Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Ermənistan Hindistanın ən böyük silah müştərisinə çevrilir?


Hindistan istehsalı Pinaka raket sistemi
Hindistan istehsalı Pinaka raket sistemi

Bəzi xəbərlərə görə Hindistan hökuməti bildirib ki, Ermənistanın Hindistanın silah istehsalçıları ilə son bir neçə ildə imzaladığı müqavilələrin ümumi dəyəri 600 milyon dollara çatıb.

Rusiyanın TASS xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla yazır ki, Ermənistan bu ölkənin silah istehsalçıları ilə Pinaka zenit-raket sistemlərinin və Akash antitəyyarə qurğularının alınmasına dair müqavilələri imzalamaqla Hinsdistan silahının ən böyük idxalçısına çevrilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazır ki, Indian Aerospace Defense News saytı 2024-2025-ci illər üçün 600 milyon dollar rəqəmini təsdiqləsə də, müqavilələrin təfərrüatlarına varmayıb.

Azatutyun qeyd edir ki, Qarabağda 2020-ci il müharibəsindən bəri Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib.

Bəzi məlumatlara görə milyonlarla dollarlıq kontraktlarda təkcə Pinaka sistemlərinin deyil, haubitsaların, tank əleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub.

Təkcə silah alış-verişi deyil

Hindistanın müdafiə mövzularında xəbərlər yayan bir saytı ötən sentyabrda yazmışdı ki, Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır. Bu da xəbər verilirdi ki, onlardan 6-sı artıq Ermənistana çatdırılıb.

Azatutyun yazır ki, bu ilin may ayında Yerevanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan “müdafiə məsləhətləşmələri” keçirilib.

Bu da qeyd olunur ki, tərəflərin yaratdığı “işçi qrup” 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır.

Yerevanla Nyu Delhi arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən “taktiki məşqlər” və “təcrübə mübadiləsi” daxildir.

Azatutyun yazır ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb.

Bundan başqa Ermənistan rəsmiləri 44 günlük müharibədə həm də Moskvanı mövcud kontraktlara baxmayaraq Yerevana lazımi qədər silah verməməkdə ittiham edir.

Silah kontraktları

2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.

2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. Yerevanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. Papikyan Parisdə fransalı həmkarı Sebastyan Lekornyu (Sebastien Lecornu) ilə Fransadan yaxınmənzilli "yer-hava" raketləri alınması üzrə Niyyət Məktubu da imzalayıb.

Yerevan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Yerevan ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG