Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:38

'Bizdə karantin rejiminin uzadılması bir tək sərhədə görədir'


Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?

Martın 11-də baş nazir Əli Əsədov ölkədə karantin rejiminin iyulun 1-ə qədər uzadılması ilə bağlı qərar imzalayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda 2020-ci ilin martından karantin rejimi elan edilib. Bu arada onun müddəti bir çox dəfə uzadılıb. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Amma ölkənin quru sərhədlərində məhdudiyyət hələ də qalır. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanın özündə də son illər bu virusa yoluxma kəskin azalıb. Son rəsmi statistikaya görə, ölkədə cəmi 160 koronavirus xəstəsi var.

Pandemiyadan əvvəl vətəndaşlar Azərbaycanla sərhədi olan İrana, Gürcüstana, Rusiyaya alış-verişə gedirdilər. Sərhəddə məhdudiyyətin qalması onların da belə səfərlərinə son qoyub.

"Orada qiymətlər bizdən daha ucuz idi..."

Ağstafa rayonunda yaşayan Nazim Məmmədov deyir ki, pandemiyadan əvvəl ayda iki-üç dəfə xırda alış-veriş üçün Gürcüstana gedirdi: "Orada qiymətlər bizdən daha ucuz idi, ərzaq alırdım, qayıdırdım. Artıq dörd ildir ki, sərhədləri bağlayıblar, dolanışığım xeyli pisləşib...".

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"Geosiyasi vəziyyəti nəzərə alsaq..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev isə "Turan"a bildirib ki, quru sərhədlər vaxtilə bütün dünyanı bürüyən koronavirusdan ölkə vətəndaşlarını qoruması üçün qapadılıb: "O vaxt önləyici tədbirlər görülüb. Beynəlxalq ictimaiyyətə mümkün qədər hərəkətləri məhdudlaşdırmaq və təmaslardan maksimum çəkinmək tövsiyə olunmuşdu. Bu baxımından da o vaxt qərar qəbul olunmuşdu ki, ölkələrdən-ölkələrə gəliş-gediş bağlansın".

Deputat qeyd edib ki, statistikaya görə, koronavirus halları hələ də qeydə alınmaqdadır: "O baxımından da hökumət çalışır ki, vətəndaşların təhlükəsizliyini təmin etmək, onların sağlamlığını qorumaq üçün əlavə tədbirlər həyata keçirməklə karantini uzatsın".

Bununla belə, M.Əfəndiyevin sözlərinə görə, sərhədlərin bağlı qalması o qədər də yaxşı qəbul olunan məqam deyil: "Sərhədlərin açıq olması insanların daha rahat, azad formada hərəkətlərini təmin edə bilər. Amma bu gün geosiyasi vəziyyəti nəzərə alsaq, həm də mövcud virusların aradan tam qalxmaması hökumətə əsas verir ki, karantini uzatsın və quru sərhədlərin bağlı qalmasına qərar versin".

Rəşad Həsənov
Rəşad Həsənov

"Hətta Abşeron yarımadasından belə insanlar..."

İqtisadçı Rəşad Həsənov hesab edir ki, hazırkı şəraitdə quru sərhədlərdə məhdudiyyətlərin pozitiv iqtisadi əsaslandırması yoxdur: "Qərb, cənub və şimal bölgələrində yaşayan əhalinin gündəlik dolanışığının əhəmiyyətli hissəsi məhz xırda sərhəd ticarətdən formalaşırdı. Hətta Abşeron yarımadasından belə insanlar ailə büdcəsini səmərəli istifadə etmək üçün İrana, Gürcüstana gedirdilər".

R.Həsənov son dörd ildə bu imkanların məhdudlaşdırılmasının ciddi sosial fəsadının olduğunu vurğulayır: "Sözügedən bölgələr, xüsusilə cənub bölgəsi köçürmələrdən də asılı idi. Yəni, orada gəlirlərin bir hissəsi köçürmələrdən, digər qismi sərhəd ticarətindən formalaşırdı. Köçürmələrlə bağlı vəziyyət pisləşmə istiqamətinə gedir, pul baratlarında azalma müşahidə edilir, sərhəd ticarəti də yoxdur və bu, həmin bölgələrdəki əhalinin sosial rifahını ciddi şəkildə zəiflədir".

Natiq Cəfərli
Natiq Cəfərli

"...ölkədən valyuta çıxışının qarşısını almaqdır"

İqtisadçı Natiq Cəfərli də mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, karantin rejimini saxlayıb sərhədləri açan ölkələr var: "Amma bizdə karantin rejiminin uzadılması bir tək sərhədə görədir. Dünyada artıq karantin yoxdur. Azərbaycan hökuməti illər əvvəl karantin rejimi ilə bağlı qərar verərkən həmin protokollara istinad etmişdi. ÜST də çoxdan protokolları ləğv edib. Ona görə də hökumətinin israrla "karantin var" deməsi inandırıcı deyil".

Onun fikrincə, sərhəddə məhdudiyyətin saxlanmasının əsas səbəblərdən biri ölkədən valyuta çıxışının qarşısını almaqdır: "Bu da çox yanlış bir yoldur və iqtisadi aktivliyə mənfi təsir göstərir. Rəsmi rəqəmlər də bunu sübut edir. Keçən il MDB məkanında Azərbaycan ümumi daxili məhsulu ən az artan ölkə oldu – bizdə ÜDM cəmi 1 faiz civarında artdı. Bunun səbəblərdən biri məhz quru sərhədlərin bağlı olmasıdır".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan ümumilikdə 7 milyona yaxın şəxsin öldüyü açıqlanıb. Azərbaycanda isə indiyə qədər bu virusa yoluxanlardan 10 min 400 civarında şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG