Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

İranda ötən həftəsonu 8 nəfərin edam edildiyi xəbər verilir


İnsan haqları qrupları bildirirlər ki, İran hakimiyyəti ötən həftəsonu 8 nəfəri edam edib.

Şərhçilər deyirlər ki, bu hadisə prezident seçkisi ərəfəsində demək olar dayandırılmış edamların yenidən arta biləcəyindən narahatlıq yaradır.

İnsan haqları təmayüllü HRANA xəbər agentliyi bildirir ki, bir Əfqanıstan vətəndaşı da daxil dörd nəfər iyulun 21-də Kərəcdəki Qezel Hasar həbsxanasında asılaraq edam edilib.

Xəbərdə qeyd olunur ki, onlar narkotiklərlə bağlı cinayətlərdə ittiham olunurdular.

İnsan haqları qrupları bunu da vurğulayırlar ki, İranda əfqanların edamları kəskin artıb, çünki onların bir çoxunun məhkəmələri ədalətli olmayıb.

Ayrıca olaraq Osloda mənzillənmiş İran İnsan Haqları təşkilatı xəbər verir ki, iyulun 20-də Şiraz həbsxanasında biri qadın olmaqla dörd nəfər edam olunub. Onlardan üçü qətlə, biri isə zorlamaya görə məhkum edilib.

Pezeşkiana çağırış

Bu ayın əvvəllərində İran İnsan Haqları təşkilatı bildirmişdi ki, 2024-cü ilin son altı ayı ərzində edamların sayı 30 faiz azalıb. Lakin təşkilat xəbərdarlıq edirdi ki, edamlar növbədənkənar prezident seçkisindən sonra kəskin arta bilər.

İslahatyönlü hüquqşünas Məsud Pezeşkian prezident seçkisinin iyulun 5-də keçirilən ikinci turunda ifrat mühafizəkar Səid Cəliliyə qalib gəlib.

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı iyulun 15-də Pezeşkianı İranda artmaqda olan edamlarla mübarizəyə çağırmışdı.

İyulun 22-ə olan məlumata görə bu il İran həbsxanalarında azı 268 nəfər edam edilib. İran İnsan Haqları təşkilatı bunun təxminən yarısının narkotiklərlə bağlı ölüm cəzasına məhkum edildiyini bildirir.

Amnesty International bildirir ki, İran 2023-cü ildə 853 edam icra edib. Bunların da 481 nəfəri narkotiklərə görə məhkum edilmişdi.

İran hakimiyyəti edamların dəqiq statistikasını açıqlamadığına görə beynəlxalq və İran insan haqları qrupları media kimi açıq mənbələrə istinadla sənədləşdirmə aparırlar.

XS
SM
MD
LG