Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:32

Blinken: 'Tərəflər sülh razılaşmasını əldə etməyə yaxındır'


C.Bayramov, A.Blinken və A.Mirzoyan
C.Bayramov, A.Blinken və A.Mirzoyan

İyulun 10-da Vaşinqtonda ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş keçirilib.

Rəsmi məlumata görə, NATO75 Sammiti çərçivəsində görüşdə Ceyhun Bayramovla Ararat Mirzoyan ölkələri arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar aparıb.

Üçtərəfli görüş
Üçtərəfli görüş

"İrəliləyişləri nəzərdən keçirmək üçün fürsət"

A.Blinken görüşü açarkən deyib ki, iki ölkə danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları yönündə vacib işlər görüblər. ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Məlumatı rəsmi AZƏRTAC agentliyi yayıb.

“Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunmasından ötrü nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.

Eyni mətn

Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri görüş barədə sözbəsöz eyni mətndən ibarət açıqlama yayıblar.

"Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar", -- açıqlamada deyilir.

+++

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun zirvə görüşündə iştirak etmək üçün iyulun 9-da Birləşmiş Ştatlara gedib.

Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər də keçiriləcək.

Sammitə dəvət haqda iyunun 28-də Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen məlumat vermişdi. Tədbirə ümumilikdə 30 tərəfdaş ölkə qatılacaq.

Zirvə görüşündə Ermənistanın xarici işlər naziri də iştirak edəcək.

Sammit iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Xatırlatma

Azərbaycan-NATO əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG