdirməsinin” qəbuledilməz olduğu vurğulanıb.

Bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Amma Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. Hərçənd, müxalifət dəyişiklərə müsbət yanaşmır. Müxalifət onun Azərbaycan və Türkiyənin istəyinə uyğun dəyişdirilmək istəndiyini düşünürlər.

Berlin danışıqları başlanıb

Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb. Məlumatı Ermənistan XİN mətbuat xidməti yayıb.

Hələlik, detallar açıqlanmır.

Bayramov sülh danışıqları üçün Almaniyaya gedib

Fevralın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların , habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Ermənistan mediası xəbər verir ki, artıq Avropada olan xarici işlər naziri Ararat Mirzoyan da Almaniya paytaxtına gələcək.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti də bu məlumatı təsdiqləyib.

Azərbaycan və Ermənistan tərəfin məlumatına görə, Ceyhun BayramovArarat Mirzoyan arasında görüşün keçirilməsinə dair razılaşma prezident İlham ƏliyevNikol Paşinyanın Münhen danışıqlarında əldə olunub.

Bakının narazılığı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, son beş ayda danışıqlar keçirilməsə də tərəflər arasında müzakirələr davam edib.

Nazir vurğulayıb ki, Azərbaycan sərhədçisinin yaralanmasınadək son beş ayda Azərbaycan-Ermənistan sərhədində sakitlik olub və belə bir vəziyyət gərginlik istəyən bəzi qüvvələri narahat edir.

AzadlıqRadiosunun erməni xidməti - Azatutyun yazır ki, Bayramov eyni zamanda Avropa İttifaqı və Fransanı vəziyyəti gərginləşdirməkdə günahlandırıb.

Bayramov xüsusi olaraq Aİ-nin Ermənistandakı müşahidə missiyasını tənqid edib. Nazirin sözlərinə görə “Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edilir”.

Ceyhun Bayramov habelə Fransa müdafiə nazirinin Yerevana səfəri məsələsinə toxunub:

"Şoltsun təşəbbüsü ilə keçirilən görüşdə sülh prosesinin mühümlüyü vurğulanıb... Amma bundan dərhal sonra Fransa prezidentinin bəyanatı olub, daha sonra Fransa müdafiə naziri Yerevana səfər edib və orada təxribatçı bəyanatlar verib...”

Azatutyun yazır ki, Bayramov Fransa müdafiə naziri Sebastiyen Lekornyunun hansı bəyanatını “təxribatçı” saydığını deməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG