Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:36

Hizbullah lideri deyir ki, İran Haniyənin qətlinə cavab verməyə ‘borcludur’


Beyrutda Nəsrullahın çıxışı yayınlanan böyük küçə ekranı
Beyrutda Nəsrullahın çıxışı yayınlanan böyük küçə ekranı

Livanda mənzillənən və İran tərəfindən dəstəklənən Hizbullah qruplaşmasının lideri Seyid Həsən Nəsrullah deyib ki, İsrailin son hərəkətləri “güclü və səmərəli” cavab almadan qalmamalıdır.

Birləşmiş Ştatlar tərəfindən terrorçu təşkilat kimi tanınan Hizbullah və İsrail atıq aylardır ki, sərhəd üzərindən qarşılıqlı hücumlar edirlər.

İyulun 27-də İsrail tərəfindən işğal edilmiş Qolan təpələrinə Livandan endirilmiş raket zərbəsi 12 gənc və uşağın ölümü ilə nəticələnib.

Beyrutda Hizbullahın hərbi komandirlərindən Fuad Şukrun raket zərbəsindən ölməsi və HƏMAS təşkilatının siyasi lideri İsmayıl Haniyənin qətli gərginliyi daha da artırıb.

Tehran Hizbullahın əsas müttəfiqidir və İranın “müqavimət xətti” adlandırdığı şəbəkənin əsas üzvü sayılır. İsrail və ABŞ-a qarşı çıxan “müqavimət xəttinə” İranın dəstək verdiyi başqa təşkilatlar və proksilər də daxildir.

İran Hizbullahdan həm də İsrail və ya ABŞ-ın mümkün hücumundan çəkindirici faktor kimi istifadə edir.

Nəsrullah avqustun 6-da televiziya ilə yayınlanan çıxışında deyib ki, “Tehran cavab verməyə borcludur və düşmən bunu böyük qorxu içində gözləyir”.

O əlavə edib ki, Hizbullah, “nəticəsindən asılı olmayaraq hücumlara təkbaşına və ya İranın regionda dəstəklədiyi qruplarla birlikdə cavab verəcək”.

Heç kim müharibə istəməsə də...

Ekspertlər deyirlər ki, heç bir tərəf regionda tammiqyaslı müharibə istəmir.

Hizbullah adətən İsrail hədəflərinə hücumlarının məsuliyyətindən çəkinmir, lakin Qolan təpələrində gənclərin və uşaqların ölümü ilə nəticələnmiş raket zərbəsinə görə məsuliyyət daşıdığını inkar edib.

İsrail isə Şukr və ya Haniyənin ölümü üçün üzərinə heç bir məsuliyyət götürməyib.

Almaniyadakı Beynəlxalq Təhlükəsizlik İnstitutunun eksperti Həmidrza Əzizi bu yaxınlarda AzadlıqRadiosuna demişdi ki, əgər müharibə başlasa, “müqavimət xəttinin” üzvləri böyük bir ehtimalla İsrail üzərinə hücumlarını intensivləşdirəcəklər.

Ekspert əlavə etmişdi ki, onlar habelə Vaşinqtonu İsrailin “ipini çəkməyə” məcbur etmək məqsədilə regiondakı ABŞ qoşunlarını və bazalarını da hədəfləyə bilərlər.

ABŞ-ın dövlət katibi Antoni Blinken avqustun 5-də regionda yaranmış vəziyyəti “kritik an” adlandırıb və deyib ki, Vaşinqton İranın Haniyənin ölümünə görə İsrailə zərbə endirə biləcəyi ehtimalının yaratdığı gərginliyi sakitləşdirmək üçün “fasiləsiz diplomatiya” ilə məşğuldur.

XS
SM
MD
LG