Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Rusiyanın qonşuları NATO-dakı müttəfiqlərini hərbi xidmətə çağırışı qaytarmağa çağırır


Estoniya hərbçiləri Qələbə günü münasibətilə keçirilən hərbi paradda
Estoniya hərbçiləri Qələbə günü münasibətilə keçirilən hərbi paradda

Sautempton Universitetinin mexaniki mühəndislik fakültəsinin məzunu, 25 yaşlı Tallin sakini Toyvo Saabas hərbi xidmət keçən gənc estoniyalılardan biridir. "…Bu, ölkəmizə xidmətdir. Hər şeyə hazıqlıqlı olmaq, aradan çıxaraq bu xidmətdən yayınmaqdan yaxşıdır", - onun sözləridir.

Estoniyada 18 yaşına çatmış bütün kişilərin hərbi xidmət keçməsi tələb edilir. Qadınlar üçünsə hərbi xidmət könüllüdür.

Soyuq savaş bitəndən sonra - 1990-cı illərdə postsovet Rusiyası ilə münasibətlərin isinməsi fonunda Avropanın bir çox yerində məcburi hərbi xidmət tarixə çevrildi. Ancaq işğal və deportasiya travmasının qalmaqda olduğu Estoniyada hər şey fərqli idi.

BBC-nin məqaləsində deyilir ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Avropanın bir çox yerində nizami ordu bərpa edilərək genişləndirilib. Rusiyanın yaxınlığında yerləşən ölkələr nisbətən uzaqda yerləşən NATO müttəfiqlərini nizami ordunu bərpa etməyə çağırır. Britaniya da onları dəstəkləyir.

Bu həftə Norveç ordu sıralarındakı əsgərlərinin sayını artırdığını elan edib. Danimarka da ötən ay qadınların orduya cəlb edilməsini artırmaq və xidmət müddətini uzatmaq niyyətini dilə gətirmişdi.

Rusiya heç vaxt NATO üzvü olan ölkəyə hücum etməyib

Latviya və İsveç bu yaxınlarda hərbi xidməti bərpa edib. Litva isə hələ 2014-cü ildə, Rusiyanın Krımı ilhaq etməsindən sonra bu addımı atmışdı.

Rusiya heç vaxt NATO üzvü olan ölkəyə hücum etməyib. NATO-nun kollektiv müdafiə paktına görə, üzvlərdən birinə hücum edilərsə, bu, bütün üzvlərə hücum anlamına gəlir.

NATO-nun üç üzvünün – ABŞ, Britaniya və Fransanın nüvə silahı var. Rusiya da nüvə dövlətidir. Bu üzdən, belə münaqişənin meydana gəlməsi nüvə eskalasiyası riski yaradardı.

Fransa hərbçiləri Estoniya ordusunun düşərgəsində təlimlərdə
Fransa hərbçiləri Estoniya ordusunun düşərgəsində təlimlərdə

Estoniya ordusunun 38 yaşlı zabiti kapitan Mikk Haabma deyir ki, rusların say üstünlüyü varsa, NATO-nun da texniki üstünlüyü var.

Bu yaxınlarda Finlandiya və İsveçin qoşulması ilə üzvlərinin sayı 32-yə çatan transatlantik hərbi alyans bu həftə 75 yaşını qeyd edir.

Estoniyanın baş naziri Kaya Kallasın fikrincə, NATO müttəfiqlərinin öz ÜDM-lərinin 2 faizini müdafiə xərclərinə ayırmaqla bağlı öhdəliklərinə əməl etməsi çox vacibdir: "1938-ci ildə savaşın başlanacağı bilinirdi. O səbəbdən müdafiə xərcləri 100 faiz artırıldı, ancaq artıq çox gec idi. …Yaşayış tərzimizi qoruyub saxlamaq, Avropada sülhü qoruyub saxlamaq üçün bunu indi etməliyik".

Ancaq 2024-cü ildə NATO üzvlərinin 2/3-dən azı 2 faizlik maliyyələşdirmə öhdəliyini yerinə yetirib. Bu acı gerçək hələ prezidentliyi dönəmində Donald Trampı da qıcıqlandırırdı.

44 min nəfərlik ehtiyat ordu

2021-ci ildən bəri Estoniyaya rəhbərlik edən xanım Kallas hərbi çağırışı həm Rusiyanın qarşısının alınması, həm də hücum baş verərsə, daha güclü müdafiənin ayrılmaz hissəsi sayır: "Bizim 44 min nəfərlik ehtiyat ordumuz var. Bu, Böyük Britaniya üçün iki milyon nəfərə yaxın adam deməkdir. Öz ölkələrini qorumağa hazır olan və nə etməli olduğunu bilən iki milyon adam. …Biz müstəqilliyimizi və azadlığımızı bir dəfə itirmişik və yenidən itirmək istəmirik. Belə bir söz var: azadlığı və onun mənasını azadlığın olmayanda anlayırsan".

Estoniya prezidenti Alar Karis və hərbçilər Estoniya Müdafiə Qüvvələrinin ən böyük illik təlimi olan "Bahar Fırtınası 2023" təlimləri zamanı şəkil çəkdirirlər.
Estoniya prezidenti Alar Karis və hərbçilər Estoniya Müdafiə Qüvvələrinin ən böyük illik təlimi olan "Bahar Fırtınası 2023" təlimləri zamanı şəkil çəkdirirlər.

Estoniya paytaxtı hər il keçirilən Tallin Musiqi Həftəsinə hazırlaşır. Səhnəyə çıxacaq qruplar arasında ölkənin cənub-qərbində yerləşən sahil şəhəri Pernuda yaranmış dördnəfərlik "The Boondocks" rok qrupu da var. "Smokin' Aces" adlı mahnıda qrupun 25-yaşlı solisti Villem Sarapuu "I'm not a soldier" (Mən əsgər deyiləm) sözlərini oxuyur.

Ancaq o da iki ay ərzində hər səhər hərbi xidmətin yükünü çəkib.

"Hər şeydən əvvəl, mən bunu etməyi heç istəmirdim", - deyə o etiraf edir.

"Hamıdan və dünyadan təcrid olunursan, ancaq hələ də Tallindəsən. Qəribə bir gözləmə dövrüdür", - yenə onun sözləridir.

Villem ilkin fiziki təlimdən sonra qalan altı ayını hərbi orkestrdə keçirib və Müstəqillik Günü paradında yer alıb.

"Gerçək xidmət çəkən dostlarım mənə gülürlər. Yaxşı anlamda. Ancaq mən də eyni şeyi edirdim: bu da ölkəni təmsil etməkdir. Mütləq səngərlərdə olmalı deyilsən ki", - Villem belə deyir.

"Yoxsa ölkə artıq mövcud olmayacaq"

Qrupun digər üzvü, 28 yaşlı Hendrik Tamberq vicdani səbəblərdən hərbi xidmətdən boyun qaçırıb, əvəzində də düz bir il ruhi xəstəlikdən əziyyət çəkən yetkin insanlara qulluq göstərib.

"Buna gerçəkdən dəyər. Ancaq sıx meşələrdən keçən adamların dostluğu mənə qismət olmadı. Özümü nəyisə əldən çıxarmış kimi hiss etdim", - onun sözləridir.

"İnsanların azad iradəsi haqda düşünəndə hərbi xidmət insanları məcbur etmək üçün o qədər də yaxşı şey deyil. Ancaq Estoniya kimi yetərincə balaca ölkədən ötrü …insanları bu işə cəlb etmək tamamilə zəruridir, yoxsa ölkə artıq mövcud olmayacaq", - Villem belə deyir.

XS
SM
MD
LG