Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Putin Paşinyana Əliyevlə danışıqları barədə məlumat verib


Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətində Ermənistan və Azərbaycana sülh müqaviləsinin imzalanmasında, habelə sərhədin delimitasiyasında kömək edə biləcəyinə dair təklifini bir daha təkrar edib.

Putin Moskvanın bu məsələdə kömək edə biləcəyini avqustun 19-da Bakıya səfəri zamanı səsləndirmişdi.

O, Bakıda prezident İlham Əliyevlə görüşündə bildirmişdi ki, Azərbaycan paytaxtında apardığı müzakirələrin nəticəsi barədə Paşinyana məlumat verəcək.

Kremlin bu barədə məlumatında deyilir ki, Putin və Paşinyan telefon söhbəti zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

Məlumatda deyilir ki, Putin Rusiyanın iki ölkəyə sülh müqaviləsi danışıqlarında, sərhədin delimitasiya və demarkasiyası prosesində, habelə regionda nəqliyyat və logistika bağlarının blokdan çıxarılmasında kömək etməyə hazır olduğunu bildirib.

Yerevan söhbət haqqında çox qısa məlumat verib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan baş naziri ofisinin mətbuat xidmətinin qısa məlumatına görə Paşinyan Putinə Bakıya səfərinin “təəssüratlarını bölüşdüyünə görə” təşəkkürünü bildirib.

Yerevanın rəsmi məlumatında söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə olunması qeyd edilmir.

Məlumatda bu da bildirlir ki, iki lider tezliklə görüşərək Rusiya və Ermənistan arasında ikitərəfli gündəliyin müzakirəsi olunması barədə razılığa gəliblər.

Azatutyun xatırladır ki, Rusiya son bir ildə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarında vasitəçiliyini bərpa etmək istəyini dəfələrlə bildirib. Ermənistan Azərbaycandan fərqli olaraq Rusiyanın bu təşəbbüslərinə cavab vermir və Qərbə doğru meyllənməsini davam etdirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin Bakıya səfər etdiyi gün verdiyi bəyanatla Moskva və Yerevan arasında növbəti söz çəkişməsinin qızışmasına rəvac vermişdi.

Lavrov demişdi ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Naxçıvan arasında nəqliyyat yolunun açılmasını nəzərdə tutan razılaşmanı məhz Paşinyan hökuməti “sabotaj” edir.

Lavrova sərt cavab verilmişdi

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan avqustun 20-də demişdi ki, Lavrov Rusiyanın Ermənistan-Azərbaycan sülh danışıqlarındakı guya “konstruktiv rolunu” sual altında qoyur.

Badalyan vurğulamışdı ki, rusiyalı nazir həmin razılaşmanın (üçtərəfli bəyanatın-red) pozulmayan bir bəndinin də qalmamasını görməzliyə vurur:

“Biz habelə inanırıq ki, Rusiya xarici işlər naziri Ermənistanın açıqlanmış sənədlərdən başqa hər hansı başqa razılaşmaya tərəf olmadığını və bu səbəbdən nəyisə sabotaj edə bilməyəcəyini də yaxşı bilir”.

Azatutyun yazırdı ki, Ermənistan və Azərbaycan ən azı indiyədək sərhədlərinin ticarət və səyahətə açılmasının mexanizmləri barədə razılığa gəlməyiblər.

Badalyan Moskvanı Qərb tərəfindən dəstəklənən layihəni və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün daha geniş səyləri “qərəzli bəyanatlarla” sabotaj etməməyə çağırmışdı.

Rusiya israr edir ki, üçtərəfli bəyanata görə Azərbaycan və Naxçıvan arasında kommunikasiyalara Rusiya sərhədçiləri nəzarət etməli idilər.

Yeri gəlmişkən Bakı son bəyanatlarında sözü gedən kommunikasiyanın açılması məsələsinin sülh müqaviləsi layihəsindən çıxarılmasına razılıq verdiyini bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Rusiya sülhməramlıları Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılıb.

XS
SM
MD
LG