Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Ukrayna parlamenti səfərbərlik qanununu qəbul etdi


Ukrayna ordusu
Ukrayna ordusu

Ukrayna parlamenti – Verxovna Rada ikinci və son oxunuşda səfərbərlik haqqında qanunu qəbul edib.

Xəbər verilir ki, qanunun leyhinə 283 deputat səs verib. Bunlar əsasən hakim “Xalqın xidmətçisi” partiyasının nümayəndələri və başqa deputatlardır.

Müxalif “Avropa həmrəyliyi” və “Batkivşina” partiyaları qanun layihəsinin əleyhinə səs veriblər.

Radada ötən dekabrdan bəri müzakirədə olan bu qanunun qəbulu üçün 226 səs tələb olunurdu.

Bu da qeyd olunur ki, son anda qanun layihəsindən üç illik xidmətdən sonra tərxisə dair norma çıxarılıb.

Xəbər verilir ki, bu normanın qanun layihəsindən çıxarılmasını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski rica edib.

Qərara alınıb ki, tərxis haqqında ayrıca qanun layihəsi hazırlansın.

İki sutka müzakirə edilib

Son iki sutka ərzində Verxovna Rada qanun layihəsinə az qala 4 minədək düzəlişi nəzərdən keçirib.

İndi sənəd prezident Volodimir Zelenski tərəfindən imzalanmalıdır. Qanun bundan bir ay sonra qüvvəyə minəcək.

Hakimiyyət və hərbiyyə nümayəndələri bütün hərbi mükəlləfiyyəti olanların qeydiyyata alınması, səfərbərlikdən mümkün azadedilmələrin dəqiqləşdirilməsi və nəhayət Rusiya ilə müharibədə verilən itkilərin yerinin doldurulması üçün bu qanunun zəruri olduğunu bildirirdilər.

Bu da xəbər verilirdi ki, Silahlı Qüvvələrin komandanlığı orduya 500 minədək adamın cəlb olunmasında israr edir.

Bunun ardınca hakimiyyət mümkün səfərbərlik üçün daha kiçik rəqəm təqdim edib.

18 yaşdan 60 yaşadək

Qanun 18 yaşdan 60 yaşınadək kişi cinsindən olan bütün şəxslərin hərbi qeydiyyatdan keçmələrini tələb edir.

Bu həm də xaricdə yaşayan ukraynalılara aiddir. Qeyd olunur ki, hərbi qeydiyyat sənədi olmayanlara konsul xidmətləri göstərilməyəcək.

Yeni qanuna görə vətəndaşlar çağırışçılar üçün elektron kabinet hazırlamalıdırlar ki, hərbi komissarlıqlar bunun vasitəsilə elektron çağırışları göndərə bilsinlər.

Qanunda çağırışdan bir sıra güzəşt və azadolunmalar nəzərdə tutulur. Qanuna görə müddətli hərbi xidmət bir neçə ay davam edən baza hərbi hazırlığı ilə əvəz edilir.

Bu təlimi keçməyənlər və orduya çağırılmayanlar dövlət qulluğunda və ya polisdə işləyə bilməzlər. Səfərbərlik üzrə çağırış yaşı bundan əvvəl 27 yaşdan 25 yaşa endirilmişdi.

Xidmətdən möhlət, əlillər və könüllülər

Yeni qanun səfərbərlikdən yayınanların hüquqlarını məhdudlaşdırır. Məsələn onları sürücülük vəsiqəsindən məhrum edə bilərlər. Ordudan yayınmaya görə cərimələrin məbləğləri artırılır.

Ordudan möhlət və ya güzəşt yalnız əlilliyi olan şəxslərə verilir. Amma qeyd olunur ki, əlilliyi müharibədən əvvəl təyin edilmiş şəxslər təkrar tibb komissiyasından keçməli olacaqlar.

Bundan başqa ordudan möhlət üç və daha çox azyaşlı uşağın atası olanlara, hüquq-mühafizə orqanları əməkdaşlarına, deputatlara və onların ikidən çox olmayaraq köməkçilərinə, ilk təhsilini alan tələbə və aspirantlara, elmi və pedaqoji sahələrdə çalışanlara verilir.

Yeni qanuna görə məhbusluqdan şərti və vaxtından əvvəl azad edilmiş şəxslər könüllülük əsasında orduya yazıla bilərlər. Belə bir hüquq 25 yaşına çatmış və ilkin hərbi hazırlıq xidmətini keçmiş gənclərə də verilir.

Ukraynada hərbi vəziyyət 2022-ci ilin 24 fevralından – Rusiyanın tammiqyaslı müdaxiləsinin başlandığı gündən qüvvədədir. Elə həmin gündən ölkədə səfərbərlik başlanıb. 18 yaşından 60 yaşınadək olan kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Rusiyada vəziyyət necədir

Hakimiyyətin rəyinə görə mövcud qanunvericilik aktları səfərbərlik prosesini səmərəli şəkildə təşkil etmək imkanı vermirdi. Çox sayda vətəndaşın çağırış vərəqlərini qəbul etməkdən boyun qaçırdığı deyilirdi.

Qanun müəlliflərinin fikrincə yeni sənəd çağırışın dəqiq qaydalarını ehtiva edir və ordudan yayınmaya görə məsuliyyəti sərtləşdirir.

Rusiyaya gəlincə isə burada 2022-ci ilin sentyabrından elan edilmiş qismən səfərbərlik rejimi qüvvədədir. Hazırda səfərbərliyə çağırış keçirilmir. Hakimiyyət bildirir ki, hərbi müqavilə üzrə xidmətə kifayət sayda vətəndaş gəlir.

Bu da qeyd olunmalıdır ki, Ukraynaya müdaxilədə iştirak edən Rusiya ordu qrupunun tərkibi son bir ildə 15 faiz artıb.

Bu barədə məlumatı ABŞ Konqresində keçirilən dinləmədə Avropadakı NATO qüvvələrinin baş komandanı Kristofer Kavoli verib.

Onun sözlərinə görə Rusiya ön cəbhədə olan qoşunlarının sayını 360 mindən 470 min nəfərə çatdırıb.

XS
SM
MD
LG