Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:29

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun da adı hallanır


Rəfael Əliyev
Rəfael Əliyev

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş maliyyə naziri, 145 milyon manata yaxın yeyintidə suçlanan Rəfael Əliyev özünü qismən təqsirli bilir. Deyir ki, istər 2020-ci ilədək Naxçıvan MR-in Gömrük Komitəsində çalışdığı dövrdə, istərsə nazir vəzifəsini tutanda maaşından əlavə paketdə pul alıb. Onun sözlərinə görə, Naxçıvan MR Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə hər ay maaşından əlavə, ayrıca zərfdə ona min 500 manat verilirmiş. Nazir olduğu dövrdə isə aylıq rəsmi maaşı 2 min 300 manat, paketdə aldığı pulun məbləği 15 min manat olub.

"Hər ay 15 min manatı Seymur Talıbov mənə sürücüsü vasitəsilə göndərirdi", - R.Əliyev aprelin 15-də öz məhkəməsində belə deyib.

Keçmiş nazirin işinə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılır

R.Əliyev nazir olandan sonra Gömrük Komitəsində onun vəzifəsini tutmuş Mansur Əsgərov ilə birlikdə mühakimə edilir. Onlar 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi əməliyyatlarda həbs olunsalar da, bir müddət öncə azadlığa buraxılıblar.

Aprelin 15-də öncə prokuror ittiham aktını açıqlayıb. İttihamda Naxçıvan MR Gömrük Komitəsində 2016-2022-ci illərdə yeyinti və korrupsiyadan, eləcə də R.Əliyevin maliyyə naziri olduğu dövrdəki mənimsəmələrdən söz açılır.

R.Əliyevə 144 milyon manatlıq ittihamın 3 milyondan bir qədər çox hissəsi onun çalışdığı iki ilə aiddir. İddia olunur ki, müxtəlif dövlət strukturlarında mənimsənilən vəsaitin 10 faizi Maliyyə Nazirliyinə çatıb. Bu üzdən, nazirlik də dövlət orqanlarındakı on milyonlarla manat yeyintiyə göz yumub.

Məhkəmə ifadəsində R.Əliyev öncə Gömrük Komitəsindəki fəaliyyətindən danışıb və bu sistemdə 2009-cu ildən işə başladığını söyləyib.

"Mənə gətirilib verilən pullar arasında həm dollar olurdu, həm də manat"

Onun sözlərinə görə, gömrükdə həm böyük yük üçün ödəniş alınırdı, həm də sərnişinlərin gətirdiklərindən. Sərnişin və yük şöbələri ayrı olduğundan hər istiqamət üzrə toplanmış vəsait də həmin şöbənin rəhbərinə çatdırılırdı. R.Əliyev bildirib ki, şöbə rəisləri də öz növbələrində pulu idarə rəisinə verirdi. Son nəticədə isə toplanan pullar Gömrük Komitəsi sədrinə çatırdı.

"Mənə gətirilib verilən pullar arasında həm dollar olurdu, həm də manat. Manatları da dollara çevirib komitənin sədrinə verirdim", - R.Əliyevin sözləridir.

Nazir vəzifəsinə təyin olunandan sonra baş verənlərə gəlincə, o deyir ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. S.Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən R.Əliyev deyir ki, bu göstərişə də əməl edilib.

Sabiq nazirə qarşı ittihamlardan biri də nazirlikdə dövlət qulluqçusu statusu olmayan əməkdaşlara da əlavə maaş yazılmasıdır. Bu yolla 100 min manata yaxın büdcə vəsaiti israf olunub. Bu ittihamla razılaşmayan R.Əliyev deyir ki, həmin maaş məbləğləri o, nazir təyin olunmazdan öncə müəyyənləşdirilmişdi.

"Alınan pullardan mənə heç nə çatmırdı"

Digər təqsirləndirilən Mansur Əsgərov isə 138 milyon manatın mənimsənilməsində iştirakda suçlanır. O, 20 ildən çox Gömrük Komitəsində çalışıb.

Onun sözlərinə görə, 2020-ci ildə R.Əliyev nazir postuna gedəndən sonra onun əvəzinə Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə təyin olunanda Gömrük Komitəsinin sədri onu qəbul edərək toplanan vəsaitin çatdırılma qaydasını söyləyib.

Əvvəlki vəzifələrində maaşdan əlavə paketdə 500 manat pul aldığını deyən M.Əsgərov danışıb ki, komitədə yeni təyinatından sonra paketdəki məbləğ 3 min manata qalxıb: "Alınan pullardan mənə heç nə çatmırdı. Hamısı komitə sədrinə çatırdı. Mənə paketdə yalnız 3 min manat verilirdi. Gətirilən pullar həm dollarla, həm də manatla olurdu. Manatı Nurlana verirdik, dəyişib gətirirdi. O, "Badamlı"da işləyirdi...".

Sabiq məmurların məhkəməsi mayın 2-də davam edəcək.

R.Əliyev və M.Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə suçlanırlar. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Naxçıvandakı əməliyyatlar nəticəsində milyonlarla manat yeyinti ittihamı ilə həbs olunub bir müddət DTX-nın istintaq təcridxanasında saxlandıqdan sonra azadlığa buraxılanlar arasında Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

General-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir.

Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. Bugünlərdə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.

2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov eyni zamanda Naxçıvan MR ədliyyə nazirinin müavini idi.

XS
SM
MD
LG